Bu gün memarlıq üslublarından yazacam. Amma onların özəlliklərini və bir-birindən necə fərqləndiyini izah etməyəcəm, bu haqda internetdə kifayət qədər məlumat var. Mən əvvəlki yazılarımda olduğu kimi, bu mövzuya da daha çox sosial-psixoloji baxış bucağından yanaşmaq istəyirəm.
Müasir dünyada bədən dili, jestlərin mənası, ilk təəssürat kimi anlayışlar tez-tez gündəmə gətirilir. Bunları xüsusi şəkildə öyrənməsək belə, həyat təcrübəmizi “intuisiya” adlandırıb, qarşımızdakı insan haqqında ilk görüşdən müəyyən qənaətlər formalaşdırırıq. Binalara baxanda da eyni proses baş verir, onları görən kimi zehnimizdə hansısa fikir, hiss və ya assosiasiya yaranır.
Canlı varlıqların xüsusiyyətlərindən yola çıxaraq, nə qədər çox nəticə çıxara bildiyimizi nəzərə alsaq, fərqli memarlıq üslublarına niyə bu qədər fərqli reaksiyalar verdiyimizi anlaya bilərik. İki insanın dodaqları arasındakı bir neçə millimetrlik fərq bizə bu insanlardan birini “laqeyd”, o birini isə “yardımsevər” adlandırmağa imkan verirsə, iki pəncərə və ya iki dam arasındakı fərqin bizim üçün bu qədər əhəmiyyətli olmasına təəccüblənməməliyik.
Bir binanı çirkin hesab etməyimizin səbəbi bəlkə də onun fasad görünüşündə zehnimizdə xoşlanmadığımız bir elementi və ya bizə bir canlını xatırladan xüsusiyyəti ehtiva etməsidir. Eyni şəkildə, başqa bir binanı gözəl hesab etdiyimiz zaman əslində demək istəyirik ki, “əgər bu bina canlı bir varlıq olsaydı, onun xarakterini bəyənərdim”.
Deməli, memarlıq əsərlərində axtardığımız xüsusiyyətlərlə bir dostda axtardığımız xüsusiyyətlər arasında elə də böyük fərq yoxdur. “Gözəl” dediyimiz əşyalar, sevdiyimiz insanların xüsusiyyətlərini daşıyır:
- Yardımsevər və mehriban
- Mərhəmətsiz və bədbin
- Axmaq və cinsi meylli
İnsan kimi üslublar
Mən binalara canlı kimi yanaşmağı sevirəm, onlara baxıb xarakterlərini, kimliklərini tarixlərini müəyyən etmək maraqlıdır. Bir binaya baxıb “o insan olsaydı necə olardı?” sualını tez-tez verirəm. Misal şüşəli düz binalar məncə insan olsaydı psixoloq işləyərdi. Çünki bizə özümüzü göstərir. Bizə heçnə demir, heç bir detal yoxdur, heç bir element yoxdur dərinlik yoxdur, baxıb fikrə dalmırsan amma ona baxıb öz əksini şüşədə görürsən. Psixoloqlarda elə deyilmi? Heçnə demir, sadəcə sənə səni göstərir.
Mən surrealist üslubla dostluq edərdim. Fikrimcə çox əyləncəli dost olardı, təxmin edilməz, təkrarolunmaz. Mənə məntiqin sərhədlərini aşmağı, gözlə görünməyəni hiss etməyi öyrədərdi. Bəzən çaşdırar, amma heç vaxt darıxdırmazdı.
Onun düşüncə tərzi rəngarəng və sərbəstdir; hər şeyi fərqli bir baxış bucağından görür. Bir anda sənin gündəlik həyatını, bir saat sonra isə xəyallarını dəyişdirə bilər. O, bəzən çaşdırır, bəzən qorxudur, amma həmişə ilham verir. Onun məntiqi tamamilə fərqli işləyir, sən adi bir səbəbi və nəticəni gözləyərkən o, tam başqa bir yolu göstərər.

Qotik üslub maraqlı həmsöhbət olardı; dünya görüşü geniş, baxışı dərin, təhlil qabiliyyəti yüksəkdir. Onunla söhbət edərkən hər detala toxunan, bir hekayə kəşf edərdim deyə düşünürəm. Mən bu binaları qoca insanlarla, daha doğrusu qoca alimlərə assosiasiya edirəm. Fasadındakı hər element, sanki üzündəki qırışlardır, təcrübəni, bilikləri göstərir.

Çox şey bilir, amma danışmır; daha çox dərin suallar verərək sənin düşüncəni oyadır, səni öz cavablarını tapmağa məcbur edir. Hansısa bir binaya baxıb onun əzəməti qarşısında fikrə dalmısınız? Qotik binalar elədir səssiz, amma eyni zamanda sənin zehnində ağırlıq yaradan, hər detala diqqət yetirməyə vadar edən şəxsiyyətdir.
Barokko. Əgər bu üslub insan olsaydı, onunla dostluq etmək mənim üçün həm yorucu, həm də valehedici bir təcrübə olardı. O heç vaxt sadə geyinməzdi; hər bir hərəkəti sanki göstəriş üçündür, daim mərkəzdə olmaq istəyər, bir az da şıltaq bir parıltısı olardı. Mənim kimi sadəlik sevən biri üçün onunla dostluq biraz yorucu olardı.

Brutalizm, sakit, sərt, hisslərini gizlədən, amma içində heyrətamiz bir dürüstlük daşıyan biri olardı. Onunla dostluq əvvəlcə çətin görünə bilərdi, amma bir dəfə yaxınlaşdıqdan sonra heç vaxt səni yarı yolda qoymazdı. Necədə bir-birimizə oxşarıq.

Brutalizm sadə geyinər, heç vaxt artıq aksessuar istifadə etməz, çünki təbii və çox gözəl aksesuarlara sahibdir. Bu üslub yalançı romantikaya inanmır.
O, hər şeyi olduğu kimi qəbul edir: “Həyat həmişə ədalətli deyil? Olsun, yenə də davam edirik.”
Minimalizm, sözlərini israf etməyən, amma varlığı ilə daxili sabitlik gətirən dost olardı. Barokko teatr, Brutalizm səmimi sərtlik idisə, minimalizm sükutun özüdür. Depresiyadaykən qapısını döysən səni daha çox depressiyaya salar; sevincini bölüşsən, şərik çıxmaz. Amma həyatın yükü ağırlaşanda, yorulub ona sığınırsansa, sənə yaxşı sığınacaq olacaq.

Dekonstruktivizm, nə vaxt nə edəcəyi bəlli olmayan bir şəxsiyyətdir. Ehtiyacın olanda yanında da ola bilər, yaxud heç bir səbəb göstərmədən üz çevirib gedə bilər. Ona “niyə belə etdin?” deyə bilməzsən; sadəcə keyfi belə istəyib.

Amma bütün bu gözlənilməzliyinin içində çərçivələri dağıdan, strukturu sorğulayan, özünəməxsus maraqlı bir düşüncə tərzinə sahibdir. Onun yanında heç nə sabit deyil, hər detal dəyişə bilər. Dekonstruktivizm dost kimi sənə sərhədləri sorğulamağı, öyrəşdiyin qaydaları yenidən gözdən keçirməyi öyrədir. Onun varlığı həyəcanvericidir.
Hər üslubun öz ritmi var. Barokko teatr, brutalizm sərt səmimiyyət, minimalizm sakitlik, surrealizm əyləncə və gözlənilməzlik. Və biz bu binalarla, bu üslublarla qarşılaşdıqca yalnız şəhəri deyil, özümüzü də daha yaxşı tanıyırıq. Onları tanımaq, hiss etmək, onlarla “dostluq etmək” həyatımızı daha rəngli və zəngin edir.
Bu yazdıqlarım sizə qəribə görünür bilirəm amma bəzən insan öz düşüncə sərhədlərini aşmalıdır. Cansıza canlı, canlıya isə cansız kimi baxmağı bacarmalıdır. Məhz bu, memarlığı və ətrafımızı dərindən anlamağın açarıdır.