Opera və Balet Teatrı
Bakıda ən sevdiyim binalardan biri Opera və Balet Teatrıdır. Bu binanı sevməyimin səbəblərindən biri də onun divarlarında zamanın təsirini, yəni köhnəliyi hiss edə bilməyimdir (4 il əvvələ qədər). Təəssüf ki, şəhərimizdəki bir çox tarixi abidəyə baxanda, əgər onun tikilmə tarixini bilmiriksə, onun keçmişə şahidlik etdiyini hiss edə bilmirik.

Son on onilliklərdə Bakıda binaların laqonda ilə ağardılması dəb halını alıb. İndi isə bərpa və restavrasiya zamanı tarixi binalar boyanaraq yenilənir. Bərpa edilmir, sadəcə təmir olunur.
Bir əsrdən çox yaşı olan binaya baxanda onun tarixiliyini, zamanın izlərini hiss etməli deyilikmi? Niyə şəhərimizi olduğundan daha yeni göstərməyə çalışırıq? Axı Bakı Dubay deyil...
Tarixi
Opera və Balet Teatrının tarixində maraqlı faktlar və hekayələr çoxdur. 1910-cu ilin aprel ayında balıq ticarəti ilə məşğul olan İlya, İvan və Daniel Mayılov qardaşları onlara məxsus torpaq sahəsində teatr binasının inşası üçün şəhər administrasiyasına müraciət edirlər. Lakin tikinti layihəsi hələ tam hazır olmadığından onlara icazə verilmir. Bu barədə Mayılov qardaşlarına yazılı məlumat göndərilsə də, onlar bunu nəzərə almadan tikinti işlərini davam etdirirlər. Hadisədən xəbər tutan şəhər mühəndisi tikinti sahəsinə gələrək işləri dayandırır. Bundan sonra memar-mühəndis Nikolay Bayev teatr binasının layihəsini təqdim edir.
Binanın sürətli tikintisi nəticəsində cəmi on aya yekunlaşır. 1910–1911-ci illərdə inşa edilən bu möhtəşəm bina qısa müddətdə tikilməsi ilə yanaşı, ətrafında yaranan əfsanələrlə də diqqət çəkir.
Binanın tikintisi ilə bağlı ən məşhur rəvayətlərdən biri Mayılov qardaşlarından birinin bu binanı sevgi naminə tikdirməsidir…
Belə nəql edilir ki, XX əsrin əvvəlində, 1910-cu ildə Rusiyanın məşhur opera müğənnisi Antonina Nejdanova Bakıya gəlir və çıxış etmək üçün əlverişli şəraiti olan teatr binası tapmır. Vokalçı xanımın şərəfinə verilən ziyafətdə ondan bir də Bakıya nə vaxt gələcəyi soruşulanda Müğənni xanım küskün və qəti cavabını verir ki, heç vaxt. Səbəbi isə “Bu qədər gözəl və inkişaf edən şəhərdə bir dənə də olsun opera səhnəsi yoxdur” və davam edirki “Mən sirk, ya da kazino səhnəsində çıxış etməyə alışmamışam”. Guya bu cavab da Bakı milyonçularının möhkəm xətrinə dəyir, xüsusən də xanıma bir könüldən min könülə aşiq olmuş milyonçu Mayılov qardaşlarından biri söz verir ki, bir ilə xanımın səsinə və görkəminə yaraşan teatr binası tikdirəcək.
Romantik əhvalatlar bizə xoş olsa da, həqiqət başqadır. Ən azı o səbəbdən ki, Antonina Nejdanova heç vaxt Bakıda olmayıb. Teatrda ilk dəfə Modest Musorqskinin “Boris Qodunov” operası göstərilib və tamaşada baş rolu Aleksandr Mojuxin ifa edib.
Başqa bir hekayə isə Hacı Zeynalabdin Tağıyevlə Mayılov arasında baş verdiyi deyilən mərcdir.
Rəvayətə görə, Mayılov teatrı bir il ərzində tikdirməyi qarşısına məqsəd qoyur. Tağıyev isə çoxsaylı binalar həmçinin teatr binası tikdirən biri kimi belə möhtəşəm binanın bu qədər qısa müddətdə tikilib başa çatdırılacağına inanmır. Beləcə, onların arasında mərc yaranır: əgər teatr bir il ərzində tikilsə, tikinti xərclərini Tağıyev qarşılayacaq, yox, bir ildən çox çəkərsə Mayılov teatrı tikib Tağıyevə bağışlayacaq.
Nəticədə bina cəmi on aya tikilib başa çatdırılır. Lakin arxiv sənədlərində Tağıyevin binanın xərclərini qarşıladığı göstərilən bir sənəd olmadığı deyilir. Buna görə də bu əhvalatı dəqiq tarixi fakt kimi deyil, Bakının keçmişindən günümüzə gəlib çatan əfsanələrdən biri kimi qəbul etmək daha doğru olar.
Mayılov qardaşları neft bumu və sürətli urbanizasiya dövrünü yaşayan Bakının nəbzini düzgün tutmuşdular. Şəhərdə varlı insanların sayı artır, Avropadan iş adamları və müxtəlif sahələrin nümayəndələri Bakıya üz tuturdular. Belə bir mühitdə opera teatrının tikilməsi gəlir gətirə biləcək bir sərmayə idi. Görünür, Mayılov qardaşlarının tikintini cəmi on aya başa çatdırılması isə onların bu sərmayədən mümkün qədər tez gəlir götürmək istəyi ilə bağlı olub.
Bərpa və rekonstruksiya
Binada ilk rekonstruksiya işləri 1938-ci ildə görülüb. O illərdə nə hekayələr baş verib bilmirik amma ikinci bərpa və rekonstruksiya zamanı xeyli hadisələr olub.
1982–1984-cü illərdə bina bərpa işləri ilə əlaqədar bağlanır. Bərpa üçün külli miqdarda vəsait ayrılır və böyük zəhmət sərf olunur. Hətta binanın akustikasını yoxlamaq məqsədilə xüsusi sınaqlar da keçirilir. Bu sınaqlardan biri zamanı Müslüm Maqomayev səhnədə klassik əsərlərdən birini ifa edir və binanın akustikasının möhtəşəm olduğu məlum olur.
Lakin bütün bu zəhmət və çəkilən xərclər bir göz qırpımında məhv olur. Bina tam hazır vəziyyətə gətirildikdə, açılışa az müddət qalmış, yanğın baş verir. Bütün layihə çertyojları külə dönür.
1987–1988-ci illərdə isə binada yenidən bərpa işləri aparılır.
2022-ci ildən etibarən teatr binası yenidən bərpa işləri ilə əlaqədar bağlanıb. Binanın nə vaxt istifadəyə veriləcəyi isə hələ də məlum deyil. İlkin məlumatlara görə, 2022-ci ildə başlanan işlərin həmin ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulurdu.
Lakin teatrın direktoru Yusif Eyvazovun bu il verdiyi açıqlamaya əsasən, xarici mütəxəssislər tərəfindən teatrın bərpa layihəsi hazırlanır. Onun sözlərinə görə, layihənin 2026-cı ildə tamamlanması, bundan sonra isə faktiki bərpa işlərinə başlanılması nəzərdə tutulur.
Bərpa prosesinin məqsədi tarixi binanı öz orijinal memarlıq görkəminə qaytarmaqdır, yoxsa onu bərpa adı altında təmir edərək müasirləşdirmək? Bu suala layihə tamamlandıqdan sonra cavab vermək mümkün olacaq. Ümid edirik ki, fasadda baş verən təmir işləri interyerdə təkrarlanmaz və 10 aya tikilən bina 10 ilə bərpa olunmaz.
