Skip to content

Xalçaların Unudulan Missiyası

Bu gün ev alarkən və ya təmir etdirərkən bir çox detalı nəzərə alırıq – dizayn, rənglər, materiallar… və əlbəttə, səs izolyasiyası. Artıq demək olar ki, hər kəs qonşulardan gələn səslərin narahatedici ola biləcəyini ya əvvəlcədən bilir, ya da yaşaya-yaşaya öyrənir. Amma heç düşündünüzmü, niyə bu problem əvvəllər bu qədər hiss olunmurdu?

Keçmişdə evlərin interyeri bir qədər fərqli idi. Bu gün divarlarda asdığımız tablolar sadəcə dekorativ bir elementdir. Lakin bir zamanlar, yəni valideynlərimizin, nənə-babalarımızın evlərində divarlarda tez-tez xalçalar asılmış olardı. Və bu xalçaların təkcə gözəllik məqsədi yox idi, onların çoxsaylı funksiyaları vardı.

Əvvəla, divara asılan yun xalçalar səsi udurdu. Bu, evin içində səslərin yayılmasının qarşısını alır, eyni zamanda qonşulardan gələn səsləri zəiflədir, bir növ səs izolyasiyası yaradırdı. İkinci bir faydası – istilik. Xalça divarı örtürdü və evin içərisində istiliyi daha uzun müddət saxlamağa kömək edirdi. O vaxtlar indiki kimi güclü isitmə sistemləri yox idi və insanlar evlərini bu cür praktik üsullarla daha isti saxlayırdılar. Üstəlik, o dövr üçün bu xalçalar estetik baxımdan da olduqca dəyərli hesab olunurdu, hər birinin öz naxışı, öz hekayəsi vardı.

Bugünkü interyerlərdə isə ipək xalçalara üstünlük verilir. Keçmişin yun xalçaları həm fiziki olaraq ağırdır, həm də onların parlaq, canlı rəngləri indiki mat, sakit tonlara alışmış gözlərimiz üçün bir az “çox” görünə bilər. Çünki artıq dizayn baxımından daha minimal, daha sakit mühitlərə üstünlük veririk.

Lakin bu zərif ipək xalçalarınmənfi tərəfi odur ki, onlar funksionallıq baxımından keçmişin yun xalçaları ilə rəqabət apara bilmirlər. İpək xalçalar nə səsi udur, nə də yetəri qədər isti saxlayır. Bu xalçalar dekorun bir parçası olaraq qalıb amma funksionallıqları ikinci plana keçib.

Xalçaların əhəmiyyəti təkcə evin içində bitmir. Uşaqlığını 2000-ci illərə qədər keçirmiş olanlar yaxşı xatırlayarlar: yay aylarında həyətə xalça sərilərdi və uşaqlar onun üzərində oynayardılar. Bu, sadəcə rahatlıq və ya təmizlik üçün deyildi. Bunun arxasında əslində çox ağıllı bir məntiq dayanırdı – xalçalar böcəklərin uşaqlara yaxınlaşmasının qarşısını alırdı. Ənənəvi xalçalar sıx toxunduğu üçün torpaqdan və ətrafdan gələn xırda həşəratlar onun arasından keçə bilmirdi. Beləcə uşaqlar həm təhlükəsiz, həm də rahat bir səth üzərində oynayırdı.

Bəlkə də bu gün belə xırda detallara çox da fikir vermirik. Amma keçmişin bu ağıllı, eyni zamanda estetik yanaşmaları bizə bir şeyi xatırladır: funksionallıqla gözəlliyi bir arada yaşamaq mümkündür. Sadəcə bəzən keçmişə qısa bir baxış kifayətdir ki, bu günə yeni gözlə baxaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir