Skip to content
Home » Azərbaycan Milli İncəsənət Muzeyi

Azərbaycan Milli İncəsənət Muzeyi

Dünyanın harasında yaşamağımızdan asılı olmayaraq, böyüyə hörmət anlayışı demək olar ki, bütün cəmiyyətlərdə mövcuddur. Uşaq valideyninə, kiçik qardaş böyük bacıya, şagird müəllimə hörmət etməyi öyrənir. Bu, bütövlükdə mədəniyyətin bizə aşıladığı əsas dəyərlərdən biridir.

Eyni prinsip, memarlıqda da özünü göstərməlidir. Şəhərin yeni tikilən gənc binaları ətrafındakı yaşlı tikililərlə münasibətdə öz “hörmətini” nümayiş etdirməlidir.

Ölkəmizdə bu yanaşmanın ən gözəl nümunələrindən birini mən Azərbaycan Milli İncəsənət Muzeyinin timsalında görmüşəm. Bəlkə də daha uğurlu nümunələr var, sadəcə mənim diqqətimdən kənarda qalıb.

Sözügedən kompleksdə binaya sonradan əlavə olunan birləşdirici hissə sanki özünü bir addım geri çəkərək əsas tikiliyə yol verir. O, “sənin dövrün bitdi, indi mənim dövrümdür” deyərək önə çıxmır, nə binanın qarşısını kəsir, nə də ətrafdakı digər yaşlı tikililərə qarşı hörmətsizlik göstərir. O, mən burada olmalıyam, amma öz yerimi də bilirəm deyir.

Azərbaycan Milli İncəsənət Muzeyi

Bəzi müasir binalar var ki, nəyinki ətrafındakı qocaman tikililərə hətda bütün şəhərə qarşı hörmətsizlik nümayiş etdirirlər. Tarixi mühitin içində “müasirlik” adı ilə hər yerdən baş qaldırlar,  “sizin dövrünüz bitdi, indi mənim dövrümdür” deyirmiş kimi.

Bu cür binalar valideyn sözünə qulaq asmayan dəcəl uşağı xatırladır. Təəssüf ki, həyatda da çox vaxt səbirli və hörmətli olanlar deyil, məhz bu cür “dəcəllik” edənlər daha tez nəzərə çarpır və irəli çıxır. Memarlıqda da bənzər situasiyanın şahidi oluruq.

Azərbaycan Milli İncəsənət Muzeyi binaları

Azərbaycan Milli İncəsənət Muzeyinin yerləşdiyi birinci korpusu olan De Bur sarayı XIX əsrin sonlarında, şəhər mühəndisi Nikolay fon der Nonne tərəfindən layihələndirilərək 1891–1895-ci illər arasında inşa edilmişdir.

De Bur sarayının əsas fasadı klassik üslubu ilə seçilir; pilləkənlər, sütun başlıqları və gözəl işlənmiş eyvanları ilə şəhərin tarixi ruhunu əks etdirir.

Bina klassik memarlıq üslubunun tipik xüsusiyyətlərini daşıyır: simmetrik quruluş, sütunlar, zəngin ornamentlər. Fasadın detallarla zəngin olması müsbət psixoloji təsir yaradır. Göz bu detalları izlədikcə maraq və heyranlıq hissi artır. Lakin eyni zamanda bu qədər vizual informasiya müəyyən yorğunluq da yarada bilir. Müasir minimalist mühitlərə alışmış insan üçün bu cür binalar bir qədər “ağır” və yüklü görünə bilər.

Muzeyin ikinci korpusu isə De Bur sarayından bir qədər əvvəl, 1884–1887-ci illərdə tikilmiş keçmiş Mariinski Qadın Gimnaziyası binasıdır. Bu bina mülki Mixail Denisoviç Botovun layihəsi əsasında inşa olunmuşdur.

Binanın ümumi miqyası və insan ölçüsünə uyğunluğu onu rəsmi dövlət tikililərindən fərqləndirir.

2013-cü ildə Abdül Hüseynov layihəsi əsasında bu iki bina şüşə və metaldan ibarət müasir keçid binası ilə birləşdirilib. Muzeyin bu yeni mərkəzi binasında müasir incəsənət sərgilərinin keçirildiyi yerdir.

Memarlıqda harmoniya

Tarixi memarlıqla müasir müdaxilələrin münasibəti hər zaman həssas bir mövzu olub. Ümumiyyətlə, tarixi binaların yaxınlığında müasir elementlər insanlara çox da müsbət təəsürat bağışlamır. Lakin anlamalıyıq ki şəhər yaşayan bir orqanizmdir. Zaman keçir, ehtiyaclar dəyişir, funksiyalar artır və bəzən “yaşlı” binaları günün tələblərinə uyğunlaşdırmaq zərurəti yaranır. Bu isə qaçılmaz olaraq müəyyən müdaxilələri, əlavələri gündəmə gətirir.

Və düşünürəm ki belə məqəmda, edilə biləcək ən böyük səhvlərdən biri müasir dövrdə klassik tikiliyə yenidən klassik şəkildə yanaşmaqdır. Yəni, sanki o bina ilə eyni dövrdə tikilmiş kimi davranmaq, onun dilini təqlid etməyə çalışmaq. İlk baxışda bu, “uyğunlaşma” kimi görünsədə, bu həm də tarixi aldatmağa çalışmaqdır.

Memarlıq psixologiyası baxımından bu yanaşma problemli hesab olunur. İnsan beyni orijinallıqla imitasiya arasındakı fərqi, tam şüurlu şəkildə dərk etməsə belə, hiss edir. Nəticədə məkan “səmimi” təsir bağışlamır. Tarixi bina öz dövrünün izlərini daşıdığı kimi, ona sonradan əlavə olunan hissə də məhz öz dövrünü əks etdirməlidir.

Sadə bənzətmə ilə desək, bu vəziyyət gənc birinin yaşlı adam tərzində geyinməsinə bənzəyir. Geyim zahirən uyğun görünsə də, insanla onun görünüşü arasında müəyyən uyğunsuzluq hiss olunur.

Lakin sözsüz ki, bu düşüncəni dərk etməyənlər də olub, təkidlə memara “orda klassika olmalıdır” deyənlər də. Lakin memar öz eskiz nümunələri ilə onlara sübut edib ki, bu yerdə klassika kompozisiyasını korlayacaqdır.

Ümumiyyətlə, muzeyin maraqlı və keşməkeşli hekayəsi var. Sözügedən muzey mənim Bakıda ən sevdiyim muzeylərdən biri olduğu üçün onun haqqında yazarkən memarı Abdül Hüseynovdan ətraflı məlumat əldə etdim. Müəllif layihə haqqında geniş informasiya təqdim etdi, eskizlərini mənimlə bölüşdü. Hətta layihəni mənimsəyib öz adına çıxarmaq istəyənlərin belə olduğunu bildirdi. Bu yerdə həm təəccübləndim ki, insan başqasının əməyini necə bu qədər rahat şəkildə mənimsəyə bilər, amma digər tərəfdən düşündüm ki, ərsəyə gələn iş zəif olanda, müəllif belə “bu mənim işimdir” demək istəmir; lakin iş yaxşı olanda hər kəs onu öz adına çıxarmağa çalışır.

Azərbaycan Milli İncəsənət Muzeyi

Layihəyə əsasən şüşəli hissədə müasir heykəl nümunəsi də olmalı imiş, lakin işi mənimsəmək istəyən şəxslərin yaratdığı müəyyən problemlər ucbatından layihəyə bəzi dəyişikliklər edilməli olubdur.

Ümumiyyətlə, muzey layihələndirmək ən çətin, eyni zamanda ən maraqlı layihələrdən biridir. Çətindir, ona görə ki, muzeydə olan hər bir tarixi ekspozisiyanın saxlanılması prosesinin məsuliyyəti memarın üzərinə düşür. Məkanın hava sirkulyasiyası, günəş işığı, nəmlik dərəcəsi kimi amillər, həmçinin təhlükəsizlik məsələləri; qapıların yeri, sayı, giriş-çıxışa nəzarət prosesləri və s. diqqətlə həll olunmalıdır. Lakin eyni zamanda maraqlıdır, çünki muzeyə gələn ziyarətçilərin emosional təcrübəsini memar formalaşdırır.

Azərbaycan Milli İncəsənət Muzeyinin binaları müxtəlif dövrlərin memarlıq nümunələrinin bir araya gəldiyi kompleksdir. Burada köhnə ilə yeninin münasibəti nə rəqabət, nə də təqlid üzərində qurulub; əksinə, hər biri öz dövrünü qoruyaraq bütöv bir  kompozisiya yaradır. Bu bina göstərir ki, memarlıqda ən vacib məsələ özünü sübut etmək yox, mövcud olanın yanında düzgün yer tuta bilməkdir. Və ən güclü həll, özünü önə çıxarmayan, amma bütövü tamamlayan həldir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir