Skip to content

Bukinist

Mən XX əsrin sonuncu nümayəndələrindənəm. Sovet dövrünü görməmişəm, amma ondan sonrakı illər uşaqlıq yaddaşımda kifayət qədər aydın qalıb.

Ölkəmiz SSRİ əsarətindən çıxandan sonra hər şey alt-üst olmuşdu. Bütün sahələrdə olduğu kimi, bu vəziyyət kitab sənayesindən də yan keçməmişdi. Ölkədə nəşriyyatlar əvvəlki kimi işləyə bilmir, kitab mağazalarının sayı azalır və kitab tapmaq çətinləşirdi. Əsasən rus dilində kitablar ayrı-ayrı şəxslər tərəfindən ölkəyə gətirilir və bəziləri indiki Nizami küçəsində “piştaxtalar” arxasında satılardı. Azərbaycandilli oxucu isə sovet nəşri kitablara möhtac idi və həmin kitabları tapmaq üçün əsasən bukinistlərə üz tuturdu. Həmin illərdə şəhərin müxtəlif yerlərində kifayət qədər bukinist fəaliyyət göstərirdi.

Sovet dövründə evlərdə böyük şəxsi kitabxanaların olması adi hal idi. Sovet İttifaqı dağıldıqdan sonra isə maddi çətinliklərlə üzləşən insanlar həmin kitabları tədricən bukinistlərə satmağa başladılar. Lakin satanlarla yanaşı, onları almağa maraqlı olanlar da az deyildi.

O dövrdə kitab axtaranlar üçün bukinistlər əsas ünvanlardan birinə çevrilmişdi. Bakıda bukinistlər digər ölkələrdəki kimi vahid bir mərkəzdə toplanmamış, şəhərin müxtəlif yerlərinə səpələnmişdilər. Buna baxmayaraq, kitab oxuyan şəhər əhalisi onların harada olduğunu yaxşı bilirdi. Hətta müəyyən bukinistlərin öz daimi müştəriləri də formalaşmışdı.

Bu proses təxminən 2005–2010-cu illərə qədər davam etdi. Artıq Azərbaycan dilinə müxtəlif kitablar tərcümə olunurdu, lakin bu tərcümələr hələ də kifayət qədər deyildi. Sovet dövründə formalaşmış düşüncə tərzinin təsiri ilə bir çox müəllif hələ də kitablarını rus dilində yazırdı, xüsusən də elmi kitabları.

Bu arada əlifbamız dəyişdi. Yeni nəsildə kiril əlifbasını bilməyənlər də oldu. Beləliklə, əvvəlki nəsillərin oxuduğu kitablarla bugünkü nəsil arasında bir növ dil baryeri yarandı.

Bu dövrdə “Qanun” nəşriyyatı da yaranmışdı. Bizlər “Qanun”a çox şey borcluyuq deyə düşünürəm. Çünki yeni nəslin kitab oxumağa marağının artmasında “Qanun”un böyük rolu oldu.

Kitab oxumağa marağı artan gənclər paralel olaraq bukinistlərə də üz tuturdular. Mən də bukinistlərə az getmirdim. Elman dayının qapısındakı zınqırovun səsi, içəridəki döşəmənin cığıltısı hələ də qulağımdadır.

Zamanla nəşriyyatların sayı artdı, kitablar çoxaldı, kitab mağazaları daha əlçatan oldu. Bukinist axtarmaqdansa, yolüstü kitab mağazasına girib istədiyin kitabı almaq asanlaşdı. Köhnə kitablar isə tədricən book cafe-lərin divarlarını bəzəməyə başladı. Elə Elman dayının bukinisti də book cafe-yə çevrildi.

Bu gün köhnə bir kitab axtarmaq üçün yolumu bukinistlərə salmaq istədim. Amma məlum oldu ki, bu boyda Bakıda cəmi 2-3 bukinist qalıb. Təsəvvür edə bilirsiniz?

Ondan daha dəhşətlisi isə “Yaxınlıqda bukinist olmalıdır. Harada olduğunu bilirsiniz?” Sualıma “Bukinist nədir?” cavabını eşitdim. Bir vaxtlar hər kəsin yaxşı tanıdığı bu məkanlar indi yad bir kəliməyə çevrilib.

Bukinistlərlə birlikdə köhnə kitabxanalar da bağlandı. Kitabxanaya abunə olub kitab götürüb oxuya bildiyimiz günlər artıq uzaq keçmişdə qalıb. Taxta siyirtmələrdə kart kataloqu axtarmaq isə yaddaşlarda qalan bir mənzərəyə çevrilib.

Bilmirəm, bəlkə burada da interneti günahlandırmalıyıq. PDF kitablar bukinistləri və kitabxanaları yox etdi?

Amma məsələni yalnız texnologiyanın dəyişməsi ilə izah etmək mənə bir qədər asan görünür. Çünki memarlar yeni tikililərə meyl etdiyi qədər tarixi qorumağı da sevir. Tarixi qorumağın yollarından biri isə onun istifadə formasını dəyişdirməkdir. Necə ki, bir bukinist book cafe-yə çevrilə bilər.

Amma məsələ bukinistlərin azalması ilə bitmir. Şəhərin müəyyən yaddaş məkanları yoxa çıxır. Bukinist, köhnə kitabxana, məhəllə dükanı və ya illərlə eyni funksiyanı daşıyan bir emalatxana şəhərin yaddaşının bir hissəsidir. Mənə pis təsir edən isə əslində özümüzün bu məsələyə laqeyd yanaşmağımızdır.

Bəli, bir obyekt zamanla öz funksiyasını itirə bilər. Amma bu, bütün dünyada gedən təbii bir prosesdir. Məsələn, məhəllə marketləri dünyanın bir çox yerində artıq əvvəlki qədər yaxşı satış edə bilmir. İnsanların alış-veriş vərdişləri dəyişir, böyük marketlər və onlayn alış-veriş kiçik dükanların yerini tutur. Amma bukinistlər bütün dünyada öz aktuallığını müəyyən qədər qoruya bildiyi halda, niyə bizdə bu qədər tez yoxa çıxırlar? Bəlkə də çıxış yolu olaraq müasir kitab mağazaları ilə bukinistləri bir araya gətirən ortaq və mərkəzləşdirilmiş bir məkan yaratmaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir