Yaxçal

Texnologiyanın inkişafından əvvəl isti və quraq iqlimdə yaşayan insanlar üçün buz əldə etmək olduqca çətin idi. Qədim İranda buzun hazırlanması və aylarla qoruna bilməsi üçün maraqlı memarlıq quruluşundan istifadə olunmuşdu, Yaxçaldan.

Fars dilindən tərcümədə Yaxçalın hərfi mənası “buz çuxuru” deməkdir. Bu tikililər buzun hazırlanması, saxlanması və isti aylarda istifadəsi üçün düşünülmüş xüsusi memarlıq sistemi idi.

Tarixi e.ə. IV əsrə qədər uzanan bu qurğulardan soyuducular geniş yayılana qədər, yəni 1960-cı illərə qədər, İranda buz hazırlamaq və saxlamaq üçün istifadə olunurdu.

Yüz illər əvvəl tikilmiş Yaxçal-ların bir çoxu bu gün də qorunub saxlanılıb. 2005-ci ildə İran Mədəni İrs Təşkilatı tərəfindən 56 Yaxçalqeydiyyata alınmışdı və onların dördü Səfəvilər dövrünə aid idi.

Buz necə hazırlanırdı?

Bəzi Yaxçalların yanında buz hazırlamaq üçün böyük, lakin dayaz hovuzlar yerləşirdi. Onların uzunluğu təxminən 100 metr, eni 10 metr, dərinliyi isə cəmi 40–50 santimetr ola bilirdi. Su bu hovuzlara əsasən qanatlar vasitəsilə gətirilirdi. Yeraltı kanallardan keçən su günəşin birbaşa təsirindən qorunur, daha sonra hovuzlara yönəldilirdi.

Hovuzların dayaz olması vacib idi: su gecə saatlarında daha tez soyuyur və temperatur kifayət qədər aşağı düşdükdə donaraq buz əmələ gətirirdi. Bunun üçün hovuzların üzərinə gün ərzində kölgə salan 10–15 metr hündürlüyündə divarlar da tikilirdi. Divarlar günəşin birbaşa təsirini azaldır və hovuzdakı suyun daha sərin qalmasına kömək edirdi.

Beləliklə, qanat suyu gətirir, dayaz hovuzlar onun donmasına şərait yaradır, hündür divarlar isə bu prosesi günəşdən qoruyurdu. Buz hazır olduqdan sonra Yaxçalındərin və sərin saxlama hissəsinə yerləşdirilirdi.

Divarlar niyə qalın idi?

Yaxçalınən diqqətçəkən xüsusiyyətlərindən biri onun divarlarıdır. İsti iqlimdə günəşdən gələn istiliyin daxilə keçməsini azaltmaq üçün qalın divarlardan istifadə olunurdu. Tikintidə istiliyin içəri keçməsinin qarşısını almaq üçün xüsusi, istilik keçirməyən məhlullardan da istifadə edilirdi.

Günbəz nə üçün lazım idi?

Yaxçalınuzaqdan ən asan seçilən hissəsi böyük günbəzidir. Bu hündür və günbəzvari konstruksiya böyük daxili həcm yaratmağa, saxlama məkanını günəşin birbaşa təsirindən qorumağa və isti havanın idarə olunmasına kömək edirdi.

Bəzi Yaxçal nümunələrində havanın hərəkətini təmin edən küləkqülləri də istifadə olunurdu (Badgir). Beləliklə, küləkdən passiv şəkildə faydalanmaq mümkün idi. Nəticədə, qışda yaradılan buz yay aylarına qədər qoruna bilirdi.

Buz yayda nə üçün lazım idi?

Yaxçalınsaxladığı buz içkilərin hazırlanmasında və müxtəlif qidaların qorunmasında istifadə edilirdi.

Bu gün soyuducunun bizə təqdim etdiyi rahatlıq üçün qədim İranda insanlar qış aylarında buz hazırlayır, onu aylarla qoruyur və isti yay günlərində istifadə edirdilər. Bir sözlə, bu gün gündəlik həyatımızın adi bir hissəsi olan rahatlıq üçün onlar əvvəlcədən aylarla hazırlıq görürdülər.