Skip to content
Home » Pəncərə vergisi və Çarlz Dikkens

Pəncərə vergisi və Çarlz Dikkens

Təsəvvür edin ki, evinizdəki pəncərələrin miqdarı həyat keyfiyyətindən çox, sosial təbəqənizi müəyyən edir.

Tarix boyu pəncərələrin ölçüsü, forması və yerləşməsi cəmiyyətin dünyaya baxışını əks etdirib. Müasir memarlıq isə pəncərə anlayışını demək olar ki, divarla eyniləşdirib. Şüşə fasadlar binanı şəffaf edir və nəticədə ev artıq evdə deyil çöldədir.

Lakin tarixdə pəncərələrin sayı sahibinə əlavə maddi yük də gətirə bilirdi. Burada söhbət təmir, təmizlik və ya istilik xərclərindən yox, vergi xərclərindən gedir. Bir vaxtlar “pəncərə” adı altında hava və təbii işığa belə vergi qoyulurdu. Necə?

İngiltərədə XVII–XVIII əsrlərdə tətbiq olunan “Pəncərə Vergisi” yalnız dövlət büdcəsini doldurmaq üçün nəzərdə tutulmamışdı. Sözü gedən vergi, eyni zamanda ev dizaynını, memarlığı və gündəlik həyat tərzini də formalaşdırırdı.

Vergi sistemi sadə idi; belə ki, evdə pəncərələrin sayı artdıqca ödənilən vergi də artırdı. Məsələn, ev üçün 2 şilinq sabit vergi ödənməli idi və pəncərələrin sayına görə dəyişkən vergi tətbiq olunurdu: əgər 10-dan çox pəncərə varsa, hər əlavə pəncərə üçün 4 şilinq, əgər 20-dən çox pəncərə varsa, hər əlavə pəncərə üçün 8 şilinq ödəmək lazım idi.

Təbii ki, bu cür vergi ev sahiblərində yaradıcılığı da stimullaşdırırdı, bəziləri pəncərələri kərpiclə hörərək vergidən yayınmağa çalışırdı. Qanun varsa, qanuna qarşı çıxan da var idi. Bu sistem İngiltərə sərhədlərini aşaraq, Fransa və Belçika kimi Avropa ölkələrində də tədbiq olunmuşdur.

pəncərə vergisi

Bununla belə, pəncərələrin bağlanması həm estetikaya, həm də sağlamlığa mənfi təsir göstərirdi. Daha az pəncərəli, kifayət qədər günəş işığı və hava sirkulyasiyası olmayan evlərdə yaşayan insanlar arasında xəstəliklər yayılmağa başladı. Yeni tikilən evlərdə vergi ödəməkdən yayınmaq üçün pəncərələrin sayını minimuma endirmək adi hala çevrildi. Güclü ictimai müxalifətə və bunun gətirdiyi estetik və sağlamlıq problemlərinə baxmayaraq, pəncərə vergisi dövlət üçün gəlir mənbəyi olduğundan 150 ildən çox qüvvədə qaldı.

Vergini tənzimləyənlər onun yarada biləcəyi davranış təsirlərini nəzərə almamışdılar. Birincisi, böyük evlərdə təkcə varlılar məskunlaşmırdı. Bu evlərdə varlılara xidmət edənlər də onlarla birlikdə yaşayırdılar. Vergidən yayınmaq istəyən yüksək gəlirli şəxslər öz yaşayış yerlərinin pəncərələrini deyil, qulluqçularının yaşadığı otaqların pəncərələrini divarlamağa başladılar.

Digər tərəfdən, aztəminatlı kirayəçilər pəncərə vergisi üçün məsuliyyət daşımırdılar. Lakin ev sahibləri vergidən yayınmaq üçün kirayə verdikləri evlərin pəncərələrini bağlayanda, bu aztəminatlı insanlar pəncərəsiz, dolayısı ilə işıqsız və havasız evlərdə yaşamağa məhkum edilirdilər.

Vəziyyət 1797-ci ildə Baş nazir Uilyam Pittin pəncərə vergisini üç dəfə artırması ilə daha da pisləşdi. Demək olar ki, bir gecədə minlərlə pəncərə divar oldu.

Pəncərə vergisi

Çarlz Dikkens

Çarlz Dikkens öz romanlarında pəncərə vergisinə diqqət çəkirdi. O yazırdı ki, «kasıblar təbiətin onlara verdiyi günəşi və təmiz havanı itirir». Dikkensin əsərlərində 19-cu əsr İngiltərəsinin qaranlıq, havasız evlərində yaşayan insanların yoxsulluğu açıq şəkildə təsvir olunur və pəncərə vergisi olduqca qəddar bir vergi kimi göstərilir.

Pəncərə vergisi və Çarlz Dikkens

Nəhayət, ictimai təzyiq və Çarlz Dikkens qalib gəldi və 1696-cı ildən qüvvədə olan bu amansız vergi 1851-ci ildə ləğv edildi.

Belə ki, 1845-ci ildə yerli səhiyyə komitəsi belə bir hesabat dərc etdi: “Biz pəncərə vergisinin son dərəcə zərərli təsirlərinin şahidi olduq. Biz bildirməkdən çəkinmirik ki, vergidən yayınmaq üçün pəncərələrin bağlanması xəstəliklərin baş verməsinin və ölüm hallarının artmasının əsas səbəbidir“.

Səhiyyə komitəsinin sərt hesabatından 5 il sonra Çarlz Dikkens vergidən narazılığını bildirərək dedi:

“Hava kimi pulsuz” deyimi köhnəlib. Pəncərə vergisi tətbiq ediləndən nə hava, nə də işıq pulsuz deyil. Biz təbiətin bu qədər səxavətlə verdiyinə ödəniş etməyə borcluyuq, bu cür xərcləri ödəyə bilməyən kasıblar isə həyatın ən təbii ehtiyaclarından ikisindən məhrumdurlar”.

Nəhayət, sağlam düşüncə qalib gəldi. Vergi tətbiq olunduqdan 156 il sonra, 1851-ci ildə ləğv edildi. Nəticədə əhali xəstəlikdən ölsə vergini ödəyəcək insanda olmayacaq, insan olmasa dövlətədə ehtiyyac yoxdur.

Bu dəfə pəncərələr açıldı lakin o vaxta qədər İngiltərədə Sənaye İnqilabı başlamış, zavod bacaları qaldırılmış, şəhərlər də pəncərələrdən tüstü və duman içində görünürdü.

Bu, Britaniyada yeganə qəribə vergi deyil. 1784-cü ildə ingilislər kərpic vergisi ödəməyə məcbur oldular, belə ki məbləğ ev tikmək üçün istifadə olunan kərpiclərin sayına görə müəyyən edilirdi. Bu qanun Amerika koloniyalarında hərbi kampaniyanı davam etdirmək üçün xəzinədarlığın vəsaiti olmadığı vaxt tətbiq olunmuşdu.

Bundan əlavə, onlar baca, papaq, hətta sabun üçün də vergi ödəyiblər. Görünür, o dövrün hökuməti hər fürsətdən istifadə edərək dövlət büdcəsini doldurmaq istəyirmiş.

Deyirlə taxma saçda başı isti saxlayır
Deyirlə taxma saçda başı isti saxlayır 🙂

Bu vergilər günümüzdə yoxdur demək istərdim. Lakin bu amansız vergilər hələ də var. İlkin məqsədindən kənara çıxan pəncərə vergisi nəinki ləğv edilməyib, hətta 200 ilə yaxındır ki, artırılır və tətbiq edilməyə davam edilir və hətta bu vergi növü avropa sərhədlərini aşıb. Digər tərəfdən, əsas funksiyası dövlət gəliri əldə etmək olan verginin memarlıqdan ədəbiyyata qədər bir çox sahədə varlığını hiss etdirməsi onu göstərir ki, vergitutmanın davranış nəticələri ilə yanaşı, fiskal və iqtisadi nəticələri də eyni dərəcədə əhəmiyyət kəsb etməlidir.

Memarlıq hər zaman ölkədə baş verən siyasi, iqtisadi, hətta dini dəyişikliklərdən təsirlənmişdir. Vergilər və digər ictimai qanunlar isə bu təsirlərin birbaşa göstəricisi kimi bəzən binaların dizaynında, şəhər planlamasında və insanların yaşayış tərzində özünü göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir