Uzun zamandır yazmıram. Çünki özümü təkrarlamamaq adına yeni təəssüratlara ehtiyacım var idi, yeni insanlarla və yeni düşüncələrlə tanış olmaq, yeni fikirlərin varlığından xəbərdar olmaq, mənə yad olan dünyaları görmək və tanımaq ehtiyacı. Bunun yaradıcılığıma nə qədər müsbət və ya mənfi təsir edəcəyini bilmirəm, amma məni, daxili dünyamı xeyli dəyişdi. Bəlkə də daxili dünyama daha çox qapanmağıma, öz düşüncələrimdən bərk-bərk sığınmağıma vasitəçilik etdi.
Bir şəhərin daxilində necə müxtəlif dünyalara sahib insanların yaşadığını görmək maraqlıdır. Mənə yad nə qədər düşüncə var imiş. Fərqli düşüncəyə sahib insanların həyatdan gözlədikləri də fərqli olur. Bu məqamda məni ən çox düşündürən məsələ isə yenə də memarlıq oldu.
Ötən əsrdə ölkəmiz sovet əsarəti altında olanda hər kəs eyni tip mənzillərdə yaşayır, eyni tip layihələndirilmiş müəssisələrdə işləyir və eyni geyimləri geyinirdi. Və hər kəs bir-birinə bənzəyirdi. Arzular da oxşar idi, həyat gözləntiləri də. Xoşbəxtliklər də bənzər idi, kədərlər də. İndi isə evlərin çeşidi çoxdur, müəssisələrin heç biri bir-birinə bənzəmir, hətta mərtəbə planları belə demək olar ki, təkrarlanmır. Fərqli interyerlər, sonsuz seçimlər və insan düşüncələrindəki müxtəliflik…
Bu gün insanlar öz düşüncələrinə yaxın insan tapmaqda çətinlik çəkirlər. Görəsən bunun səbəbi qəlibimizdən çıxmağımızdır?
Qəlibdən çıxmaq yaxşıdır, yoxsa pis?
Ağılsızların arasında yaşayan ağıllı olmaq yaxşıdır, yoxsa ağıllıların arasındakı ağılsız?
Bəlkə də bütün bunları bu qədər düşünməyimin səbəbi uzun illər hər şeyi sadəcə öz içimdə yaşamağımdır. Bu blog bir il əvvəl məhs bu gün özümə etdiyim doğum günü hədiyyəsi idi. Təntənəli doğum günlərini çox da sevmirəm, amma hər il mütləq özümə, mənəviyyatıma təsir edəcək hədiyyələr bağışlayıram. Əslində mən illərdir yazıram, lap uşaqlıqdan. Amma yazdıqlarımı kiməsə göstərəcək cəsarətim heç vaxt olmayıb. Bir il əvvəl özümə etdiyim hədiyyə məhz bu idi: özümü bu mövzuda komfort zonamdan çıxarmaq.
Bəlkə də insan yazdıqlarını paylaşanda özünü çılpaq hiss edir. Çünki yazı insanın heç kimə göstərmədiyi tərəfidir. İnsanlarla danışanda gizlənmək olur, amma yazıda olmur. Yazı bir növ insanın düşüncələrinin filtirsiz halıdır. Mən illərlə bundan qaçmışam.
Bu blogun mənim üçün mənası içimdə uzun müddət yalnız mənə aid qalan düşüncələrin artıq görünən formaya çevrilməsi.
Bəlkə də memarlığa marağım da buradan başlayır. Çünki memarlıq mənim üçün görünən formaya çevrilmiş daxili dünyadır. Tək bir insanın yox, bütöv bir cəmiyyətin düşüncəsinin, qorxusunun, rahatlıq anlayışının, azadlıq və aidiyyət hissinin daşda, divarda, küçədə görünməsidir.
Köhnə məhəllələrə baxanda bunu daha aydın hiss edirəm. Memarlıq texniki baxımdan zəif olsa belə, insanın içində qəribə bir tanışlıq hissi yaradır. Çünki o məkanlar insanların bir-birinə doğmalıq hiss etdiyi dövrdə formalaşıb. İndi isə şəhərlər daha estetik, daha komfortlu, daha “müasir” görünür, amma nəsə çatmır. Məncə gələcəyin ən böyük memarlıq problemi insanı yenidən yaşadığı məkana aid hiss etdirmək olacaq. Çünki bir şəhəri gözəl edən hündür binalar deyil, insanın orada özünü yad hiss etməməsidir.
Yaxud bəlkə də bu, mənim və mənimlə eyni dövrdə yaşayan insanların düşüncəsidir. Bu gün o “müasir” məhəllələrdə böyüyən uşaqların necə düşündüyünü bilmirəm.
Amma məni ən çox düşündürən sual budur: insan niyə bu qədər seçim arasında özünə aid olan yeri tapmaqda bu qədər çətinlik çəkir?
