Skip to content

Sürgün olunan şairlər, sürgün olunan binalar

Sürgün olunan şairlər, sürgün olunan binalar. Leninin “babanın” məşhur bir sözü var idi: “Oxumaq, oxumaq və yenə də oxumaq.” Sovet dövründə bu sözlər məktəblərin divarlarından asılırdı. Məqsəd uşaqlarda oxumağa maraq yaradaraq, bilikli olmağa təşviq etmək idi. Amma ironiyaya bax ki, oxuyub təfəkkürünü inkişaf etdirən böyük yazıçılar, şairlər və filosoflarımızı sürgünə göndərirdilər.

Maraqlı məqam budur ki, bu taleyə düçar olanlar yalnız 14 respublikanın ziyalıları deyildi. Elə Rusiya yazıçıları da eyni taleyi yaşayırdı, lakin fərq yalnız o idi ki, onların arasında ölüm hökmünə məhkum edilənlərin sayı xeyli az idi.

Günahsız birinə ölüm hökmünün oxunması qorxuncdur, ya Sibirə sürgün edilməsi daha ağırdır, bunu bilmək çətindir. Amma bir şey aydındır: Mikayıl Müşfiq 29 yaşında vətən xaini damğası ilə ölmək istəmirdi. Onun ruhu, arzuları və insanlığa olan sevgisi bunu qəbul etmirdi.

Onun misraları da bu fikri bizə ötürür:

“Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əlləşən
Dostdan, aşinadan necə əl çəkim?”

Sovet hakimiyyəti yalnız ağıllı beyinləri deyil, eyni zamanda görkəmli memarlıq nümunələrini də hədəfə alırdı. İsmayilliyə sarayına edilənlər haqqında əvvəlki yazılarımın birində bəhs etmişdim. Bu dəfə isə diqqətimi vaxtilə Bakının mərkəzində ucalan Aleksandr Nevski kafedralına yönəltmək istəyirəm. Çünki, şairlərimizin ruhu kimi, bu möhtəşəm bina da artıq yaddaşlarda yaşayır.

Əgər paytaxtımızdakı Aleksandr Nevski kafedralı dağıdılmasaydı, bu gün dünyanın tanınan məbədlərindən birinə çevrilər və milyonlarla insan bu möhtəşəm məbədi ziyarət edərdi. Onun ucalığı, incə detalları və əzəməti yalnız daşlarla yox, şəhərin ruhu ilə nəfəs alırdı. Bakıdakı Aleksandr Nevski kafedralı şəhərin memarlıq və dini həyatında xüsusi yer tuturdu və mənbələrdə abidənin gözəlliyi ilə möhtəşəmliyi xüsusilə vurğulanırdı.

Baş Keşiş O. Lyapidevski kilsənin qədim müsəlman qəbiristanlığında inşa olunmasını istəsədə, H.Z. Tağıyev bunun əvəzinə Teatr Meydanını təklif etdi. Lakin Bakı qubernatoru Baron fon Qrostal inadkarlıqla yalnız köhnə qəbiristanlığı nəzərdən keçirmək istədi və sonunda istədiyini əldə etdi.

Memar Robert Marfeld 1700 nəfərin yerləşə biləcəyi kilsənin layihəsini hazırlamış, tikintiyə isə polşalı memar İosif Qoslavski rəhbərlik etmişdi; bu, onun Bakıda ilk işiydi (H.Z. Tağıyevin tiktirdiyi bir çox binanın memarı məhs o olmuşdu). Kilsə əsasən Bakı sakinlərinin, o cümlədən müsəlman və yəhudi icmasının ianələri ilə tikilmişdi. H.Z. Tağıyev şəxsən 10 min rubl ianə etmişdi. Bu haqda “Tağıyev: Çar” filmində də geniş şəkildə bəhs edilir.  Kilsənin tikintisi 10 il davam etmiş və 1898-ci ildə tamamlanmışdır.

Kafedral qarışıq-qotik üslubunda, gümbəzləri qızıldan olan və əsas tac xaçı ilə birlikdə təxminən 81 metr hündürlüyündə möhtəşəm bir memarlıq abidəsi idi. Xalq arasında ona “qızıl kilsə” deyirdilər. Bu məbəd yalnız Bakının mərkəzində deyil, hətta Biləcəridən belə görünür və Zaqafqaziyada ən böyük kilsə sayılırdı.

Kilsənin təməli üçün aparılan qazıntılarda çoxlu sayda hündürlüyü təqribən 1,5 m, eni isə 80 sm olan küplər aşkar edilmişdi. Bu küplərə dəfn zamanı çoxlu zinət əşyaları, qablar və silahlar qoyulurdu, yəni məbədin tikildiyi ərazi İslam dinindən əvvəl də qədim mədəniyyətin izlərini saxlayırdı.

Stalin hakimiyyəti, 1936-cı ildə kilsəni sökmək qərarına gəldi. Müsəlmanların hesabına tikilmiş bu möhtəşəm məbəd xristianlar tərəfindən üç gün ərzində partlayıcı maddələr vasitəsilə məhv edildi. İdeologiyanın dəyişməsi və prioritetlərin fərqli istiqamətə yönəlməsi nəticəsində məbəd günümüzə gəlib çatmadı.

Bu gün həmin ərazidə Bülbül adına orta ixtisas musiqi məktəbi, 189 və 190 saylı orta ümumtəhsil məktəbləri fəaliyyət göstərir. Aleksandr Nevski kilsəsi yalnız bir bina deyil, həm də Bakının tarixi, dini və memarlıq irsinin əhəmiyyətli bir simvolu idi. Aleksandr Nevski kilsəsi artıq xatirələrdə və köhnə şəkillərdə yaşayır.

Yazıçıların, şairlərin, filosofların taleyi Sovet zülmü ilə sınağa çəkildiyi kimi, şəhərin görkəmli abidələri də bundan öz payını aldı. Bəs sizcə sovet hakimiyəti bizdə başqa hansı silinməz izlər qoydu?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir