Skip to content
Home » Kenzo Tange

Kenzo Tange

Bu yaxınlarda yaradıcılığını böyük maraqla izlədiyim memarlardan olan Abdul Hüseynovla söhbətimiz zamanı o, mənə tələbəlik illərimdən unutduğum bir məqamı xatırlatdı. Universitetdə oxuduğumuz illərdə müəllimlərimiz bizə tez-tez memarlıq jurnallarına abunə olmağı və oradakı layihələri diqqətlə araşdırmağı tövsiyə edirdilər. Amma etiraf edək ki, tələbə vaxtı çoxumuz bunu ciddi qəbul etmirdik. Düşünürdük ki, internetdə hər şey var, istədiyimiz layihəni bir neçə saniyəyə tapa bilirik, deməli jurnallara ehtiyac qalmayıb.

Əminəm ki, bu yazını oxuyan gənc memarların da bir çoxu vaxtilə mənim düşündüyüm kimi düşünür. Lakin illər keçdikcə anlayırsan ki, internetlə peşəkar memarlıq jurnalı ilə bir deyil. İnternet çox vaxt bizə axtardığımızı göstərir, sosial şəbəkələr isə ən məşhur layihələri qarşımıza çıxarır. Halbuki ən maraqlı kəşflər diqqətdən kənarda qalan səhifələrdə gizlənir.

Abdul müəllimlə söhbətdən sonra yenidən memarlıq jurnallarına qayıtdım. Bir neçə jurnal vərəqlədikdən sonra qarşıma Kenzo Tangenin layihələri çıxdı. Tələbəlik illərində onun layihələrini necə heyranlıqla araşdırırdım…

Kenzo Tangenin layihələrinə baxanda ilk diqqətimi çəkən onların futuristik görünüşüdür. Tələbəlik illərində də məni cəlb edən əsas səbəb elə bu idi. O zaman bu binalar mənə elmi-fantastik filmlərdən çıxmış konstruksiyalar kimi görünürdü.  Lakin illər keçdikcə başa düşdüm ki, bu layihələrin arxasında daha dərin hekayələr dayanır. Onlardan ən önəmlisi isə Hiroşima faciəsidir.

Tange üçün Hiroşima doğma şəhər idi. O, gənclik illərini burada keçirmiş, təhsil almış və bu şəhərlə dərin mənəvi əlaqə qurmuşdu. 1945-ci ildə Hiroşimaya atom bombası atılan zaman Tange şəhərdə deyildi. Lakin həmin gün onun şəxsi həyatı da ağır bir faciə ilə sarsıldı: o, həm atasını, həm də anasını itirdi. Valideynlərinin ölümü ilə Hiroşimanın məhv edilməsi eyni günə təsadüf etdiyindən, bu iki itki onun yaddaşında bir-birindən ayrılmaz şəkildə birləşdi. Yaşadığı bu dərin şəxsi ağrı Tangenin dünyagörüşünə, insan taleyinə və memarlığın mənəvi məsuliyyətinə baxışına güclü təsir göstərdi.

Sonralar layihələndirdiyi Hiroşima Sülh Memorial Parkı şəxsi ağrısının və sülh arzusunun ifadəsini təmsil etdi. Tange bu layihə vasitəsilə gələcək nəsillərə müharibənin faciələrini xatırlatmağa çalışdı. Buna görə də Hiroşima Memorial Kompleksi onun yaradıcılığında xüsusi yer tutur və memarın humanist baxışlarının ən təsirli nümunələrindən biri hesab olunur.

Metabolizm

Kenzo Tangenin memarlıq və şəhərsalma ideyaları İkinci Dünya Müharibəsindən sonra Yaponiyanın yenidən qurulması zərurətindən formalaşmışdı. Müharibədən sonra şəhərlər sürətlə yenidən qurulur, əhali artır, həyat tərzi isə daim dəyişirdi. Tange anlayırdı ki, ənənəvi şəhər planlaşdırması bu qədər sürətli dəyişikliklərə cavab vermək üçün artıq kifayət etmir.

O, anlayırdıki insan bədəni zaman keçdikcə necə böyüyür, yenilənir və dəyişirsə, şəhərlər də həmin şəkildə inkişaf etməli idi. Bu düşüncə sonradan Yapon memarlığında yaranan Metabolizm hərəkatının əsas ideyalarından birinə çevrildi.

1960-cı illərdə formalaşan Metabolizm hərəkatı memarlığa tamamilə yeni baxış gətirdi. Hərəkatın nümayəndələri hesab edirdilər ki, sürətlə dəyişən cəmiyyətin ehtiyaclarını qarşılamaq üçün binalar da çevik olmalıdır. Memarlıq yalnız bir dəfə inşa edilən və illərlə dəyişmədən qalan bir obyekt deyil, zamanla yenilənə, genişlənə və yeni ehtiyaclara uyğunlaşa bilən bir sistem kimi düşünülməli idi.

Bu səbəbdən metabolist memarlar modullardan ibarət, hissələri dəyişdirilə bilən, böyüyə və transformasiya oluna bilən strukturlar təklif edirdilər. Onların məqsədi gələcəyin şəhərlərini əvvəlcədən tam şəkildə həll etmək deyildi. Məqsəd elə bir sistem yaratmaq idi ki, şəhər zaman keçdikcə öz ehtiyaclarına uyğun şəkildə dəyişə bilsin.

Tange bu hərəkatın formalaşmasında mühüm rol oynamış memarlardan biri hesab olunur. Onun fikrincə, müasir şəhərlər sabit deyil, daim inkişaf edən sistemlər kimi düşünülməlidir. Bu yanaşma xüsusilə Tokio Körfəzi Planında öz əksini tapmışdır. Layihədə şəhərin inkişafı üçün körfəz üzərində yeni yaşayış və nəqliyyat strukturlarının yaradılması nəzərdə tutulurdu. Hərçənd layihə tam şəkildə həyata keçirilmədi, o, XX əsrin ən təsirli şəhərsalma konsepsiyalarından biri kimi memarlıq tarixində öz yerini tutdu.

Yaradıcılığı

Kenzo Tangenin binaları onun gələcəyə dair baxışını göstərir. Xüsusilə  Fuji TV binası mənim ən çox diqqətimi çəkən layihələrdən biridir. Bu bina Tange-nin texnologiya və insan münasibətlərinə dair ideyalarını ən yaxşı əks etdirən əsərlərindən biridir. Bu layihədə Tange şəhəri daim dəyişən və inkişaf edən canlı sistem kimi təsəvvür edir. Binanın iri həcmli formaları, körpülərlə birləşdirilmiş hissələri və mərkəzdə yerləşən sferik element gələcək şəhərlərin necə görünə biləcəyinə dair memarın baxışını nümayiş etdirir.

Açığı, Fuji TV binasına baxanda uşaqlığımda oynadığım “marble maze” oyunu yadıma düşür. Oyunda kiçik kürəni müxtəlif keçidlər və maneələr arasından istiqamətləndirmək lazım idi. Binanın mərkəzində yerləşən nəhəng kürə, onu əhatə edən körpülər və mürəkkəb konstruksiya mənə həmin oyunun üçölçülü memarlıq versiyası kimi görünür.

Etiraf etməliyəm ki, mərkəzdəki o kürə olmasaydı, bina yəqin ki, bu qədər güclü təəssürat yaratmazdı. Layihənin ən yadda qalan elementi məhz odur. Bəlkə də bunu memarın cəsarəti adlandırmaq daha doğru olar. Çünki Tange funksional televiziya binasının mərkəzinə nəhəng sferik həcm yerləşdirərək dövrü üçün olduqca cəsarətli bir qərar vermişdi.

Kenzo Tangenin layihələrinə bu gün baxanda məni ən çox təsirləndirən məqam, bu layihələrin arxasında dayanan düşüncədir. Müharibənin dağıntılarını görmüş, doğma şəhərinin faciəsini dərindən hiss etmiş bir insanın gələcəyə bu qədər ümidlə baxa bilməsi diqqətəlayiqdir. Tələbəlik illərində məni bu binaların forması heyran edirdisə, bu gün onların arxasında duran təəsürat heyran edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir