Təbiətin elə sehrli hadisələri var ki, onları nadir hallarda görünür və bir dəfə göründümü, insanın yaddaşından silinmir…
Bu qış Bakının sehrli dumanı da belə idi. Dənizlə dumanın bir-birinə qarışması, binaların yox olması… Şəhər sanki öz sərhədlərini itirmişdi. Əminəm ki, o anı ömrüm boyu unutmayacağam. Bəlkə də o gün ilk dəfə şəhər mühitində özümü tam sərbəst hiss etmişdim. Sanki heç kəs və heç bir qurğu məni izləyə bilməzdi.
Uşaqlığıma aid başqa bir sehrli an da var. Bu, bəlkə nadir təbiət hadisəsi deyil, amma şəhər mühitində yaşayan insanlar üçün indi onu görmək demək olar ki, mümkünsüzdür. Bəhs etdiyim ulduzlu gecələrdir.
Uşaqlığıma qayıdıb yenidən o ulduzları izləmək istəyərdim. Gecənin qaranlığında onların necə parladığını, təkcə səmanı deyil, bütün dünyanı necə işıqlandırdığını görmək istəyərdim. Bəlkə də özümü xoşbəxt hiss etməliyəm ki, ulduzların gecəni necə işıqlandırdığının şahidi olmuşam.
Bu gün daha təhlükəsiz, daha işıqlı şəhərlər qurmaq naminə bir çox sehrli təbii anı itirmişik. Küçə lampaları, reklam lövhələri, binaların işıqları ulduzları itirib.
Gələcək nəsil köhnə detektiv kitablarında rast gəldiyimiz “ulduzlarin işığında qatili gördük” ifadəsini bəlkə də heç vaxt tam mənası ilə anlaya bilməyəcək. Onlar bunu sadəcə poetik bir təsvir, yazıçının şişirtməsi kimi qəbul edəcəklər.
Amma ən pisi bilirsiniz nədir?
Mən artıq rayona, kəndə gedəndə də əvvəlki kimi ulduzları görə bilmirəm. Ya kəndlərdə də hava çirklənib, ya işıqlar çoxalıb, ya da gözüm süni işığa o qədər öyrəşib ki, təbiətin sakit işığını seçmək istəmir.
Şəhərin təhlükəsiz olması üçün gecəni məhv etmək lazımdır?
Dünyanın bəzi şəhərləri sübut edir ki, təhlükəsizliklə qaranlıq bir-birinin düşməni deyil.
Məsələn, ABŞ-ın Tucson şəhərində ulduzlu səmanı qorumaq üçün işıqlandırma qaydaları sərtləşdirilib. Küçə lampaları göyə deyil, birbaşa yerə və yola yönəldilir. Beləliklə, həm insanların hərəkət etdiyi məkanlar işıqlanır, həm də səma lazımsız işıqla örtülmür.
Paris də işıq çirklənməsini azaltmaq üçün yeni yanaşmalar üzərində işləyir.
Amma mənim ən çox xoşuma gələn yanaşma Amsterdamdadır. Orada bəzi məkanlarda ağıllı işıqlandırma sistemlərindən istifadə olunur. Lampaların gücü gecə boyu eyni səviyyədə qalmır: insan, velosipedli və ya avtomobil yaxınlaşanda işıq artır, küçə boşalanda isə yenidən azalır.
Bu modelin ən gözəl tərəfi odur ki, gecə həm təhlükəsiz qalır, həm də şəhər boş vaxtlarda özünü daimi projektorun altında hiss etmir.
Şəhərlərin ehtiyacı çox işıq deyil, düşünülmüş işıqdır: insan gecə evinə qorxmadan gedə bilsin, amma hər addımında projektor altında olduğunu hiss etməsin; küçələr işıqlansın, amma göy də qaralmaq haqqını itirməsin. Çünki qaranlıq həmişə təhlükə demək deyil, sakit bir sahil, bəzən də uşaqlıqdan qalan ulduzlu gecədir.

