· Təəssürat · Yerli memarlar

Zivər bəy Əhmədbəyov

Hər memara layihələndirdiyi binanın qarşısında heykəl ucaldılması nəsib olmur. Bəs bu şöhrətin və yaradıcılığın arxasında necə bir həyat dayanırdı?

Azərbaycanın ilk diplomlu memarı Zivər bəy Əhmədbəyovun həyatına nəzər salanda, şəhərə öz imzasını qoymuş bir memarla yanaşı, taleyi yarımçıq qalmış bir insan görürük.

Təhsili

Zivər bəy Əhmədbəyov 1873-cü ildə Şamaxı şəhərində anadan olub. Orta təhsilini də burada aldıqdan sonra təhsilini davam etdirmək üçün Bakıya gəlib və gimnaziyada oxuyub.

Gimnaziyada istedadlı və çalışqan tələbələrdən biri kimi tanınan Zivər bəy 1893-cü ildə Sankt-Peterburq Mülki Mühəndislər İnstitutuna daxil olur. Burada təhsil alması üçün ona milyonçu Şəmsi Əsədullayev maddi dəstək göstərir. Dövrünün nüfuzlu təhsil ocaqlarından biri olan bu institutda əsasən imkanlı ailələrin övladları təhsil alırdı.

Zivər bəy burada da fəal, bacarıqlı tələbə kimi ad çıxarır və Sankt-Peterburqda fəaliyyət göstərən Rusiya Memarlıq və Zərif Sənətlər İttifaqına üzv seçilir.

Tələbə ikən o, Sankt-Peterburqda Həsən bəy Zərdabi və İsmayıl bəy Qaspıralı ilə görüşür. Bu görüş onun həyatında dərin iz buraxır. Həsən bəy onun dərin zəkalı, açıq fikirli bir gənc olduğunu vurğulayır, işinə böyük dəyər verir, fəaliyyətini Bakıda davam etdirməyi məsləhət görür.

Zivər bəyin Həsən bəyə yazdığı məktubda bu görüşün onda yaratdığı təəssüratı hiss etmək mümkündür:

“Sizinlə olan görüşüm hələ də xatirimdədir. Mənə vermiş olduğunuz töhfəni əsla unutmayacağam. İnanıram ki, ən qısa zamanda görüşəcəyik”.

Fəaliyyəti

Zivər bəy ali təhsilini 1902-ci ildə başa vuraraq Bakıya qayıdır. Qısa müddət ərzində şəhərin tanınmış memarlarından birinə çevrilir. Bakı qubernatoru və şəhərin imkanlı təbəqəsinin nümayəndələri üçün şəxsi malikanələrin layihələrini hazırlayır.

1918-ci ildə, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı həmin ildə Zivər bəy Bakı şəhərinin baş memarı təyin edilir.

Əjdər bəy məscidi

Zivər bəyin fəaliyyətində məscid layihələri də xüsusi yer tuturdu. Bu layihələrdən biri Əjdər bəy Aşurbəyovun təşəbbüsü ilə həyata keçirilir. Xeyriyyəçi kimi tanınan Əjdər bəy şəhərdə məscid tikdirmək qərarına gəlir və bunun üçün əvvəlcə uyğun ərazi axtarır. Nəhayət, o dövrdə Qanlı təpə adı ilə tanınan ərazi seçilir.

Məscidin layihəsini hazırlamaq Zivər bəy Əhmədbəyova həvalə olunur. Memar bu layihədə Şərq memarlığının mühüm nümunələrindən ilhamlanır. Məkkədəki Kəbənin və Kərbəladakı məscidlərin bəzi memarlıq elementlərindən istifadə edərək özünəməxsus bir kompozisiya yaradır.

Hazırlanan layihəni Əjdər bəy də bəyənir və beləliklə, bu gün Göy məscid kimi tanınan Əjdər bəy məscidinin tikintisinə başlanılır. Məscid 1912–1913-cü illərdə tikilərək istifadəyə verilir.

Əjdər bəy məscidi
Əjdər bəy məscidi

Əbülfəzlil Əbbas məscidi

1902-ci ildə Göyçay şəhərinin mərkəzində inşa edilən Əbülfəzlil Əbbas məscidinin layihəsini də Zivər bəy Əhmədbəyov hazırlayıb. Əvvəllər bu ərazidə kiçik, palçıqdan tikilmiş bir məscid olub. Lakin 1896-cı ildə həmin tikili dağıdılıb və onun yerində yeni məscid inşa edilib.

Murtuza Muxtarov məscidi və ya Qoşaminarəli məscid

Məscidin tikintisinə 1901-ci ildə yerli əhali tərəfindən başlanır. Lakin vəsait çatışmazlığı səbəbindən tikinti yarımçıq qalır. Bundan sonra neft milyonçusu Murtuza Muxtarov məscidin tikintisini öz üzərinə götürür və bina 1908-ci ildə Zivər bəy Əhmədbəyovun layihəsi əsasında tamamlanır.

Məscid iki hündür minarəsi ilə seçilir. 47 metr hündürlüyündəki qoşa minarə tikilinin əsas memarlıq xüsusiyyətlərindən biridir.

Məscidin Murtuza Muxtarov üçün də xüsusi əhəmiyyəti olub. O, burada namaz qılar, dua edərdi və məscidə İstanbulda xüsusi sifarişlə hazırlanmış Quran hədiyyə etmişdir. Məsciddə hazırda da saxlanıldığı bildirilən bu Quranın təxminən 25 kiloqram ağırlığında olduğu və üzərindəki Allah kəlmələrinin qızıl suyu ilə yazıldığı qeyd olunur.

Sovet dövründə məscidin fəaliyyətinə son qoyulur. Bir müddət toxuculuq sexi kimi istifadə edilən bina 1985–1988-ci illərdə Səttar Bəhlulzadənin sərgi salonuna çevrilir. 1989-cu ildən isə yenidən ibadət üçün istifadəyə verilir.

“Səadət” məktəbi

Bakının Çəmbərəkənd ərazisində yerləşən oğlanlar üçün “Səadət” məktəbi 1912–1913-cü illərdə inşa edilmişdir. Məktəb dövrünün digər təhsil binalarından özünəməxsus planlaşdırması və memarlıq həlli ilə seçilirdi. Binanın memarlığında Azərbaycan və Şərq motivlərindən istifadə olunmuş, əsas fasad daha təmtəraqlı işlənmişdir. Uğurlu həcm-məkan həlli, memarlıq detallarının ahəngi və yerli üslub xüsusiyyətləri “Səadət” məktəbini dövrünün diqqətçəkən ictimai binalarından birinə çevirmişdir.

Ölümü

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dağılandan sonra bir çox ziyalılar kimi Zivər bəy Əhmədbəyovun da həyatı rahat keçmir.

Ətrafındakı ziyalıların, dost-tanışlarının çoxu öldürülmüş, həbsə atılmış, bir qədər bəxti gətirənlər isə böyük əzab-əziyyətlərlə ölkə xaricinə gedib qürbətdə məskunlaşa bilmişdilər.

Zivər bəy baş verənləri görür, qətl və ya həbs növbəsinin tezliklə ona da çatacağını anlayırdı. Və bu təzyiqlərə dözə bilməyib 1925-ci ilin 16 fevral günü Çəmbərəkənddə yerləşən evində səhər saatlarında tapançadan atəş açmaqla özünə qəsd edir. Dünyadan köçəndə cəmi 52 yaşı vardı.

O dövrdə Azərbaycanda milli ziyalıları sıradan çıxarmaq siyasəti gedirdi. Baş verən hadisələri Fransada kədərlə izləyən Topçubaşov martda Rəsulzadəyə kədərli xəbəri çatdırır.

O yazırdı: “Zivər bəy Əhmədbəyovun özünü öldürməsi xəbəri məni son dərəcə kədərləndirdi. Təəssüf ki Zivər bəy Əhmədbəyovun belə faciəvi sonluğuna nəyin səbəb olduğunu bilmirik.”

Uzun illər Bakının baş memarı olmuş Zivər bəy Əhmədbəyovun intiharının səbəbini araşdıran Məhəmməd Əmin Rəsulzadə isə cavab məktubunda belə yazır: Zivər bəyin özünə qəsd etməsinin səbəbini öyrəndim. Onu Bakıda bir neçə dəfə həbs edib, sonra buraxıblar. Axırıncı dəfə tutulanda fasilə vermədən istintaq altında saxlayıblar. İşgəncə veriblər. Zivər bəy bütün bu haqsızlıqlara dözməyib və özünü öldürüb. Özünə qəsd etməzdən əvvəl kiçik bir qeyd yazıb. O, Baba Əliyevə və Mircəfər Bağırova ünvanladığı həmin kağızda cəmi bir cümlə yazıb: «Sevinin ki, daha bir müsəlman-ziyalı sıradan çıxdı».

Ölümündən sonra Çəmbərəkənd qəbiristanlığında dəfn olunan Zivər bəyə məzarda da rahatlıq vermədilər. 1931-ci ildə hökumətin qəbul etdiyi qərarla Çəmbərəkənd qəbiristanlığı dağıdıldı. Məzarların yerində Dağüstü park salındı. Zivər bəyin yeganə övladı Firəngiz xanım atasının məzarını indiki Fəxri xiyaban ərazisinə köçürsə də, bir neçə ildən sonra Fəxri xiyabanın salınması ilə əlaqədar köhnə qəbiristanlıq alt-üst edildi və Zivər bəy Əhmədbəyovun məzarı itərək torpağa qarışdı.

2011-ci ilin mayında Bakıda “Nizami” metro stansiyasının qarşısında Zivər bəy Əhmədbəyov adına park salınıb və heykəli ucaldılıb.