Skip to content

Qoxu

Qoxu insanın dörd əsas duyğusundan biridir və yaddaşın ən güclü qapısı sayılır. Bəzən sadəcə bir qoxunu hiss etmək kifayətdir ki, zehnimiz dərhal keçmişə, uşaqlıq illərinə səyahət etsin. Unudulmuş xatirələr bir anda canlanar, hər detal yenidən gözümüzün qabağına gələr. Köz qoxusu kənddə keçirdiyimiz günlərin sakitliyini və oyanan təbiətin səssiz ritmini xatırladar, qəhvə qoxusu isə dostları səmimi söhbətlər və gözlərin içindəki parıltını. 2000-ci illərin əvvəllərində məktəb oxuyanlar üçün “salarka” qoxusu təkcə məktəb günlərini deyil, həm də kiçik macəraların və günün sonunda yaşanan o saf sevinclərin xatirəsini oyadar. Qoxular belə bir sehrə malikdir: onlar bizi sadəcə keçmişə aparmır, həm də unudulmuş hissləri, duyğuları və o anın əhəmiyyətini yenidən yaşatmağa imkan verir. Hər bir qoxu bir xatirə, hər xatirə isə bir hekayədir və məhs bu hekayələr bizə kim olduğumuzu, haradan gəldiyimizi xatırladır.

Məkanların qoxusu da insanın yaddaşında yaşayır. Bir evin yeni çəkilmiş suvaq qoxusu, taxta döşəmələrin rütubəti, köhnə kitabxanaların kağız və toz qarışığı qoxusu — bunlar hamısı memarlığın hisslərlə necə sıx bağlı olduğunu göstərir. Çünki hər bir bina, küçə və ya şəhər öz qoxusu ilə də yadda qalır.

Şəhərlər də qoxularla tanınır: Bakının “qaz” qoxusu, Xəzərdən gələn neft qoxusu, Roma küçələrindəki qəhvə və zibil qoxusu, Parisdəki yağışdan sonra daş divarlardan yayılan nəm və kanalizasiya qoxusu.… Bunlar hamısı memarlığı yalnız gözlə deyil, hisslərlə də hiss etməyin mümkün olduğunu sübut edir.

Memarlıqda qoxu bəzən görünməz bir detaldır, amma insanın məkana münasibətini müəyyən edən ən incə təcrübələrdən biridir. Bizim üçün əhəmiyyətli olan məkanlar yalnız göründüyü kimi yox, həm də hiss etdirdiyi qoxularla yadda qalır.

Qoxular yalnız xatirələrimizi oyatmır, onlar həm də məkanları, şəhərləri yaşamağımızın bir yolu kimi qarşımıza çıxır. Hər şəhərin öz qoxusu var və bu qoxular, bəzən görmədən, onun memarlığını, ritmini və atmosferini hiss etməyə imkan verir. Başqa bir şəhərə səfər etdikdə isə yaşadığınız şəhərin qoxusu üçün darıxmaq təbii bir hissdir. Bu qoxular bizi evimizə, uşaqlığımızın küçələrinə, bəzən isə sadəcə tanışlıq və rahatlıq duyğusuna qaytarır.

Mənim üçün Bakı şəhərinin qoxusu qarışıqdır. Şəhərin bir çox ərazilərindən keçərkən hər addımda “qaz” qoxusunu hiss etmək olar. Bu qoxu, Bakının urbanistik simvolu kimi, həm sənaye, həm də modern şəhər həyatını xatırladır. Xəzər dənizinin qoxusu isə birbaşa neft və dənizin qarışığıdır – bu, şəhərin tarixi sənaye köklərini, liman və ticarət həyatını xatırladan bir ətirdir. Bakı mənim üçün məhz bu iki qoxudan ibarətdir: bir tərəfdən şəhərin dinamizmi, digər tərəfdən isə dəniz və sənayenin harmoniyası.

Başqa bir nümunə kimi, Qax şəhərindən bəhs etmək istəyirəm, ora tamamilə fərqli bir duyğu oyadır. Oranın havası kristal buz kimi təmizdir. İnsan o hava ilə nəfəs aldıqda bədəni yüngülləşir, içi saf bir sükutla aydınlanır. Burada qoxu və məkan bir-birinə qarışır, təbiətin ritmi memarlığa, küçələrin səssizliyinə və məkanın harmoniyasına sirayət edir. Bu qoxu şəhərin sadəliyini, açıq sahələrini və insan-məkan əlaqəsini hiss etməyə imkan verir. Bakı və Qax arasındakı bu qoxu müqayisəsi, şəhər və təbiət mühitlərinin insan hisslərinə necə fərqli təsir etdiyini göstərir.

Memarlıq və şəhərplanlaşdırma baxımından qoxu, sadəcə bir sensor təcrübə deyil, həm də məkanın ruhunu formalaşdıran elementlərdən biridir. Şəhərlərin qoxuları, insanların o məkanla olan əlaqəsini gücləndirir, hər bir bina, küçə və meydanın təsirini artırır. Beləliklə, bir memar və ya dizayner üçün qoxu, vizual estetikadan sonra ikinci ən güclü memarlıq elementinə çevrilir – o, məkanı yaşadır, nəfəs aldırır və insanın hisslərinə toxunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir