Skip to content
Home » Memarlığın Ruhu

Memarlığın Ruhu

Memarlığın Ruhu. Memarlıq incəsənətin bir qoludur amma rəssamlıq, heykəltaraşlıq, musiqi kimi sahələrdən fərqlənir. Onlar əsasən ideyalara, duyğulara xidmət edir, memarlıq isə həm duyğulara xidmət edir, həm də insanın ən əsas ehtiyacı olan sığınmaq və yaşamaq ehtiyacını qarşılayır. Başqa sözlə, memarlıq yalnız ideyaların ifadəsi deyil, həm də insanın gündəlik həyatına toxunan funksional yaradıcılıq sahəsidir.

Altı il memarlıq təhsili aldım və öyrəndiyim ən qeyri-adi fikirlərdən biri “layihələndirdiyin şəhər, bina və ya hər hansısa bir tikilinin ruhu olmalıdır” fikridir. Bu ruhu necə yaratmaq olar? Axı tikili doqquz ay ana bətnində böyümür, torpaq altında toxumdan yetişmir, onun necə ruhu ola bilər?

Tikiliyə ruhu verən memardır desək, yanılmarıq. Memarın gördüyü yalnız divarlar deyil; o, insanların orada necə yaşayacağını, necə hərəkət edəcəyini, baxışlarının haraya yönəldəcəyini düşünür. Bu baxımdan, düşünürəm ki, mətbəənin ixtirasından əvvəl kitab əvəzinə memarlıq oxunurdu.

Rəsm əsərinə saatlarla baxıb rəssamın nə demək istədiyini anlamağa çalışdığınız kimi, bir binanın içində gəzib memarın nə demək istədiyini anlamağa çalışmısınız? Heç olubmu bir tikilinin qarşısında oturub, orada yaşamış, yaşayan və yaşayacaq insanların həyat tərzini xəyal edəsiniz? Pəncərədə gördüyünüz bir işıltıya baxıb, onun daxilində olanı xəyal etmisiniz? Mən uşaqkən bunu çox edirdim. İnsan böyüdükcə xəyalları da kiçilir…

Rəqəmsal şəhərlərin səssiz dili

Rəqəmsal şəhərlər artıq gələcəyin yox, bu günün reallığıdır. İnternetin və ağıllı texnologiyaların şəhərlərə nüfuz etməsi ilə birlikdə, binalar düşünməyə, yollardakı işıqforlar isə danışmağa başlayıb. Mənzillərdəki işıqlar səslə sönür, pəncərələr temperaturu ölçür, qapılar isə kamera vasitəsilə qonaqları tanıyır…

Bu, qorxuducu ola bilər, amma bəlkə də bir o qədər də möhtəşəm bir başlanğıcdır. Bu texnologiyalar sadəcə funksionallıq deyil, həm də qoruma və anlama vasitəsidir. Məsələn, tarixi bir binanın 3D modelini hazırlamaqla onun gələcək nəsillərə ötürülməsini təmin edirik. Rəqəmsal restavrasiya bu gün itmiş keçmişi  yenidən canlandırmaqdır.
İnsanlıq olaraq yeniliklərdən hər zaman qorxmuşuq. Texnologiyaların bir gün bizi ələ keçirəcəyindən ehtiyat edərək, onların inkişafını istəməmişik. Amma sizcə, o gələcək artıq gəlib çatmayıb? Bəlkə də filmlərdəki kimi texnologiyalar bizə qarşı müharibə aparmır, lakin biz əlimizdəki telefonların köləsinə çevrilməmişikmi?

Modern evlər və qorunmaq ehtiyacı

Əvvəllər evlərimizdəki təhlükəsizlik, qapının kilidi və pəncərədəki dəmir barmaqlıqla ölçülürdü. İndi isə səssiz, görünmədən işləyən, ancaq hər şeydən xəbərdar olan sistemlərlə qorunuruq. Çünki müasir həyatın tələbləri ilə uyğunlaşmağa çalışırıq. Biz daha çox yoldayıq, daha az evdəyik. Uşaqlarımız məktəbdən sonra evdə tək qalır və biz onlara kameralar vasitəsilə nəzarət edirik, çünki nənə və babanın illərlə topladığı həyat təcrübəsi, bir nəvənin yaddaşında isti bir xatirəyə çevrilə biləcəyi halda, müasir yanaşmalar bunu travma potensialı kimi qiymətləndirir. Bəs texnologiyanın qaranlığında tək böyüyən uşaq nə qazanır? Bəlkə də biz xatirələrin necə formalaşdığını unutmuşuq.

Bu gün, kameralar bizə daha güvənli gəlir, onlar vasitəsilə evin içində bir gözümüz daima açıq qalır. Bu, artıq yalnız maddi mülkiyyətin qorunması deyil – psixoloji “rahatlıqdır”. İnsan bildiyi yerdə deyil, güvəndiyi yerdə yaşamaq istəyir.

Ən sevdiyim memarlıq düşüncələrindən biri budur: “Tikili yalnız maddi struktur deyil, həm də təcrübədir.” Ağıllı təhlükəsizlik sistemləri bu təcrübəyə gözlə görünməyən bir qat əlavə edir. Barmaq izi ilə açılan qapı və ya uzaqdan telefonla idarə olunan qapı kilidi məsafənin artıq məna daşımadığı bir dövrün işarəsidir. Artıq evlərdə kilidlər yox, tanınma var. Sensorlar, kameralar, həyəcan siqnalları bir sistemin tək parçası olaraq işləyir.

İşıqların avtomatik yanması, alov təhlükəsinə qarşı xəbərdarlıq sistemləri, su sızıntısını hiss edən sensorlar – bunlar “ağıllı cihazlar” yox, evin hiss orqanlarıdır. Texnologiya artıq tikililərə ruh veribdir. Lakin mənə öyrədilən “binanın ruhu olmalıdır” ifadəsi bundan bəhs edirdi? Yoxsa bu, tamamilə fərqli bir ruhdur?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir