Hər kəsin dilində eyni bir çağırış var: “Arzularının arxasınca get!” Bu cümlə motivasiya kimi səslənsə də, əslində içində bir paradoks da gizlədib. Bəzən başqalarına, bəzənsə özümüzə bu cür məsləhətlər veririk. Arzuların gerçəkləşməsi ilə xoşbəxt olacağımıza inanırıq. Amma unuduruq ki, bu xoşbəxtlik əksər hallarda anlıqdır.
Bəlkə də insan vefasız varlıqdır? Kədərimizi illərlə daşıyırıq, amma sevincimiz bir neçə gün içində solur, unudulur. Mən sonuncu dəfə bir arzumun gerçəkləşdiyini gördüyüm o günü xatırlayıram. İki-üç gün ərzində içimdə sevinc və qürur vardı. Lakin bu gün geri baxanda, həmin arzunun nə qədər mənasız və boş olduğunu görürəm. O məqsədə çatmaq üçün sərf etdiyim enerji indi mənə boşa getmiş kimi gəlir.
Eyni arzunu bölüşdüyüm, amma o nəticəyə çatmayan insanlar da var. Onlar hələ də için-için üzülür, bəlkə də mənim kimi bu arzunu əldə edənlərə qarşı paxıllıq hissi keçirirlər. Paxıllıq — nə yazıq bir duyğudur! Bəlkə də Tanrının insanlığa verdiyi ən zəif, ən aciz hiss. Qısqanclıqla yoğrulmuş bu duyğu, bəzən bizi özümüzə yadlaşdırır.
Əgər arzular həyatımızı gözəlləşdirmək üçün mövcuddursa, niyə əldə etdikdən sonra yaşadığımız xoşbəxtlik bu qədər qısaömürlü, kədər isə belə uzunömürlü olur? Bu sual bəlkə də həyatın özü qədər köhnə, amma hələ də cavabsızdır.
Bəlkə də problem arzularımızda deyil, onlara yüklədiyimiz mənalarda gizlidir. Həyatdan gözlədiklərimizi bir nəticəyə, bir hadisəyə bağladıqca, nəticə gəldikdən sonra içimizdə boşluq yaranır. Arzu gerçəkləşdi, bəs sonra? Xoşbəxtlik davam etmədi, bəs niyə?
Həyatın gözəlliyi bəlkə də məhz bu keçicilikdədir. Hər sevincin, hər arzunun, hər uğurun ömrü var. Onları əbədiləşdirə bilmərik, amma onlardan dərs ala bilərik.
Ən əsası isə odur ki, arzularımız başqalarının qaranlığına işıq tutmamalıdır. Hər kəsin yolu, arzusu, zamana ehtiyacı fərqlidir. Biz yalnız öz yolumuza fokuslana bilərik – kədəri ilə, sevinci ilə, bütün təzadları ilə.