Modern həyatın ritmi sürət, səs və tələskənlik üzərində qurulub. Şəhərlər isə bu ritmin rezonansı ilə genişlənir, böyüyür, sərtləşir. Beton, asfalt, şüşə… İnsan özünü qorumaq istədikcə, təbiəti özündən uzaqlaşdırdı. Sanki daha az torpaq görmək, daha çox inkişaf deməkdir. Lakin inkişafın nə olduğunu yenidən sorğulamağın vaxtı çatmayıbmı?
Artıq şəhərsalma yalnız fiziki məkanların təşkili deyil, bir şüurun, bir nəfəsin, bir ruhun qurulmasıdır. İnsan üçün məkan yaratmaq lazımdır, məkana uyğun insan yaratmaq dövrü bitməlidir.
Tarix boyu insan şəhərlər saldı, divarlar ucaltdı, binalar inşa etdi. Lakin hər dəfə bir ağacı kəsdi, bir çayı betonladı, bir torpağı asfaltladı. Sənaye inqilabının gurultusu təbiətin sakit səsini boğdu. Yaşamaq üçün daha çox bina, daha çox yol, daha çox qazanc axtararkən, unudulan tək bir şey vardı “insanın kökləri”. Çünki şəhərin yaddaşı, onun torpağındadır. Hər kəsin uşaqlıqda çılpaq ayaqla qaçdığı həyəti, kölgəsində dincəldiyi bir ağacı vardır. Bu yaddaş şəhərlə birgə itir, unudulur, yox olur.
Yaşıl sahə sadə park deyil. O, insanın həyatla olan dialoqudur. Ruhun dinclik mənbəyi, yaddaşın canlandığı yerdir. Ağaclar təkcə oksigen mənbəyi deyil, həm də içimizdə susan sükutu oyadar. Bir çinar kölgəsində oturmaq, bəlkə də günümüzdəki ən dəyərli tənhalıq lüksudur.
Bir binanı inşa etmək bacarıqdır. Amma onu insan ruhuna uyğun inşa etmək, bu artıq sənətdir. Memarlıq yalnız texniki deyil, eyni zamanda etik və estetik məsuliyyətdir. Yaşıl sahələrin planlanması isə bu məsuliyyətin ən dərin ifadəsidir. Şəhərlərdə yaşıllıq sahələri yalnız funksional deyil, ontoloji əhəmiyyət daşıyır. İnsan orada var olur. Öz varlığını hiss edir. Sadəcə yaşamaq üçün deyil, yaşadıqlarını hiss etmək üçün də şəhərlərə bağlar, parklar, yaşıllıqlar lazımdır.
Bu gün isə iqlim dəyişikliyi, artan stres, fiziki və psixoloji xəstəliklər kimi qlobal çağırışlar qarşısında memarlıq sahəsinin rolu daha da genişlənir. Təkcə tibb sahəsi deyil, memarlıq da insanın rifahını qorumaq üçün aktiv cavab verməlidir. Biyofilik dizayn anlayışı isə bu kontekstdə yalnız estetik deyil, eyni zamanda həyatidir. O, insanla təbiət arasında körpü quraraq, yaşanılan məkanların həm fiziki, həm də ruhi sağlamlığa xidmət etməsini təmin edir. Bu yanaşmanın praktiki ifadəsi olaraq, binaların damlarında bağıçalar, divarlarında yaşıl fasadlar və şəhərin içində açıq yaşıl koridorlar formalaşır, bunlar gələcəyin şəhərinin əsas elementlərinə çevriləcək. Bu şəhərlər bizə sadəcə yaşamaq üçün deyil, yaşadığımızı daha dərindən hiss etmək üçün lazım olacaq.
Bir şəhər nə qədər yaşıldırsa, insan o qədər rahat nəfəs ala bilir. Hər ağac, hər çiçək, hər torpaq parçası, bizim gələcək nəsillərə olan borcumuzun bir hissəsidir. Memarlıq sadəcə bina tikmək deyil, gələcək qurmaqdır. O gələcək isə təbiətlə uyğunluq içində qurulmalıdır.
Bəs, bütün bu düşüncələrin fonunda əsas sual budur: şəhər kimin üçündür? Betonun sərtliyində yoxsa ağacın kölgəsində özünü tapan insan üçünmü? Gələcəyin şəhərləri yalnız funksionallıqla deyil, mənəvi dəyərlərlə, yaddaşla, ruhla və ən əsası insan sağlamlığına uyğun şəkildə tikilməlidir. Şəhər insan üçün olmalıdır, onu yoran yox, həm fiziki, həm də ruhi sağlamlığını qoruyan, həyat enerjisini artıran məkan olmalıdır. Əgər şəhər insanı və onun rifahını unudursa, o zaman insan da şəhəri unutmağa başlayacaq. Ona görə də bu sual artıq ritorik deyil, cavab gözləyən bir çağırışdır: şəhər kimin üçündür?