Bəzən düşünürəm ki, şəhərlər bizi dəyişir, ya da bəlkə biz dəyişdiyimiz üçün şəhərlərə sığınırıq. Çünki böyük şəhərlərdə hər kəs tələsir. Kimisi vaxtla yarışır, kimisi taleyilə. İnsanlar bir-birinə görmədən yanından keçir, baxışlar boşluğa dikilir, səslər bir-birini eşitmir. Amma hər kəsin içində danışmaq istəyən bir şəxs var. Sadəcə, böyük şəhərlərdə bu şəxs çox vaxt susur.
Bəlkə də bu səbəbdən kəndlərin sakitliyi, yavaşlığı, səmimiliyi insanın ruhuna daha çox toxunur. Orada insanlar bir-birini tanıyır, dərdini bölüşür. Sanki həyat bir az daha yavaş, amma bir o qədər də mənalı axır.
Ümumiyyətlə, mən böyük şəhərləri romanlara, kiçik kənd və qəsəbələri isə nağıllara bənzədirəm. Nağıllar hər zaman xoşbəxt sonluqlarla bitir. Oradakı qəhrəmanlar daim xoşbəxtdirlər. Və yaxşılıq hər zaman qalib gəlir. Kəndlər də elə nağıllar kimidir: sakit, sadə, səmimi. Sanki orada zaman bir az daha yavaş axır, insanlar bir-birinə daha doğmadır, söhbətlər daha səmimi, gülümsəmələr isə daha içdəndir.
Kənd həyatı sanki bir nağıl səhifəsidir, səhər günəşi qapını döyərək içəri girir, xoruz səsi ilə oyanırsan. Uşaqlar torpaq yollarda oynayır, ağaclar illərin hekayəsini susaraq danışır. İnsanlar azdır, amma dostluqlar çox dərindir. Tənhalığın belə bir hüzuru var – qorxutmaz, əksinə qucaq açar sənə. Kəndlərdə həyatın özü sanki bizə “yaxşılıq hələ də var” deyir.
Böyük şəhərlər isə romanlara bənzəyir. Nə zaman nə olacağı bəlli deyil, hekayənin sonu necə bitəcək, təxmin etmək mümkün deyil. Romanlar kimi, bu şəhərlərdə də həyat gözlənilməz döngələrlə doludur. Və necə ki, romanlarda bəzən antiqəhrəmanlara belə simpatiya bəsləyirik, onların etdiklərinə bəzən səbəb haqq qazandlrmağa çalışırıq, eləcə də şəhərlərdə baş verən haqsızlıqlara bəzən göz yumur, bəhanələr tapırıq. Burada həyat qarışıq və yorucudur.
Amma kəndlərin nağıl kimi dünyasında yaşamaq, bəlkə də itirdiyimiz səmimiyyəti, insaniliyi və daxili sakitliyi yenidən tapmaq deməkdir. Nağıllar bizə nə öyrədir? – Hər şeyin sonunda yaxşılıq qalib gələcək. Kəndlər də bizə bunu xatırladır – sadə yaşa, saf qal və inancını itirmə.
Yenə də seçim bizə qalır – nağılın sakit, aydın dünyasınımı, yoxsa romanın dolanbaclı, bəzən qarışıq amma dərinliyinə qədər maraqlı hekayəsini yaşamaq istərik? Bəlkə də bir az ondan, bir az bundan… Çünki insan həm nağıl kimi sadə, həm roman kimi mürəkkəbdir. Əsas odur ki, harda yaşasaq da, içimizdəki səsi itirməyək. Çünki şəhərlər dəyişə bilər, amma insan özünü qoruyub saxlayanda, hər yer yaşana biləcək bir yerə çevrilir.