Skip to content
Home » Spektakl Memarlığı

Spektakl Memarlığı

Spektakl Memarlığı. Aranızda teatrlara tez-tez gedənlər var? Hansı teatr janrını daha çox xoşlayırsınız? Mən pantomimə vurğunuyam. Çünki bu janrda tamaşa elə qurulur ki, hər bir spektakl izləyicini öz daxili aləmi ilə dialoqa dəvət edir. Hekayə və dialoq sözlə təqdim olunanda biz onu olduğu kimi qəbul edirik; beynimiz artıq işlənmiş bir məlumatı sadəcə qəbul edir, əlavə düşünməyə ehtiyac qalmır. Amma pantomimdə hər bir jest, hər bir səssiz pauza, hər bir hərəkət izləyicinin daxilində öz mənasını tapır. Elə buna görə də pantomimin yeri mənim üçün ayrıdır. Çünki eyni spektakla yüzlərlə insan baxsa belə, hər kəs tamamilə fərqli bir hekayə izləyir. Burada sən sadəcə izləyici deyilsən, sən həm də öz təxəyyülünün rejissorusan.

Memarlıqda spektakl

Yazıya tamaşalardan başlasam da, əslində toxunmaq istədiyim mövzu spektakl memarlığıdır. Bu anlayış ilk dəfə Guy Debordun 1967-ci ildə yazdığı “The Society of the Spectacle” əsərində ortaya çıxır. Debord deyirdi ki, müasir cəmiyyət mahiyyətə yox, görünüşə yönəlib; dəyər artıq içdə deyil, xarici təəssüratda axtarılır.

Bu düşüncə memarlığa tətbiq olunanda maraqlı və bir o qədər də narahatedici bir nəticə yaranır: məkan insanın yaşaması üçün yox, göstəriş üçün dizayn olunur. Yəni memarlıq bir növ səhnəyə çevrilir və biz həmin səhnənin fonunda mövcud oluruq.

Son illərin şəhər mənzərələrinə baxanda bu tendensiyanın nə qədər geniş yayıldığını görmək çətin deyil. Spektakl memarlığı sanki memarlığın ruhunu səhnə işıqları ilə əvəz edir və formanın məna üzərində üstün gəldiyi vizual bir şou yaradır. Monumental ölçülər, şüşə ilə örtülmüş nəhəng fasadlar, qeyri-adi şəkildə qırılıb-bükülən həndəsi formalar… Nəticədə bina bir yaşayış və ya iş yeri olmaqdan çox, “selfie fonu”na çevrilir. İnsan məkanda təcrübə yaşamır, əksinə, məkanı kamera çərçivəsində yaşayır.

Bu cür memarlıq çox vaxt iqtisadi və siyasi məqsədlərin məhsulu olur. Dövlətlər və şirkətlər üçün bu tikililər prestij, güc və ambisiya nümayişidir. Bir binanın hündürlüyü, parıltısı, qeyri-adiliyi artıq onun funksiyasından daha çox şey ifadə edir. Məkanın dəyəri insanla qurduğu əlaqədə yox, yaratdığı vizual təsirin miqyasındadır.

Spektakl memarlığı bir çoxlarının gözündə möhtəşəm görünə bilər: parıldayan səthlər, qeyri-adi formalar, ilk baxışda heyrət oyadan vizual təsir… Lakin memarlıq baxımından bu, ictimai dəyərdən uzaqlaşmanın başlanğıcıdır. Memarlığın dörd əsas qaydası var və onların birincisi funksionallıqdır. Yəni məkan insan üçün yaradılır: onun gündəlik ehtiyaclarına, həyat tərzinə uyğun olaraq.

Spektakl memarlığı isə əsasən turistlər, investorlar və xarici qonaqlar üçün nəzərdə tutulmuş “göstərilən məkanlar” yaradır. Belə tikililər real həyatın ritmini daşımır, gündəlik tələbatı nəzərə almır və insanı mərkəzdən çıxararaq onu kənara çəkir.

Rem Koolhaas bu məkanlara “junkspace” yəni “zibil məkanı” adını verir: parlaqdır, cəlbedicidir, amma mahiyyətsizdir.
Jean Baudrillard-a görə, bu memarlıq yalnız reallığın surətidir; görünür, təsir edir, lakin heç bir həqiqət daşımır.

Bu yanaşmanı konkret nümunələrlə aydınlaşdırmaq olar:

Burj Khalifa (Dubay) – texnoloji möcüzə kimi təqdim olunur, amma yerli həyat tərzi ilə əlaqəsi minimumdur. Dubayın iqlimi son dərəcə isti olduğundan şəhər tikililəri bununla uyğunlaşmalı idi. Lakin hündür mərtəbələr tikilərkən iqlim faktoru nəzərə alınmadı; nəticədə şəhərin mərkəzi küçələrinə kondisionerlər quraşdırmaq kimi paradoksal həll ortaya çıxdı.

Spektakl Memarlığı

Louvre Abu Dhabi – mədəniyyətin qlobal simvolu olsa da, eyni zamanda kapitalın və imic siyasətinin vitrini kimi çıxış edir.

Zaha Hadid-in Heydər Əliyev Mərkəzi – forması ilə heyranedicidir. Öz adıma, Zaha Hadid kimi bir memarın əl işinin ölkəmizdə olması qürurvericidir. Amma memarlığın əsas prinsiplərindən biri olan iqlimlə uyğunlaşma burada da tam nəzərə alınmayıb. Bu məkanın küləklə münasibəti Bakı şəhəri ilə harmoniyanı təmin etmir.

Las-Veqas, Disneyland, Times Square – demək olar ki, bütün “şou şəhərləri” bu prinsiplə formalaşıb. Burada məkan yaşamaq üçün deyil, seyr etmək üçün dizayn olunur. Spektakl memarlığı dünyanı vizuallaşdırır; reallığı görüntüyə çevirir.

Əlbətdə, oxuyucular həm standart tikililərə, həm də spektakl memarlığına qarşı yazdığım fikirləri oxuduqda, mənim nəyi istədiyimi və hansı yanaşmanın tərəfdarı olduğumu anlamaqda çətinlik çəkə bilərlər. Bu halda mən nəyin tərəfdarı olduğumu açıq şəkildə bildirmək istəyirəm: memarlıq nə sadəcə görünüş və güc üçün bir vasitə olmalıdır, nə də insanları yerləşdirmək üçün standart qutulardan ibarət. Memarlıq ilk növbədə insanları düşünməli, həm funksional, həm də vizual baxımdan insan yönümlü olmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir