“İşıq-kölgə” ifadəsini eşidəndə ilk ağlıma gələn insan ilk memarlıq müəllimim Kazım Ağabəyov olur. İşıq-kölgə anlayışının memarlıqda nə qədər vacib olduğunu ilk dəfə ondan öyrənmişdim. Hətta universitetin birinci semestrində “Memarlıq kompozisiyasının əsasları” fənnində üzərində ən çox dayandığımız mövzulardan biri məhz işıq-kölgə və həcm idi. Kazım müəllim deyirdi ki, işıq-kölgəni hiss etmədən memarlığın dərinliyini anlamayacaqsınız.
O zamanlar bu mövzuya daha çox fasad prizmasından baxırdım. Müəllim bizə izah edirdi ki, günəşin binanın üzərinə düşmə bucağı, yaranan kölgələr və işığın vurğuladığı detallar fasadın xarakterini tamamilə dəyişə bilir. Həmin dərslərdən sonra heç sevmədiyim yay fəslinə qarşı daha müsbət yanaşmağa başladım. Çünki günəş işığının güclü olduğu günlərdə klassik binaların detalları daha aydın hiss olunur. Sütunlar, karnizlər, relyeflər və digər memarlıq elementləri işıq və kölgənin hesabına daha ifadəli görünür. Hətta eyni binaya fərqli saatlarda baxanda onun tamamilə başqa xarakterə büründüyünü anlamaq mümkündür.
Mən işıq-kölgə anlayışını ilk olaraq fasadlarda öyrənmişdim.
Amma…
Bəzən, memarlar bu vasitədən daha fərqli və daha yaradıcı formada istifadə edirlər. Bəzən elə layihələrlə qarşılaşıram ki, orada işıq işıqlandırma funksiyasında yox, memarlığın əsas hissəsi kimi çıxış edir. Bu yazıda danışmaq istədiyim Church of the Light-də məhz belə layihələrdən biridir.
İşığın memarlıq vasitəsi kimi istifadəsi yalnız müasir dövrə aid deyil. Tarix boyu memarlar işıq və kölgənin yaratdığı imkanlardan faydalanıblar. Lakin Church of the Light-də diqqətimi çəkən məqam işığın layihənin əsas ideyasına çevrilməsidir.
Ən maraqlısı isə odur ki, bu təsir çox sadə bir həll vasitəsilə əldə olunub. Kilsənin ön hissəsində xaç formasında bir yarıq açılıb və gün işığı həmin boşluqdan içəri daxil olur. İlk baxışda o qədər sadə görünür ki, insan “elə bu qədər?” deyə düşünmədən keçə bilmir.
Amma sonra başa düşürsən ki, məsələ elə həmin sadəlikdədir. Burada diqqəti çəkən xaçın yaratdığı təəssüratdır. Günün müxtəlif saatlarında işıq dəyişdikcə məkan da dəyişir. Layihənin ən güclü tərəfi də budur. Çünki Yapon memar Tadao Ando bu binanı betonla deyil, işıqla layihələndirib.
Ümumiyyətlə, xristian memarlığı haqqında düşünəndə ağlımıza böyük kafedrallar, rəngli vitrajlar, Məryəm Ana və İsa Məsihin təsvirləri gəlir. Bir çox kilsələrdə dini hekayələrin və müqəddəs şəxslərin obrazları memarlığın ayrılmaz hissəsidir. Hətta müsəlman ölkəsində yaşayan bizlər üçün kilsə muzey təəssüratı da yarada bilir.
Church of the Light-də isə memar bu təəssüratdan qaçmağı bacarıb. Burada nə Məryəm Ana heykəlləri, nə də divarları örtən dini təsvirlər var. Memar insanın diqqətini obrazlara deyil, işığın yaratdığı təəssürata yönləndirməyi bacarıb. Vasitə heykəllər, şamlar və ya rəsmlər yox, məhz işığın özü olub.

Layihədə məni düşündürən digər detal əsas həcmdən kənara çıxan beton divardır. Normalda insan kilsəyə daxil olarkən birbaşa ibadət məkanına keçməyi gözləyir. Burada isə memar həmin qarşılaşmanı bir qədər gecikdirir. Əvvəlcə onu dar bir keçid boyunca aparır, sonra isə əsas məkanla üz-üzə qoyur.

Mənə elə gəlir ki, həmin divarın əsas məqsədi fiziki maneədən daha çox psixoloji sərhəd rolunu oynayır. İnsan həmin yolu keçərkən etdiyi səhvləri, günahları düşünməyə başlayır.
Bu layihəyə baxdıqca anlayırsan ki, memarlıq sadəliyə çata bilmək sənətidir.


