Skip to content

Ornament Cinayətdir? – Adolf Loos

Texnologiyanın sürətləndirdiyi dünyada hər şey sadələşməyə can atır. Reklamlar, interyerlər, hətta münasibətlər belə minimalizmə doğru çəkilir. Və  bu sadəlik içində bir sual yaranır. “Niyə sadəliyə maraq bu qədər artır?” Niyə artıq danışmayan, sükut içində dayanan strukturlar bizə “estetik” görünür?

Mən binaları insanlara bənzədirəm. Pəncərələr mənim aləmimdə gözlərdir, məkanın dünyaya açılan baxışları. Otaqlar isə ruhun sığınacaq yerləri, bəzən isə gizlətdiyimiz hisslərin kölgəsidir. Ornamentlər… onlar isə qırışlardır.
İnsanın üzündəki qırışlar onun nə cür həyat yaşadığını, hansı hisslərdən keçdiyini, hansı düşüncələr içində yaşadığını göstərdiyi kimi, ornamentlər də binanın kimliyini açır. Hansı dövrdə yarandığını, necə bir cəmiyyətin tələblərinə cavab verdiyini, memarın bu dünya ilə necə danışmaq istədiyini bizə göstərir. Ornament, binanın səssiz danışığıdır. Onu silmək, yaddaşı silməkdir.

Adolf Loos 1908-ci ildə yazdığı “Ornament və Cinayət” essesi ilə bu səssiz bəzəklərə qarşı açıq hücum edirdi. Onun fikrincə, ornamentlər, forma üzərinə əlavə olunmuş bəzəklər funksiyadan uzaq, boş əmək itkisi idi. O belə deyirdi:

“Bəzəkli obyekt artıq doğulduğu andan köhnəlməyə başlayır. Bu, cinayətdir – əmək cinayəti, mədəni cinayət.”

Bu fikir memarlıq tarixində dönüş nöqtəsi oldu. Amma həqiqətənmi ornament cinayətdir? Mənim üçün ornament bir cinayət yox, bir xatirədir. Ona toxunmaq – zamanla görüşmək kimidir.

Minimalist binaların hamar səthləri, dümdüz xətləri, susqun divarları… Bəli, onlar funksionaldır. Amma ruh varmı? Hafizə varmı? Toxunuş varmı?

Ornament – təkcə bəzək deyil, sənətkarın nəfəsidir. O naxışın içində bir düşüncə, bir hiss, bir zəmanə yatır. Ornamenti silmək, binanın keçmişini susdurmaq kimidir. Sanki bir insanın üzünü Photoshop-la hamarlayıb onu kimliksizləşdirmək kimidir.

Loos sənaye dövründə yaşadı – sürət, maşın, rasional xətt… Ornament onun dövründə yavaşlığın, “lazımsız” zənginliyin simvolu idi. Amma bu gün – rəqəmsal sürətin nəfəs kəsdiyi bir dövürdə bəlkə də ornament müqavimətdir.

Modern memarlıq bizə öyrətdi ki, “forma funksiyanı izləməlidir”. Bəs forma hər zaman ruhu izləyirmi?

Bəzən bir binaya daxil olarkən tavanın poetik bir naxışı, bir sütunun zərif detalı, bir pəncərə kənarındakı oyma o qədər insani gəlir ki. Onlar sadəcə “gözəl” deyil, hiss etdirən detallardır. Ornament – memarın insanla danışmaq istədiyi dildə yazılmış səssiz bir məktubdur.

Bəs səncə Ornament Cinayətdir?

1 thought on “Ornament Cinayətdir? – Adolf Loos”

  1. Pingback: İsmailiyyə Sarayı - Memarın Dəftəri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir