Skip to content
Home » İlaxır Çərşənbəsi və Milli Memarlıq

İlaxır Çərşənbəsi və Milli Memarlıq

Nə yalan deyim, uşaqlıqda Novruz bayramını çoxda sevmirdim. Bəlkə də buna səbəb, uşaq ikən bayrama aid adət-ənənələri tam olaraq icra etməməyim idi. Misal, papaq atdığım heç xatirimə gəlmir, tonqaldan isə hələ də qorxuram 🙂 Amma böyüdükcə Novruzun dəyərini anlamağa başladım. Hətda yanvar ayından etibarən ağacları müşahidə etməyə başlayıram, yazın, yəni novruzun gəlişini hiss etmək üçün.

İlk çərşənbədə ailəmin plov adət-ənənəsindən yazmışdım. Son çərşənbədədə bu adət-ənənələri xatırlamasam olmaz.  İlaxır çərşənbədə adəti üzrə bizim evdə boyanalı plov bişər. Nənəmin nənəsindən nəsillərə ötürülən adət üzrə bu çərşənbədə torpaq oyanır, otlar cürər, süfrəmizin aşıda o yaşıllığı təmsil etməlidir. Ən sevdiyim plov növü olmasada damaq dadıma uyğun olduğundan süfrədə hər kəs qabaq öz yerimi tutardım. Bu gündə boyanalı aş süfrəmizə xüsusi bir rəng qatır.

Milli Azərbaycan evləri

Milli bayramlarda xüsusilə Azərbaycan evlərinə diqqət yetirmək istəyirəm. Çünki xarici üslubları yaxşı öyrənib müasirlik deyə tətbiq etsək də, öz tariximizə aid olanları bəzən unuduruq. Əlbəttə, mən demirəm ki, XIX əsrin əvvəlinə qayıdaq və masada deyil, yerdə oturub yemək yeyək – hərçənd ki, sağlamlığımız üçün bu daha faydalıdır. Lakin memarlıqda bizim irsimizə xas elementlər var və onları müasir yaşayış evlərimizə tətbiq etmək mümkündür. Hətta düzgün tətbiq olunduqda, bu, günümüzün bir çox problemlərini də aradan qaldıra bilər.

Məsələn, tağlı pəncərə. Bu pəncərə növünün funksional xüsusiyyəti yalnız taxçasında oturmaq və ya müxtəlif bəzək əşyaları qoymaqla məhdudlaşmır, eyni zamanda evə birbaşa soyuq və isti havanın girməsinin qarşısını alır, həm də yoldan keçənlərin evin içini görə bilməməsini təmin edir. Məncə, günümüzdəki ən böyük problemlərdən biri budur: üç qat pərdələr belə bəzən kənar gözlərdən qorunmaq üçün yetərli olmur.

İlaxır Çərşənbə və Milli Memarlıq
İlaxır Çərşənbə və Milli Memarlıq

Tarixi evlərimizdə ən çox rast gəlinən elementlərdən biri də camaxatandır. Adətən yataq otaqlarında olan bu dərin divar oyuqlarına yorğan, döşək, balış və paltarlar yığılır. Mən müasir şkaflardan bunu daha üstün tuturam, çünki şkaflar otağın yarısını zəbt etdiyi halda camaxatan ev sakinlərinə genişlik və rahatlıq yaradır. Düzdür, yeni tikili evlərdə divar qalınlığı heç buna imkan vermir.

Camaxatanların adətən taxta qapıları olurdu. Qapı olmadığı hallarda isə qabağına pərdə asılırdı ki, içərisində yığılan yorğan və döşəkləri evə gələn qonaqlar görməsin.

Bir başqa sevimli elementim isə taxçadır. Taxçanın camaxatandan fərqi, rəflərə bölünməsi ilə seçilir və adətən mətbəxdə istifadə olunur. Qədim dövrdə taxça bizim mətbəximizin “servantı” funksiyasını yerinə yetirirdi. Bu gün servantı nə əvəz edib?

Həm rayon evlərində, həm də Bakı evlərində çox rast gəldiyimiz elementlərdən biri də taxta balkonlardır. Milli memarlıq ənənələri içərisində ən sevdiklərimdən biridir. Bu balkonlar taxtadan hazırlandığı üçün taxta isə nəfəs alan material olduğundan evə təbii nəfəs verirdi və evi havalı saxlayırdı; oksigen çatışmazlığı problemi yaranmırdı. Həm də çox estetik və funksional bir element idi. Düşünürəm ki, bu balkonlar memarlığın üç əsas prinsipini olan funksionallıq, möhkəmlik və gözəllik prinsipini mükəmməl şəkildə qarşılayırdı.

Beləliklə, Novruz bayramından başlayan bu səyahətimiz yalnız süfrələrdəki plov və tonqaldan keçmir, həm də tarixi evlərimizin memarlıq irsini xatırladır. Camaxata, taxça, tağlı pəncərə və taxta balkonlar kimi elementlər, bizim milli evlərimizi estetik baxımdan əlavə həmdə funksionallıq və rahatlıq baxımından da zənginləşdirir. Bayramlar, ənənələrimiz və memarlıq irsimiz bir-birinə bağlıdır; onları yaşatmaq həm keçmişimizi yad etmək, həm də müasir evlərimizə ruh qatmaq deməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir