Skip to content
Home » Notr-Dam kilsəsi və Viktor Hüqo

Notr-Dam kilsəsi və Viktor Hüqo

Bir roman bir kilsəni sökülməkdən xilas edə bilər? Tarixdə belə hadisə olub. Müəllif – Viktor Hüqo. Roman – Paris Notr-Dam kilsəsi. Söhbətin hansı kilsədən getdiyini isə yəqin ki, hər kəs təxmin etdi.

XIX əsrin əvvəllərində Parisin mərkəzində, Sena çayının sahilində ucalan bu möhtəşəm tikili artıq əvvəlki şöhrətini itirmişdi. İnqilabdan sonra baxımsız qalmış, heykəlləri zədələnmiş, interyeri dağıdılmış, hətta sökülməsi belə müzakirə edilirdi. Kilsə artıq sadəcə köhnə bir bina kimi qəbul olunmağa başlamışdı. İnsan gözü öyrəşdiyinə qarşı necə laqeyd qalırsa, şəhər də öz memarlıq incilərinə qarşı elə laqeyd idi.

Məhz bu məqamda ədəbi mətn memarlığın müdafiəsinə qalxdı.

Viktor Hüqo “Notr-Dam de Pari” romanında sevgi və faciə hekayəsi yazmadı. O, qotik tağların kölgəsində insan talelərini yerləşdirdi. Divarların, qüllələrin, zənglərin ruhunu sözə çevirdi. O, öz romanında kilsəni baş qəhrəman etdi.

Romanın uğuru cəmiyyətdə böyük rezonans yaratdı. Onu onlarla dilə tərcümə etdilər, teatr səhnələri, ekran adaptasiyaları və muzikl versiyaları milyonlarla insana çatdı. İnsanlar Parisə axışdı, Hüqonun təsviri ilə şəhərin unudulmuş guşələrini yenidən kəşf etdilər. İnsanlar ilk dəfə olaraq həmin binaya başqa gözlə baxmağa başladılar. Bir ədəbiyyat əsəri yalnız oxucunun qəlbini fəth etmədi, həm də şəhərin özünü, onun tarixi irsini xilas etdi. 

Notr-Dam artıq sıradan bir bina deyildi; o, tarix idi, yaddaş idi, kollektiv kimlik idi. Hüqo açıq şəkildə memarlıq irsinin qorunmasını tələb edir, orta əsr abidələrinin məhv edilməsini tənqid edirdi. Ədəbiyyat burada vətəndaş mövqeyinə çevrilmişdi.

Nəticədə ictimai rəy dəyişdi. Dövlət səviyyəsində bərpa qərarı verildi və XIX əsrin ortalarında genişmiqyaslı restavrasiya işlərinə başlandı. Memar Eugène Viollet-le-Duc-un rəhbərliyi ilə aparılan bu proses kilsəyə ikinci həyat verdi. Beləliklə, bir roman təkcə oxucuların duyğularına yox, şəhərin taleyinə də təsir göstərdi.

Notr-Dam kilsəsinin tarixi

Katedralin inşasına 1163-cü ildə başlanmış və tikinti təxminən iki əsr davam etmişdir. Bu uzun zaman intervalı memarlıq üslubunun mərhələli inkişafını göstərir. Notre-Dame, Parisin dini və inzibati mərkəzi olan adada yerləşməklə şəhər planında simvolik ox yaratmış, sonradan formalaşan prospekt və meydan sistemlərinin istiqamətverici elementi olmuşdur.

Katedral ibadət məkanı olmaqla yanaşı, həm də orta əsr şəhərinin sosial platforması idi. Meydan, bazar, ictimai toplaşma və siyasi hadisələr üçün fon rolunu oynayırdı. Bu baxımdan o, memarlığın urban funksional gücünü də nümayiş etdirir.

Notr-Damın kilsəsinin Bərpası

2009-cu ildə Heydər Əliyev Fondu Notre-Dame kilsəsinin bərpasına maliyyə vəsaiti ayırdı. XI əsrə aid olan və təxminən 1500 kvadratmetr sahəni əhatə edən bu tarixi abidə fondun mədəni irsin qorunması və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətindəki fəaliyyətinə daxil edilmişdir. Fondun dəstəyi, mədəniyyətlər və dinlərarası anlayışın güclənməsinə xidmət etmişdir.

Lakin həyatın acı sürprizləri də vardır. 2019-cu ildə baş verən yanğın katedralin dam örtüyü və şpilini sarsıtdı, amma Notre-Dame ruhunu itirmədi. Bu gün o, tarixi formasına uyğun bərpa edilmiş, yenə də Parisin qəlbində, Sena çayının sahilində insanları heyran edən möhtəşəm bir simvol kimi yüksələrək Viktor Hüqoya təşəkkürünü sərgiləyir..

Bəs sizcə ölkəmizin tanınmış yazıçılarımızdan hər hansısa biri bayır şəhər haqda roman yazsa, bayır şəhəri xilas edə bilər?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir