İranın Yəzd şəhəri
Memarlıq tarixini araşdırdıqca bizdən əvvəlki nəsillərin, iqlimin və ərazinin xüsusiyyətlərini nəzərə alaraq yaratdıqları həllərin nə qədər düşünülmüş olduğunu görmək mümkündür. Lakin bu təcrübəni keçmişin uğurlu nümunəsi kimi qiymətləndirməklə kifayətlənir, onun mahiyyətini müasir tikintidə tətbiq etməyə çalışmırıq.
Bakının ən yaralı tərəflərindən biri iqlimidir, xüsusilə də küləyidir. “Yaralı” deyəndə bugünkü vəziyyəti nəzərdə tuturam. Halbuki keçmiş nəsillər bu iqlimə uyğunlaşmağın yollarını tapmışdılar və həmin həllərin izləri hələ də gözümüzün qarşısındadır. İçərişəhərdə, Bayırşəhərdə, o dar dalanlarda gəzərkən yolların quruluşuna heç diqqət etmisiniz?
Bu gün tikinti zamanı ilk addımlardan biri ərazini vahid hündürlük səviyyəsinə gətirmək, torpağı tikintiyə uyğunlaşdırmaqdır. Bunu keçmişdə edə bilmirdilər?
Edə bilirdilər. Sadəcə, keçmiş insanlar torpaqla mübarizə aparmırdılar. Yamacların səbəbini və ərazinin təbii quruluşunu anlayır, topoqrafiyanı nəzərə alaraq tikililəri layihələndirirdilər.
Bu gün biz Barselona, Paris kimi şəhərlərin planlaşdırılmasına baxır, onların meydanlarına, küçələrinə və nizamlı quruluşuna heyran oluruq. Müntəzəm plan quruluşuna malik bu şəhərlər bizdə ideal şəhər modeli təsəvvürü yaradır. Sonra həmin modelləri öz şəhərlərimizdə tətbiq etməyə çalışırıq. Hərçənd bunu belə doğru tətbiq edə bilmirik.
Çünki hər şəhərin öz coğrafiyası və əsrlər ərzində formalaşmış yaşayış təcrübəsi var. Bakının tarixi şəhər quruluşu da bunu göstərir. Buradakı dolama küçə və dalanların hansı təbii və iqlim şəraitində formalaşdığını anlamaq lazımdır.
Küləkli iqlimlə mübarizə aparan şəhər ancaq Bakıdan ibarət deyil. Dünyada başqa nümunələridə var. Misal İranın Yəzd şəhəri.
Badgir
İranın isti və quraq iqlimində formalaşan ənənəvi memarlığın ən maraqlı elementlərindən biri “badgir”, yəni külək tutucudur. Binanın üzərində yüksələn bu qüllələr təbii havalandırılmasına və soyudulmasına kömək edən olduqca düşünülmüş bir sistemdir.
Yəzd şəhərinin isti və quraq iqlimi burada külək tutucularının geniş istifadə olunmasına səbəb olub. Yəzdin tarixi evlərində badgirlər adətən daxili həyət, hovuz və qalın divarlarla birlikdə istifadə olunur.

Badgirin daxilində şaquli hava kanalları yerləşir. Külək qüllənin açıq tərəflərindən birinə daxil olur və kanal vasitəsilə aşağıya, binanın daxili məkanlarına yönəlir. Eyni zamanda binanın daxilində isinən hava yuxarıya doğru hərəkət edərək başqa kanaldan və ya açılışdan xaric olur.

Beləliklə, binanın daxilində təbii hava dövranı yaranır. Burada ventilyator və ya başqa mexaniki avadanlıq tələb olunmur. Badgir mövcud küləkdən və havanın temperatur fərqindən istifadə edərək binanın daxilində hava hərəkəti yaradır.
Hovuzun rolu
Badgir hovuz olmadan da işləyir. Onun əsas funksiyası hava hərəkəti yaratmaqdır. Hərəkət edən hava insan bədəninin səthindən istiliyi daha sürətlə uzaqlaşdırdığı üçün məkan daha sərin hiss olunur.
Lakin ənənəvi İran evlərində badgir adətən daxili həyət və hovuzla birlikdə düşünülür. Küləklə gətirilən isti və quru hava su səthinin üzərindən keçdikdə suyun bir hissəsi buxarlanır. Buxarlanma üçün lazım olan enerji havadan götürüldüyündən hava soyuyur.
Soyuyan hava daha sonra yaşayış məkanlarına daxil olur. Buna görə də badgir və hovuzun birlikdə istifadəsi quraq iqlimdə daha effektiv təbii soyutma yarada bilir.
Qum və toz
İsti və quraq iqlimdə başqa bir problem də qum və tozdur. Badgir müasir kondisionerlərdəki hava filtri kimi havanı tamamilə təmizləmir. Lakin onun quruluşu tozun bir hissəsinin yaşayış məkanlarına çatmasının qarşısını ala bilir.
Bunun səbəbi hava axınının badgirin daxilində istiqamət və sürət dəyişməsi ilə əlaqədardır. Küləklə birlikdə hərəkət edən iri və nisbətən ağır qum və toz hissəcikləri hava ilə eyni trayektoriya üzrə hərəkət edə bilmədikləri üçün kanalın divarlarına və aşağı hissələrinə toxunaraq sürətlərini itirir və çökürlər.

Güclü qum və toz fırtınaları zamanı isə badgirin açılışlarının bağlanması mümkündür. Bu da binanın daxilinə həddindən artıq toz və isti havanın daxil olmasının qarşısını almağa kömək edir.
Ənənəvi İran evlərində sərinlik yalnız badgirin hesabına yaranmır. Badgir, daxili həyət, hovuz, qalın divarlar və kölgəliklər birlikdə iqlimə uyğun təbii soyutma sistemi yaradır. Qalın divarlar istiliyin içəri keçməsini ləngidir, kölgəliklər günəşdən qoruyur, hovuz buxarlanma ilə havanı soyudur, badgir isə hava dövranını təmin edir.
Əsrlər əvvəl insanlar yaşadıqları mühitin xüsusiyyətlərini anlayaraq memarlığı həmin şəraitə uyğunlaşdırırdılar. Ərazini, iqlimi və küləyi öyrənir, tikilini də buna uyğun formalaşdırırdılar.
Bakı da küləkli iqlimə malik bir şəhərdir. Deməli, bizim də keçmişdə formalaşmış şəhər quruluşumuzu tarixi irs kimi “qorumaqla” kifayətlənməyib, onun arxasında dayanan prinsipləri araşdırmağımız lazımdır.