Yağış və Memarlıq. Yağış damlası dənizə düşəndə, artıq yağış yox, dəniz olur. Əslində yağışın yaranmasına səbəb elə dənizin buxarlanması deyilmi? Təbiətdə hər şey bir-birinə bağlıdır, hər başlanğıc başqa bir sonun davamıdır. Biz bu dairənin ən maraqlı hissəsində yaşayırıq. Coğrafi olaraq şanslı bölgədə yerləşmişik. Hər bir mövsümü yaşayırıq, bir çox bitkini dada bilirik. Evlərimizidə bütün iqlimlərə tab gətirəcək şəkildə tikirik.
Lakin dünyanın elə bölgələri var ki, orada iqlim birrənglidir. Məsələn, bəzi yerlərdə yağış demək olar ki, fasiləsiz davam edir. Təbii olaraq, oranın memarlığıda yağışa uyğun formalaşır. Damların daha dik olması, materialların suya davamlı seçilməsi və həyətlərin drenaj sistemi ilə təchiz edilməsi buna nümunədir. Necə ki, günəşli ölkələrdə evlər istiliyi azaltmaq üçün tikilirsə, yağışlı iqlimlərdə də məqsəd su ilə mübarizə yox, onunla uyğunlaşmaq olur.Suyun axışı doğru planlanıbsa, damcılar binanı qoruyur; əks halda, izlər buraxır, daşı yuyur, metaldan pas sızır. Yağış bizə göstərir ki, memarlıq yalnız divar və tavan qurmaq deyil, həm də təbiətin axışını idarə etməkdir. Yağışlı havada memarlığı izləmək bir dərs kimidir. İnsan anlamağa başlayır ki, material seçimi yalnız gözəllik üçün edilmir — daşın suyu necə hopdurduğu, şüşənin damcıları necə sürüşdürdüyü, betonun nəm altında necə dəyişdiyi şəhərin gələcəyini müəyyən edir. Deməli, yağış sadəcə hava hadisəsi deyil; o, memarlığın gizli səhvlərini də, dahi həllərini də ortaya çıxaran bir güzgüdür.
Mawsynram kəndi (Hindistan): Yer üzündəki ən yağışlı yer
Mawsynram ildə 11,873 mm-dən çox yağıntı alması ilə dünyada seçilən yerlərdən biridir. Bu nadir hal əsasən onun yerləşdiyi coğrafi mövqelə bağlıdır. Benqal körfəzindən qalxan isti və rütubətli hava kütlələri Xasi təpələrinə çatdıqda yüksəlməyə məcbur olur. Yuxarıya qalxdıqca soyuyan hava kondensasiya prosesinə girir və nəticədə intensiv leysanlar baş verir. Təpələrin xüsusi düzülüşü isə bu prosesi daha da gücləndirərək yağışların davamlı olmasına şərait yaradır.
Belə bir iqlim həm gündəlik çətinliklər, həm də unikal imkanlar yaradır. Yerli əhali güclü yağışları həyatlarının bir hissəsinə çevirməyi bacarıb: kənd təsərrüfatı, mədəni ənənələr və hətta memarlıq bu şəraitə uyğunlaşdırılıb.
Daimi yağış altında yaşamaq üçün müxtəlif uyğunlaşmalar zəruri olub. Məsələn, evlərin tikintisində səskeçirməyən materiallardan istifadə edilir ki, yağış damcılarının fasiləsiz səsi daxili rahatlığı pozmasın. Ənənəvi tikililər isə həm davamlılığa, həm də fırtınalar arasında insanlara isti və təhlükəsiz məkan yaratmağa yönəlib.
Rumah adat (İndoneziya)
Ənənəvi İndoneziya evlərinin damı adətən çox kəskin maili olur. Güclü tropik yağışın tez bir zamanda sönməsinə imkan verir və böyük asma karniz suyu evdən uzaqlaşdırır və istidə kölgə yaradır. İsti və rütubətli sahilyanı ərazilərdə evlərdə yaxşı çarpaz ventilyasiya təmin edən çoxlu pəncərələr ola bilər, halbuki daha soyuq dağlıq ərazilərdə evlərin geniş damı və bir neçə pəncərəsi olur.

İndoneziya seysmik aktiv zonada yerləşdiyindən, Rumah Adat evlərinin əsas funksiyalarından biri zəlzələlərə qarşı davamlılıqdır. Bu evlər dirəklər üzərində qurulduğu üçün şok dalğalarını udaraq dağıntı riskini azaldır. Eyni zamanda, yüksəklikdə inşa edilmələri rütubətli iqlimə uyğunlaşmağa imkan verir: binalar rütubətdən, daşqınlardan və su vasitəsilə yayılan xəstəliklərdən qorunur. Bu xüsusiyyətlərə görə evləri çay yataqları və bataqlıq sahələrinin yaxınlığında da təhlükəsiz şəkildə tikmək mümkün olur.
Rumah Adatın iqlimə uyğunluğu yalnız dirəklərlə məhdudlaşmır. Ənənəvi planlama çarpaz ventilyasiya yaradaraq isti tropik havanın dövranını təmin edir. Dik dam örtükləri musson yağışlarının tezliklə axmasına şərait yaradır, çıxıntılı karnizlər isə həm kölgəlik verir, həm də daxili məkanı quru saxlayır. Tikinti materiallarının və texnikalarının seçimi bu evləri sürətlə dəyişən şəhər mühitində yerli mədəniyyətin davamlı memarlıq nümunəsi kimi önə çıxarır.
Yekun olaraq demək olar ki, yağış və memarlıq arasındakı əlaqə yalnız estetika və funksionallıqdan ibarət deyil, həm də insanın təbiətlə qurduğu əlaqədir. Yağış memarlığı sınayır, məkanın zəif tərəflərini göstərir, həmçinin dahi həllərini ortaya qoyur. Havalandırma sistemləri və drenaj planları sadəcə texniki detallardan ibarət deyil; onlar insan həyatını qoruyan, təbiətlə harmoniya yaradan strateji qərarlardır. Bəs sizcə biz Azərbaycanda iqlimin ritminə uyğun yaşaya bilirik?