Bir yerdə oxumuşdum: “Yaşadığın şəhərin sakini o vaxt sayılırsan ki, artıq o şəhərdə keçirilən tədbirlərdə iştirak etmirsən. Küçə konsertlərinə getmirsən, bayram tədbirləri artıq səni o qədər cəlb etmir. Festivallar sənə sadəcə xaos kimi görünür” Bu hallar səndə baş verirsə, səni təbrik edirəm – sən artıq yaşadığın şəhərlisən.
Bu fikr illərdi məni düşündürür. Bəlkə də doğrudur. Axı əvvəllər hər tədbir bizi həyəcanlandırardı. Haradasa konsert varsa gedək. Yeni festival? Mütləq iştirak edək. İndi isə… Bəs insana bu həyatda maraqlı yaşaya bilmək üçün mütləq o şəhərli olmaq lazımdır?
Yaxın keçmişdə insanlar daha stabil həyat yaşayardı. Bir şəhərdə yaşayar, bütün həyatını orada başa vurardı. Daha yaxşı həyat yaşamaq şansı olan insanlar isə hər yay aylarında eyni kəndə, eyni qəsəbəyə gedərdi. Eyni evi kirayələyər, eyni qonşularla salamlaşar, eyni çayın qırağında oturardılar. Bu təkrarlar onların həyatına qəribə bir mənalı sabitlik qatardı. Hər şey tanış, hər şey yerli idi.
İndi isə necədir?
Artıq insanlar daha çox yer görmək arzusu ilə bir ölkədən digərinə, bir şəhərdən digər şəhərə səfər edir. Bir həftəyə 3-4 şəhər gəzir. Bəs həqiqətən gəzirmi? Gəzmək görmək deməkdir? Həqiqətən görürükmü? Yoxsa sadəcə şəkil çəkib ötüb keçirik?
Biz bu gün neçə şəhərliyik? Bəlkə də heç birinin. Bəlkə də bir az hər birinin. Və ya biz hansısa şəhərə mənsub ola bilmişik?