Skip to content
Home » Rəng memarlığın makiyajıdır

Rəng memarlığın makiyajıdır

İnsanların əksəriyyəti yaşıl və mavi rəngi xoşlayır. Çünki təbiətdə ən çox gördüyümüz bu iki rəngdir. Nəyi çox görsək, onu sevirik.

Təbiətin nisbətən az rast gəlinən rənglərindən biri isə qırmızıdır. Bu səbəblədə çox dəyərlidir, insanlar tərəfindən qırmızı xüsusi rəğbətlə sevilir, həm də beynimiz qırmızıya qarşı həssasdır. Bəlkə də elə buna görədir ki, qırmızı qızılgül sevgi rəmzidir.

Bəs maraqlıdır, niyə mən qırmızı rəngə qarşı bu qədər aqressivəm? Bəlkə də sadəcə xarakterim belədir yada buğa bürcü olduğum üçün. Yox, yox, bürclərə inanacaq qədər nadan deyiləm 🙂

Qırmızı Gəncə

Qırmızı şəhər dedikdə isə ilk ağlıma gələn Gəncə olur. Gəncə şəhəri ölkəmizin ən gözəl şəhərlərindən biridir. Orada tarixi binalar bir-birinə qarışır, enli küçələr isə şəhərin möhtəşəmliyini göstərir. Şəhərin tarixi binalarındakı kərpic rəngi isə oranın öz üslubunun olduğunu vurğulayır. Amma əlbətdəki memar kimliyimdən kənara çıxdıqda bu binaların kərpic rəngi, yəni qırmızımsı olmağı rəng allergiyamı mənə xatırladır. Əlbəttə, bu mənim şəxsi düşüncəmdir. Bəlkə də Bakının rəngsizliyinə alışandan sonra, Gəncənin bu şux tonuna öyrəşmək çətin olur.

Axı Bakı niyə bu qədər rəngsizləşib? Hər şəhərin öz siması, öz rəngi var. Bakının payına düşən rəng isə bejdir. Digər tərəfdən isə yaxşı ki, bejdir… qara deyil. Axı bir zamanlar Bakı həqiqətən də Qara Şəhər idi.

XIX əsrin ikinci yarısında Abşeronun neft yataqları işlənməyə başladıqda Bakı dünyanın ən böyük sənaye mərkəzlərindən birinə çevrildi. Sürətlə inkişaf edən neft sənayesi şəhərin ətrafını əhatə etdi, zavodlardan çıxan tüstü və his ərazini qara rəngə boyadı. Beləliklə, bu yerə QaraŞəhər adı verildi. O vaxtlar neftin hasilatı və nəqliyyatına yatırımlar böyük idi, ekologiya isə ikinci planda qalırdı. Artıq Bakı Qara Şəhərin günlərini geridə qoyub və bej rəngdə, daha sakit bir simaya sahibdir.

Rəngli Şəhərlər

Memarlıqda rəng insanların necə yaşadığını, şəhərin mədəni və siyasi quruluşunu əks etdirir. Məsələn, Babilin İştar qapıları mavi və göy rəngdə idi və bu, şəhərin qorunmasının səma tanrısına həsr olunduğunu bildirirdi. Antik dövrdə isə şəhərin mərkəzi ağ rənglə seçilirdi, bu da qərarların şəffaf olduğunu simvolizə edirdi. Orta əsrlərdə rənglər artıq evlərin içərisinə keçdi, ilahi işığın əksi kimi parladı.

İştar qapıları
İştar qapıları

XX əsrdə isə rəng tamamilə özünə müstəqil dil qazandı. Gaudi Barselonada yaratdığı evi möhtəşəm formaya çevirdi: divarlar ağ, göy, yaşıl və bənövşəyə qədər çalan keramika çini parçaları ilə örtülmüşdü. Modernist memarlıqla birlikdə rəng uzun müddət sönük qaldı, amma Bauhaus məktəbində və sonrakı modernist layihələrdə qırmızı, sarı və mavi detallar artıq məkanın ruhunu formalaşdırırdı.

Casa Batlló
Casa Batlló

Postmodernizmdə isə rəng həqiqətən azad oldu. Pompidu mərkəzində texniki elementlər yəni, ventilyasiya boruları, elektrik xətləri, eskalatorlar fərqli rənglərə boyanaraq vizual dilini ifadə etməyə başladı.

Pompidu
Pompidu

Hundertwasser isə şəhərləri rənglər vasitəsilə “canlandırmağa” başladı. Rəqs edən formalar, parlaq kubiklər. Məqsəd monoton şəhər mənzərəsini əyləncəli və insana xoşbəxtlik verən mühitə çevirmək idi.

Bu gün rəng insanlara xoşbəxtlik verən, məkanı  fərdi və canlı bir mühitə çevirən güclü vasitədir.

Cinayət nisbətində rəngin rolu

Sadəcə “boya” istifadə etməklə məhəllədə cinayət nisbətini azaltmaq mümkündürmü?

Maraqlıdır ki, rəng esstetik görünüşdən əlavə, həm də insanların psixologiyasına təsir edə bilir. Meksikada Pachuca şəhərinin Palpitas adlı gecəqondu məhəlləsi əvvəllər qruplar arasında ölümcül qarşıdurmalarla tanınırdı. Amma indi oranın küçələri tamam başqa rəngdə görünür. Bunun səbəbi German Crew adlı rəssamlar kollektivinin işi idi. Sakinlərlə birgə 200-dən çox evin divarlarını rəngarəng mural (divar rəsmi) əsərinə çevirdilər. Uzaqdan baxanda məhəllə göy qurşağı dalğalarına bənzəyir.

Layihənin məqsədi sosial toxumanı bərpa etmək və cinayət nisbətini azaltmaq idi. Küçələr təmizləndi, yeni işıqlar və təhlükəsizlik kameraları quraşdırıldı. Nəticə isə göz qabağındadır: cinayət nisbəti təxminən 35% azaldı, sakinlər birgə işləməyi öyrəndi və məhəlləyə yeni ruh gətirdi. Bu layihə göstərir ki, bir rəng, icma ruhunu dəyişmək və həyatı yaxşılaşdırmaq üçün kifayət ola bilər.

Əslində, rəngin bu cür yönləndirici gücündən tarix boyu planlı şəkildə istifadə olunub. Sovet hakimiyyəti də rənglərin insan psixikasına təsirindən istifadə edirdi. Yaşıl və mavi rənglər insanda sakitlik və iş həyatına qarşı müsbət münasibət formalaşdırdığı üçün yaşayış sahələrində və ictimai məkanlarda geniş tətbiq olunurdu. Bəs bu gün getdikcə bejləşən şəhərimiz bizdə hansı hissi yaratmağa çalışır?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir