Mühitin və memarliğin beynə təsiri. İnsan yalnız ailəsinin və çevrəsinin məhsulu deyil. Onu böyüdən divarların, qapıların, pəncərələrin də payı var. Mən bunu böyüdüyüm evi xatırlayanda anlayıram — cəmi on iki il yaşamışdım orada, amma ömrümün xəritəsində ən dərin xətlərdən biri idi. Çünki bir insanın formalaşmasında bəzən məhz belə “qısa” müddətlər həlledici olur. Qısa deyirəm, çünki bir insan ömründə on iki il, fikrimcə, çox deyil. O evdə sevinc də yaşamışdım, qorxu da, kədər də. O evdə uşaq olmuşdum, yeniyetməyə çevrilmişdim. İndi isə düşünürəm ki bizə şəxsiyyətimizi qazandıran yalnız ailə və çevrə deyil.
Bu gün mühitdən, mühitin insan həyatına olan təsirindən danışmaq istəyirəm. Bu yaxınlarda bir məqalə oxudum, məqalədə deyilir ki, uşağın məktəbə getdiyi yol onun beyninin inkişafına əhəmiyyətli dərəcədə təsir edir. Məktəbə gedərkən oyma pəncərələrin, dar və dolama küçələrin səssiz hekayələri ilə günə başlayan bir uşaqla, hər səhər boz divarların arasında, eyni tip binaların soyuq üzləri ilə rastlaşan uşaq eyni xəyal dünyasına sahib ola bilməz.
Yəqin ki, bu müşahidəni tək mən etməmişəm: nəinki şəhər, rayon, kənd insanlarının fərqi, hətta bir şəhərin müxtəlif yerlərində yaşayan insanlar belə müxtəlif şəkildə inkişaf edir. İnsanın inkişafında əsas rol faktoru çevrəsindəki insanlardır, amma bununla yanaşı, yaşadığın şəhərin memarlığı, küçələrinin quruluşu, məhəllələrinin planı və şəhərsalmasının quruluşuda da şəxsiyyətimizə təsirsiz ötüşmür.
Bir şəhərin planlaması, küçələrin eni, pilləkənlərin hündürlüyü, günəşin otaqlara necə düşməsi, pəncərənin qarşısında hansı mənzərənin dayanması – bütün bunlar insanın emosional və zehni rifahına təsir edir. Məsələn, aşağı tavanlı bir otaqda özünü sıxılmış hiss edən biri ilə, hündür tavanlı, geniş pəncərəli bir otaqda nəfəs alan biri eyni dərəcədə sərbəst düşünə bilərmi? Və ya hər səhər məktəbə gedərkən ensiz divarların arasında sıxılmış, dar və qaranlıq keçiddən keçən bir uşaqla, tarixi fasadların simmetriyası və ritmi ilə üz-üzə gələn uşaq eyni zövq, sakitlik və estetikaya sahib ola bilərmi?
Nəzər yetirsək, dar və dolama küçələrdə addımlarımızın avtomatik yavaşladığını hiss edərik, bunun səbəbi nədir? Divarlar yaxın olduğundan görmə bucağımız daralır, beynimiz ətrafı daha diqqətlə izləməyə məcbur olur. Bu, bizi yavaşladır, detalları daha çox görməyimizə səbəb olur. Məhz buna görə tarixi şəhərlərin dar küçələrində gəzərkən, pəncərə detalları, qapı formaları, fasad naxışları daha çox yadda qalır.
Açıq sahə və uzaq görmə perspektivi insanda təhlükəsizlik və azadlıq hissi yaradır. Addımlarımız böyüyür, sürətimiz artır, nəfəsiniz açılır. Deməli, məkan bizə təkcə fiziki sığınacaq deyil, davranışımızı, ritmimizi və hətta nəfəs alma tərzimizi də diktə edir. Bu isə məni daha geniş bir müşahidəyə gətirir…
Yaxşı memarlıq yalnız gözəl görünən bina deyil, yaxşı memarlıq səni özünlə ünsiyyətə dəvət edən, səninlə ünsiyyət quran məkandır. Məsələn, kənddəki köhnə daş divarlı evin sənə verdiyi hiss, səssiz bir tənəffüs kimidir. Halbuki səs-küylü şəhərdə, şüşə və betonla dolu bir binada eyni rahatlığı tapmaq çətindir. Bəlkə də bu səbəbdən bir çox insan kəndə getmək istədikdə “dincəlməyə” gedir, halbuki fiziki iş orada daha çox olur. Demək ki, memarlıq bizi emosional olaraq da tənzimləməlidir.
Ümumiyyətlə, incəsənət sahəsində çalışanlar məni daha yaxşı anlayar: nəsə yaratmaq üçün səndən əvvəl yaradılan əsərlərin ən yaxşı nümunələrini detallı şəkildə analiz etməlisən. Memar idman kompleksi layihələndirərkən, dünyadakı ən məşhur idman komplekslərini detallı şəkildə analiz edir, sonra ondan daha yaxşısını ərsəyə gətirir. Nəticədə insan, yaxşı nümunələri hər gün gördükdə, daha yaxşı inkişaf etmirmi?
Yaşadığın Məkanın Şəxsiyyətə Təsiri
Şəhər mühitində çox qarşılaşıram: analar balaca uşaqlarına yemək yedizdirə bilmək üçün cizgi filmləri izlədirlər, hətta bir çox hallarda bu cizgi filmləri xarici dildə olur ki, uşağın qulağı həmin dilə alışsın. Bu yaxınlarda kəndə getmişdim, orada 1 yaşlı uşağa anası yemək yedirtmək üçün inək videosu izlədirdi. Bu kadr məni çox düşündürdü: mühitə görə formalaşırıq, yoxsa mühiti biz formalaşdırırıq?
Uşağın qulağı xarici dilə alışsın deyə ona cizgi filmləri göstərmək, yaxud kənddə inək videosu izlətmək — əslində hər ikisi də ətraf mühitlə uyğunlaşma prosesinin müxtəlif nümunələridir. Memarlıqda da eyni prinsiplər keçərlidir; biz də məkanları, mühiti öz ehtiyac və zövqlərimizə uyğun olaraq dəyişdiririk. Beləcə, insan və mühit bir-birinə təsir edən iki dinamik sistem kimi inkişaf edir. “Sovetski” bunun nümunəsi idi, deyə bilərik. Ehtiyaclarımız dəyişdikcə, yaşadığımız məkanı da həmin ehtiyaclara uyğun şəkildə dəyişdirdik, əlavələr etdik…
Həm şəhər həyatının, həm də kənd həyatının özünə uyğun müsbət və mənfi tərəfləri mövcuddur. Biz memarlar üçün şəhər mühitinin ən böyük iki problemi yaşıllıq azlığı və nəqliyyat sıxlığıdır. Kənd həyatında isə bu kimi problemlər ümumiyyətlə mövcud deyil. Lakin insanlar şəhər mühitinə axın edir. Düzdür, əksəriyyət iqtisadi vəziyyətlərini yaxşılaşdırmaq üçün böyük şəhərlərə üz tutur, lakin maddi imkanı yaxşı olan və rayon mühitini bəyənməyib şəhərdə yaşayan insanlar da var. Bəs bəyənmədiyimiz nədir? Şəhərsalma? İnfrastruktur? İnsanlar? Yaxud özümüz?
Memarlıq təkcə estetikadan ibarət deyil, o, insanların gündəlik həyatını, hərəkət azadlığını və sosial əlaqələrini formalaşdırır. Şəhərsalma və infrastruktur məsələləri həll edilmədikcə, insanlar öz mühitindən narazılıq edəcək. Doğru planlama ilə hər iki dünyanın üstünlüklərini yaşamaq mümkündür və məhz buna görə memarlıq həyatımızın ayrılmaz və formalaşdırıcı parçasıdır.