Etiraf edim ki, tələbəlik illərində şəhərsalmanın dinamizmini tam anlaya bilmirdim. Elə buna görə də rəhmətlik Feyzulla müəllim çəkdiyim şəhərsalma nümunələrindən narazılıq edərdi. Nəzəriyyəni bilirdim: azsaylı binalar mərkəzdə, çoxsaylı binalar isə ətrafda yerləşməlidir; bu qayda elə qurulmalıdır ki, mərkəzdəki binalar hamı üçün eyni dərəcədə əlçatan olsun. Əsas yollar düz, döngələr isə minimum olmalıdır. Hündür binalar kənarlarda planlaşdırılmalıdır.
Bəli, bütün bunları bilirdim, yaxşı şəhərsalma nümunələrinə də baxırdım, amma onları sadəcə təkrarlamaq istəmirdim. Öz çəkdiklərimdə nəzəri baxımdan hər şey doğru olsa da, şəhərlər maraqsız, ruhsuz görünürdü. Lakin sonrakı illərdə memarlıq psixologiyası ilə tanış olanda bunun səbəbini anladım. Belə ki, müxtəlif növ şəhərsalma formaları mövcuddur. Bu formaların hər biri əslində öz sakinlərinə özünəməxsus bir ismarıc ötürür.
Şəhərsalmada Radial planlama
Dairəvi plan, yəni “Radial” planın əhaliyə psixoloji təsiri birlik və bərabərlikdir. Mərkəz hamıya bərabər məsafədə olur, sanki şəhərin özü insanları birləşdirir.
Siyasi baxımdan “mərkəz mənəm” düşüncəsini ifadə edir. O, səlahiyyətin və gücün simvoludur. Bütün yollar mərkəzə aparır, hər şey bir nöqtəyə yönəlir. Belə plan hakimiyyətin mərkəzləşməsini, idarəetmənin vahid nöqtədən həyata keçirilməsini əks etdirir. Mərkəzdə çox vaxt hakimiyyət binası, saray və ya dini məbəd yerləşir; bu, gücün və səlahiyyətin bir nöqtədə toplanmasını simvolizə edir. Dairə forması həm də hakimiyyətin hamıya bərabər məsafədə olması ideyasını yaradır, lakin reallıqda bu, çox vaxt mərkəzdə olanların üstün mövqeyini göstərir. Bu tip planlarda insanlar “icma hissi”ni daha çox yaşayırlar. Hər şeyin bir mərkəzə toplanması sosial əlaqələri və aidiyyət duyğusunu gücləndirir.
Radial planlama:

Şəhərsalmada Hippodam planlama
Düz və ya kvadrat, yəni “Hippodam” planların əhaliyə psixoloji təsiri nizam-intizamı, idarəolunmanı və güc strukturunu təmsil edir; hər şey ölçülüb-biçilmişdir, heç nə təsadüfi deyil.
Siyasi təsiri: bir tərəfdən bu plan idarəetməni və nəzarəti asanlaşdırır, küçələr düz və paralel olduğu üçün şəhər tam görünür, hər şey hesablana, izlənə, planlana bilir. Bu, mərkəzləşdirilmiş hakimiyyətin və dövlət nəzarətinin simvolu kimi qəbul olunur. Məsələn, imperiya dövrlərində bu cür planlar şəhərlərin hər bir hissəsini idarəetməyə açıq, şəffaf və asan nəzarət edilən olduğu üçün seçilirdi.
Barselona şəhərinin planı:

Digər tərəfdən, düz plan bərabərlik və demokratik məkan hissini də ifadə edə bilər. Çünki burada hər kəsin yolu bərabər, məkan payı simmetrikdir; heç kim “mərkəzdən kənarda” deyil. Bu, xüsusilə müasir dövrlərdə azadlıq, nizam və inkişaf ideyalarının vizual ifadəsinə çevrilib.
Yəni siyasi baxımdan düz plan həm nəzarətin simvolu, həm də bərabər imkanların göstəricisidir ki, bu da onu həm avtoritar, həm də demokratik sistemlər üçün uyğun bir forma halına gətirir.
Nyu-York şəhər planı:

Şəhərsalmada Radyal və Hippodam planlama
Bəzi şəhərlər isə həm radyal, həm də Hippodam plan elementlərini özündə birləşdirir. Misal olaraq London. Bu cür qarışıq planlaşdırma forması şəhərin həm simvolik, həm də funksional tərəflərini balanslaşdırmaq məqsədi daşıyır.
Moskva şəhərinin planı:

Hippodam planı şəhərə nizam, rasionallıq və bərabərlik gətirir — küçələr paralel və perpendikulyar şəkildə düzülür, məkanlar simmetrik bölünür, idarəetmə və hərəkət asanlaşır. Radyal plan isə mərkəzin gücünü, istiqamətliliyi və şəhərin vizual dinamizmini vurğulayır, yollar bir nöqtədən çıxaraq ətrafa yayılır, şəhərə dərinlik və enerji verir.
Bu iki sistem birləşəndə şəhər həm mərkəzləşmiş idarəetmə quruluşunu, həm də rasional təşkilatlanmanı qoruyur. Məsələn, Vaşinqton, Moskva, Paris kimi şəhərlərdə bu qarışığı açıq şəkildə görmək olur: mərkəzdən çıxan radial prospektlər bir neçə nöqtədə Hippodam tipli kvadrat və şəbəkə quruluşuna keçir.
Beləliklə, bu hibrid plan həm siyasi gücün vizual ifadəsini, həm də demokratik şəhər nizamının funksional rahatlığını bir araya gətirir.
Şəhərsalmada Diffuz planlama
Mərkəzsiz şəhərdə hamını bir yerə yığan sabit mərkəz olmadığından, bu quruluş müasir insanın daha fərdi və parçalanmış həyat ritminə uyğun gəlir. Bu cür şəhər insana geniş seçim azadlığı təqdim edir, lakin eyni zamanda tənhalıq hissi də yaradır. Hər kəsin öz kiçik gündəlik marşrutu və yaşayış dairəsi olur və sosial əlaqələr daha zəif, daha fərdiləşmiş formada qurulur.
Los-Anceles şəhərinin planı:

Siyasi mesajı: Mərkəzsiz şəhər planı, gücün və təsirin tək bir nöqtədə deyil, şəhər boyunca paylandığını göstərir. Burada idarəetmə modeli də sanki “vahid hakim mərkəz yoxdur” prinsipinə paralel gedir. Belə şəhərlər postmodern dövrün ruhunu əks etdirir: müxtəliflik, fərdiyyət və struktursuz azadlıq.
Şəhərsalma formalarına baxmaqla, insanın o şəhərdə öz yerini necə qavradığını anlamaq mümkündür. Bəs sizin şəhəriniz sizə necə təsir edir?