Skip to content
Home » Qapının o üzündə

Qapının o üzündə

Hər bir valideyn övladının tərbiyəsi ilə özünəməxsus şəkildə məşğul olur. Mənim anamın da mənə uşaqlıqdan ən çox tapşırdığı, hətta ciddi şəkildə tənbeh etdiyi əsas məsələ evin söhbətini bayırda danışmamaq, amma bayırda baş verən hər şeyi gəlib evdə danışmağım idi.

O, bu qayda ilə əslində həm ailəmizi kənardan gələn müdaxilələrdən qoruyurdu, həm də məni bayırda baş verən hadisələrdən xəbərdar olub düzgün mövqe qurmağa öyrədirdi. Nə qədər böyüsəm də, bu qayda hələ də mənim üçün, bizim üçün dəyişməyən bir prinsip olaraq qalır.

Hər ailənin özünəməxsus qaydaları ola bilər. Amma ailə birliyini qorumaq naminə ailə daxilində olan söhbətlərin evdən kənara çıxmaması çox vacibdir.

Amma bəzən kənar şəxslər, hakimiyyətlər və dövlətlər də özlərini qorumaq naminə insanların ailədaxili məsələlərindən xəbərdar olmaq istəyirlər. Çünki onların düşüncəsinə əsasən, dövlət də böyük bir ailədir və ailə daxilində baş verənlər cəmiyyətə təsir edə bilər.

Sosialist dövrdə bu nəzarət kollektiv nəzarət formasında idi. Məhəllələrdə insanların həyat tərzi, ailə münasibətləri və şəxsi məsələləri haqqında məlumat toplamağa çalışan insanlar mövcud idi.

Kapitalist dövrdə isə bu məsələyə “böyük qardaş” prizmasından yanaşılır. Kameralar, işıqlar, müxtəlif nəzarət sistemləri… Hər şey insanların təhlükəsizliyi naminə izlənilir.

Müasir tikinti şirkətləri də bu yanaşmadan özlərinə pay çıxararaq, sosialist sistemindəki kollektiv nəzarət düşüncəsini kapitalist dövrdə nazik divarlarla davam etdirirlər. Yəqin güman edirlər ki, qonşu qonşunun həyatından, hətta şəxsi məsələlərindən xəbərdar olmalıdır.

Bəlkə də hesab edirlər ki, belə olduqda cinayət hadisələri azalacaq, boşanmaların və ailə daxilində baş verən problemlərin qarşısını almaq mümkün olacaq.

Amma inanın, gecə saat 4-də ailə daxilində baş verən şiddətli mübahisənin səsinə yuxudan oyandıqda, qonşunun qapısını döyüb Leopold pişik kimi “Dostlar, gəlin mehriban yaşayaq” demirəm. Mənim kimi, digər qonşular da belə vəziyyətlərdə nə edəcəyini bilmir və sadəcə mübahisənin bitməsini gözləyirik.

Rayonlarda həyət evlərində qonşuluq anlayışı hələ də tamamilə fərqlidir. İnsanlar bir-birini adı ilə tanıyır, toyunda, yasında, sevincində və çətin günündə yanında olurlar. Həyətlər bir-birinə yaxın olur, uşaqlar birlikdə böyüyür, böyüklər axşamüstü qapı önündə oturub söhbət edirlər.

Amma bütün bu yaxınlığa baxmayaraq, orada görünməz bir sərhəd də var. Hər kəs bilir ki, qonşuluq bir-birinin həyatına qarışmaq demək deyil. Evin qapısı bağlananda artıq həmin ailənin öz dünyası başlayır və bu sərhədə hörmət edilir.

Bu gün isə şəhər həyatında eyni binada illərlə yaşayan insanlar bəzən bir-birinin adını belə bilmir. Liftə birlikdə minsələr də, salamdan o yana keçmirlər. Qonşuluq münasibətləri zəifləyib, insanlar bir-birindən uzaqlaşıb.

Amma bütün bu uzaqlığa baxmayaraq, insanlar istəmədən bir-birlərinin həyatından xəbərdar olurlar. Kimin uşağı gecə ağladı, hansı mənzildə mübahisə oldu, kim qonaq qəbul etdi, kim səhərə qədər televizora baxdı — bütün bunlar müasir binalarda qonşuların gündəlik müşahidəsinə çevrilir.

Ən pisi isə budur ki, insanlar bunu bir-birinə maraq göstərdikləri üçün yox, yaşadıqları məkan onları buna məcbur etdiyi üçün bilirlər. Nazik divarlar, zəif səs izolyasiyası və keyfiyyətsiz tikinti insanların ən şəxsi anlarını belə istəmədən qonşuların eşidə biləcəyi vəziyyətə gətirir. Nəticədə insanlar bir-birini tanımadan, xarakterini və düşüncəsini bilmədən, evindən gələn səslərə əsasən qiymətləndirməyə başlayırlar.

Bəs evində belə özü kimi olmağa icazə verilməyən insan harada özü kimi ola bilər?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir