Skip to content
Home » Su çərşənbəsi

Su çərşənbəsi

Bu gün ilk çərşənbədir — Su çərşənbəsi. Novruz çərşənbələri hər ailədə olduğu kimi bizim ailədədə hər zaman xüsusi bir təm-təraqla qeyd olunur. Xalq adət-ənənələrini özündə birləşdirən bu bayram təkcə ümumi ənənələrlə yox, həm də ailəmizin nəsildən-nəsilə ötürdüyü özəl rituallarla yaşayır.

Mənim nənəm hər su çərşənbəsində öz anasına istinad edərək mütləq lobyalı plov bişirərdi. Düzünü desəm, uşaqlıqda bu plovu heç sevmirdim və hər vəchlə nənəmi başqa bir plov növünə razı salmağa çalışırdım. Amma nənəmin bu plovu bişirmək məqsədi bayramı qırmızı plovla qarşılamaq idi.

Böyük həyətli, baxçalı evdə ömür sürmüş nənəmdə, onun anası da lobyanın qırmızı suyunu həyətə axıdaraq ilin şux, rəngli və bərəkətli keçməsini diləyərmiş. Bu gün isə eyni adəti anam davam etdirir, su çərşənbəsi ilə birlikdə təkcə təbiət yox, ailə yaddaşımız da hər il yenidən oyanır.

Digər xalqlardan fərqli olaraq, su bu torpaqlarda yaşayan insanlar üçün hər zaman xüsusi bir dəyər daşıyıb. Tarixi faktlardan yaxşı bilirik ki, bir çox Avropa ölkələrində uzun müddət suyun gigiyenik istifadəsinə yetərincə diqqət olunmadığı üçün insanlar vəba kimi ağır xəstəliklərlə üzləşiblər. Hətta bəzi mənbələrdə qeyd olunur ki, həmin dövrlərdə bu xəstəliklərin qarşısının alınmasında Şərq təbabətinin, o cümlədən Azərbaycanlı təbiblərin tövsiyələri mühüm rol oynayıb.

Bəs bu tövsiyə nə idi? Çox sadə, amma simvolik: əllərinizi su ilə yuyun.

Memarlıqda su

Su həyatımızın demək olar ki, hər sahəsində əsas komponentlərdən biridir. Memarlıq da bu təsirdən kənarda qalmayıb. Yağışlı bölgələrin memarlığından artıq danışmışdıq: dam formalarından küçə planlamasına qədər su ilə münasibət məkanı birbaşa formalaşdırır.

Şəhər mühitində isə fontanlar vasitəsilə suyun dəyərini daim vizual olaraq vurğulayırıq. Müasir memarlıqda ən möhtəşəm ictimai binaların və simvolik tikililərin qarşısına axar sular yerləşdirməklə, su funksional element əlavə olunaraqda estetik və simvolik dəyər kimi təqdim olunur. Memarlıq suyun üzərində özünü daha canlı, daha nəfəs alan bir məkan kimi ifadə edir.

Bakıya şollar suyunun çəkilməsi

Tarixən xeyriyyəçi insanlar xalqa yaxşılıq etmək istədikdə, ilk növbədə yaşadıqları kəndə, rayona su bulaqları çəkdirərdilər. Daha böyük imkan sahibləri isə bu yaxşılığı şəhər miqyasında edər, suyu bir növ ictimai nemətə çevirərdilər. Bu mənada Bakının su taleyi təkcə texniki məsələ yox, həm də xeyriyyəçilik tarixidir.

Hacı Zeynalabdin Tağıyevin Bakıya Şollar suyunu çəkdirməsi yəqin ki, çoxları üçün məlumdur. Amma bu prosesin arxasında böyük bir dövrün sosial, iqtisadi və hətta siyasi mübarizəsi dayanır. Üstəlik, bu işdə ciddi maliyyə dəstəyi göstərən Musa Nağıyev kimi xeyriyyəçilərin rolunu da unutmaq olmaz.

Hələ 1881-ci ildə Bakı Şəhər Duması Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə şəhərə su kəməri çəkmək üçün müsabiqə elan etmişdi. Növbəti illərdə Kür, Araz, Samur və Göygöl daxil olmaqla qırxdan çox layihə təklif olunsa da, hamısı yüksək xərc səbəbilə rədd edilmişdi. Sənaye baxımından sürətlə inkişaf edən Bakı su təsərrüfatı baxımından hələ də demək olar ki, orta əsr səviyyəsində qalırdı.

Su qıtlığı, kanalizasiya sisteminin olmaması və sanitar şəraitin bərbadlığı 1892-ci ildə güclü vəba epidemiyasına səbəb oldu və əsas zərbə yenə yoxsul əhaliyə dəydi. Beləliklə, su problemi təkcə texniki yox, sosial ədalət məsələsinə çevrildi.

1899-cu ildə Odessadakı beynəlxalq qurultaydan sonra ingilis mühəndisi William Heerlein Lindley Bakıya dəvət olunur. Lindley Şahdağın ətəklərində — indiki Şollar ərazisində tükənməz yeraltı su ehtiyatları aşkar edir və bu mənbənin Bakını uzun illər təmin edə biləcəyini bildirir.

Bakı

Lakin layihə müxtəlif iqtisadi maraqlar və bürokratik maneələr səbəbilə ciddi əngəllərlə üzləşir, Tağıyev öz mövqeyini ortaya qoyur və, şəxsi vəsaitindən 25 min rubl ayıraraq işə real təkan verir və Şollar suyunun Bakıya gətirilməsində həlledici rol oynayır və suyu ictimai xilasa çevirir.

Şuşaya suyun çəkilməsi

Şuşa… Dağlarla əhatə olunmuş, tarixi və mədəni zənginliyi ilə seçilən bu şəhər…

Tarixdən bilirsiniz, Şuşa çoxda qədim yaşayış məskəni deyil. Pənahəli xanım düşmənlərdən qaçaraq bir neçə şəhər dəyişdirdikdən sonra ən təpədə, Şuşada məskunlaşır.

Şuşa salındığı zaman əhalisi içməli suya çatmaq üçün sadəcə həyətlərində qazılmış quyulara ümid edirdi. Təəssüf ki, bu quyuların əksəriyyəti duzlu idi və içməyə yararlı deyildi. Şəhərdə yalnız iki içməli su quyusu var idi və 30 min nəfər üçün bu, əlbəttə, çox az idi. İnsanlar suya olan ehtiyaclarını şəhərdən 3–4 km uzaqda yerləşən dağlardan, Daşaltı və Xəlfəli çaylarının sahillərindəki çeşmələrdən təmin etməyə çalışırdılar. Su tuluqlara doldurulur, at və eşşəklərlə şəhərə gətirilirdi. Uzaq məsafədən su gətirmək isə qiymətini də artırırdı. Varlı ailələr il ərzində suya 50 rubl xərcləyirdilər, kasıb insanlar isə çox vaxt şor bulaqlara və ya damdan axan yağış sularına üz tuturdu.

Şuşa

Şuşanın içməli su problemini həll etmək üçün Xurşidbanu Natəvan 1871-ci ildə, şəhərdən yeddi kilometr uzaqda yerləşən Sarıbaba dağının ətəyindən Şuşaya su kəməri çəkdirdi.  Daha sonra şəhərdə müxtəlif bulaqlar tikildi. Bu bulaqlar su təmin etməklə yanaşı memarlıq baxımından da şəhərin incilərinə çevrildi.

Şuşada həmin bulaqlardan su içərkən, suyun həyat üçün əhəmiyyətindən əlavə, həm də insanlıq və xeyirxahlıq üçün nə qədər vacib olduğunu xatırlayıram.

Dünyanın 80%-i sudan ibarətdir, elə insan orqanizmi də təxminən eyni nisbətdə mayedir. Susuz həyat mümkün deyil. Bəlkə də atalarımız bunu daha yaxşı bildikləri üçün, suyun dəyərini bizə xatırlatmaq məqsədilə onun bayramını yəni su çərşənbəsini bizə miras qoyublar.

İlk çərşənbəniz mübarək!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir