Skip to content

Ağabəyov Kazım

Universitet illərim haqqında düşünəndə ilk xatirimə gələn layihələr, qiymətlər və ya imtahanlar olmur. İnsanlar olur. O insanların içində isə yaddaşımda ən çox iz buraxanlar müəllimlərimdir. Mənə dərs deyən çox müəllim olub. Elələri olub ki, təhsilə və öyrənməyə həvəsimi azaldıb, elələri də olub ki, öz fənnini mənə sevdirib. Amma həyatımda çox az müəllim olub ki, onları müəllim kimi yox həm də mənə yol göstərən insanlar kimi ömür boyu xatırlayacağam. Çünki onlar mənə düşünməyi və həyata başqa cür baxmağı da öyrədiblər.

Düzdür, bu müəllimlərin sayı elə də çox deyil, amma həyatımdakı rolları böyükdür. Onlardan birinin adını bloq yazılarımda tez-tez çəkirəm. Bu gün həmin müəllimimdən bəhs etmək istəyirəm, Ağabəyov Kazımdan.

O, mənə memarlığın əsasları fənnindən dərs keçirdi. Memarlığa, layihələndirməyə necə başlamaq, necə davam etmək lazımdır bunların hamısını ondan öyrənmişəm, təəssüf ki, o bu gün həyatda deyil lakin geridə yüzlərlə onu sevən hələ də onu xatırlayan tələbə qoyub. O bizə tək memarlığı yox, həmçinin ədəbiyyatı, estetikanı, sosial münasibətləri, insanı anlamağı və yaratdığımız məkanların cəmiyyətə necə təsir etdiyini öyrədirdi. İlk dərsimizdə ilk cümləsi “biz sizinlə müəllim-tələbə yox kolleqayıq” olmuşdu.

Əlbəttə, o zaman, gənc yaşımda, bu sözlərin mənasını tam dərk edə bilmirdim.Həmin illərdə düşüncələrim indikindən çox fərqli idi. Bu gün anlayıram ki, Kazım müəllim bu cümlə ilə bizə məsuliyyət verirdi. Bizə tələbə kimi deyil, gələcəkdə şəhərlərə, insanların həyatına və cəmiyyətə təsir edəcək memarlar kimi yanaşırdı.

İnsan böyüdükcə keçmişdə baş verən bir çox hadisəni daha yaxşı anlayır. Tələbkar olduqları üçün tələbə vaxtı narazı qaldığım müəllimləri bu gün ən yaxşı müəllimlər kimi xatırlayıram. Bizdən heç nə tələb etməyən, səhvlərimizi göstərməyən müəllimlərin isə nəinki adlarını, üzlərini belə unutmuşam.

Düzdür Kazım müəllim acıdil müəllimlərdən də deyildi, heç bir tələbənin xətrinə dəyməz, hətta sərt formada səslənə biləcək cümlələri poeziya ilə yumşaldardı. Onun dərslərində isə qəribə bir rahatlıq vardı. Fikrimizi sərbəst ifadə edə, sual verə, hətta müəllimin fikri ilə razılaşmaya da bilirdik. Amma bütün bu sərbəstliyin sonunda hər dərsdən özümüzlə apardığımız mütləq bir fikir, bir yeni baxış olurdu.

Kazım müəllimin hər tələbəsinə ikinci bir ad qoymaq kimi gözəl bir vərdişi də vardı. Hər birimizi həmin adla çağırardı. Bəzən hətta tələbənin öz adını unudar, amma ona verdiyi ikinci adı mütləq xatırlayardı. Bu da onun tələbələrə bəslədiyi özünəməxsus münasibətlərdən biri idi.

Etiraf edim ki, Rəssamlıq Akademiyası mənim həyatımda böyük dəyişiklik yaradan bir mərhələ olub. ADRA əvəzinə başqa bir universitetdə oxusaydım, yəqin ki, bu günkü Vəfa çox fərqli biri olardı. Akademiya mənim həyata baxışımı, yaradıcı düşüncə qabiliyyətimi və estetik zövqümü formalaşdıran bir məkandır. Amma mən bunu da çox gec anlamışam.

Bəzən bir məkanın insan həyatındakı rolunu həmin məkandan uzaqlaşdıqdan sonra dərk edirik. Akademiyanın ruhu, ab-havası, emalatxanaları və müəllimlərin düşüncə tərzi insanın daxilində qeyri-ixtiyari iz buraxır. Sən oranı bitirib gedirsən, amma orada qazandığın baxış tərzi səninlə birlikdə yaşayır.

Kazım müəllim də Akademiyanın həmin ruhunu yaradan insanlardan biri idi. Akademiyada memarlıq təhsilinin əsasını qoyanlardan biri məhz o olmuşdu…

Bilirsiniz, əsl memarlarda bir xüsusiyyət var: onlar yaşadıqları şəhərin daha gözəl, daha düzgün və daha mükəmməl olmasını istəyirlər. Şəhərin görünüşünü şəxsi maraqlar və pul müqabilində korlayan memarlardan fərqli olaraq, Kazım Ağabəyov bizə şəhərdə edilən səhvləri daim göstərirdi. O, həmin binaların şəhərə, insanlara və ümumi mühitə necə təsir etdiyini izah edirdi.

Bəlkə də bu gün şəhərdə gördüyüm hər bir yanlış detalın məni narahat etməsinin səbəbi onun dərsləridir.

Bilmirəm, müəllimimin bu xüsusiyyətini zamanla mənimsəmişəm, yoxsa mükəmməllik axtarışı əvvəldən xarakterimdə olub. Amma bildiyim bir şey var: bu gün şəhərə, memarlığa və insanla məkan arasındakı münasibətə baxışımda Kazım müəllimin böyük payı var.

Bəzi müəllimlər dərs bitdikdən sonra həyatımızdan çıxırlar. Bəziləri isə auditoriyada söylədikləri bir cümlə, göstərdikləri bir səhv, verdikləri bir məsləhət və aşıladıqları düşüncə tərzi ilə illər sonra da bizimlə qalırlar.

Kazım müəllim ikinci kateqoriya müəllimlərə aid idi..

O, bu gün aramızda olmasa da, yetişdirdiyi tələbələrin düşüncələrində, layihələrində, şəhərə baxışlarında və yaratdıqları məkanlarda yaşamağa davam edir.

Ruhunuz şad olsun, müəllim.

Siz bizimlə yaşayırsınız.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir