Şəhər…
Göz açdığımız, addım-addım tanıdığımız, bəzən bezdiyimiz, amma yenə də dönüb dolaşıb qayıtdığımız yer. O, sadəcə binalar, yollar, parklar və kölgəli səkilərdən ibarət deyil. Şəhər eyni zamanda bir nəfəs, ritm, hərəkətdir. İçində yaşayan insanların xəyalları ilə hər gün yenidən doğulan canlı bir orqanizmdir. Və bu canlı orqanizmin nəbzini ölçmək istəsək, baxacağımız ilk yer nəqliyyat axınıdır. Bu axın bəzən təlatümlü, bəzən isə səssiz olur. Şəhərin ritmini, onun necə düşündüyünü və bizi necə yaşatdığını bizə göstərir. Nəqliyyat təkcə bir yerdən digərinə getmək deyil; bu, insanın məkanla olan münasibətidir, hara getdiyini, necə getdiyini, oraya çatarkən içində nələri daşıdığını anlamaq cəhdidir.
Memarlıqda hər zaman forma və funksiyanın uyğunluğundan danışılır. Amma bu uyğunluğun arxasında daha incə bir əlaqə dayanır: məkanla hərəkət arasındakı rəqs. Şəhərsalma bu rəqsi ya uyğun bir vals halına gətirə bilər, ya da hər addımda bizi özümüzdən uzaqlaşdıran disharmonik bir xaos yarada bilər. Mərkəzləşdirilmiş iş bölgələri, qeyri-bərabər torpaq istifadəsi qərarları və plansız tikinti yalnız vizual xaos yaratmır, hərəkətin mənasını pozur. İnsan addım atmaq istəmir, pəncərə arxasındakı tıxacda sıxılır… və həyat ritmini itirir.
Şəhər planlamasının mərkəzində insan dayanmalıdır – avtomobil deyil, beton deyil, yalnız insan. Yəni şəhərin içində insan özünü güvənli hiss etməlidir, rahat nəfəs almalıdır, göz bəbəyi yuxarılara qalxanda yalnız divar deyil, ümid görməlidir.
İctimai nəqliyyat bunun başlanğıcıdır. Velosiped yolları isə səssiz inqilabdır. Piyada zonaları isə şəhərin ürəyidir – orada addımlar danışır, ayaq səsləri poeziyaya çevrilir. Biz memarlığı təkcə bina inşa etmək kimi yox, məna inşa etmək kimi görməliyik. Yolu düşünürüksə, o yolda gedənin ruh halını da düşünməliyik.
Velosiped yolları ilə yanaşı, yaşıl səthlər, geniş səkilər, ağac altında sığınacaq tapan skamyalar… bunlar memarlığın poetikasına aiddir. Şəhər sadəcə funksional mexanizm deyil, şəxsi təfəkkür məkanıdır. Onun içində biz gəzərkən təkcə bədənimiz hərəkət etmir, həm də ruhumuz nəfəs alır.
Ağıllı şəhərlər anlayışı tez-tez texnoloji göstəricilərlə ölçülür – sensorlar, kameralar, real vaxt məlumat axını. Amma ağıllı şəhər həm də səssiz danışan şəhərdir. Sənə lazım olanı demədən verir. Səni dinləyir. Tıxacda səbrini sınağa çəkmir, yolunu yönləndirər. Sənə “burada dayan” deməz, səni artıq dayanmalı olduğun yerə özü gətirər. Bu baxımdan “Park et və davam et” yanaşması önə çıxır. Bu sistem o zaman uğurlu sayılır ki, şəhər insanı avtomobildən enməyə razı sala bilsin. Yəni insan artıq maşında qalmaq istəməsin, şəhərin içində olmaq istəsin.
Şəhər dediyimiz şey, bəzən bizim daxili arxitekturamızın əksidir. Orada nə qədər çox tıxac varsa, içimizdə də bir o qədər qarışıqlıq var. Yol açmaq, sadəcə yolları genişləndirməklə deyil, düşüncəyə, duyğuya, nəfəsə yer açmaqla mümkündür. Bəs sən tıxaclı bir şəhərdə yoxsa tıxaclı bir ruh halında yaşayırsan?