Heç düşünmüsünüzmü, insanlar niyə müəyyən yerlərdə məskunlaşıb?
Tarixə baxanda görürük ki, insan ilk növbədə suyun ardınca gedib. Çünki su təkcə həyat mənbəyi deyil, həm də yönverici bir qüvvədir. Harada ki su var idi, orada həyat filizlənirdi. İnsan da su kimi hərəkətdə idi, daim axıb gedir, yeni məkanlar tapır, dayanıqlı olanı axtarırdı.
Ən qədim dövrlərdə insanlar təbiətin verdiklərinə güvənirdilər. Ağacda meyvə bitəndə qalırdılar, bitməyəndə gedirdilər. Bu, sadəcə bioloji bir ehtiyac deyildi, bu həm də təbiətlə səssiz bir dialoq idi. İnsan təbiətin ritmini dinləyir, ona uyğun yaşayırdı.
Amma zamanla əkinçilik bacarığı formalaşdı. İnsanlar toxum səpməyi, ştil əkib bəsləməyi, məhsul götürməyi öyrəndilər. Bu isə böyük bir dönüş nöqtəsi oldu. Artıq bir yerdə uzun müddət yaşamaq mümkün idi. Və məhz o andan etibarən memarlıq başladı, yalnız sığınmaq üçün deyil, yaşamaq üçün məkanlar qurmaq ehtiyacı ilə.
İnsanlar bir yerdə qalmağa başlayandan sonra artıq yalnız “harada yaşamaq” deyil, “necə yaşamaq” sualı ön plana çıxdı. Torpağa bağlanan insan, çadırdan, budaqdan düzəltdiyi müvəqqəti sığınacaqları tərk edib daha dayanıqlı, soyuğa davamlı tikililər qurmağa başladı. Çünki insan sabitlik istəyirdi, həm fiziki, həm də mənəvi. Artıq hər daş yalnız küləyə qarşı dayanmırdı, həm də insana bir mənsubiyyət hissi verirdi. Memarlıq sadəcə daş-divar yığmaq deyildi. O, insanın təbiətlə, torpaqla və özü ilə qurduğu səmimi, uzunmüddətli münasibətin nəticəsi idi.
Bu dövrdə memarlıq yalnız bir peşə yox, həyat tərzinin əksi idi. İnsan necə düşünürdüsə, necə yaşayırdısa, onu tikintisinə də yansıdırdı. Beləliklə, sadə bir sığınacaq anlayışı tədricən funksional və estetik bir sənətə çevrildi.
Əkinçilik insanı yerə bağladı, memarlıq isə o yerə şəxsiyyət qazandırdı.