Ənənəvi tərifə görə memar, binaları dizayn edən mütəxəssisdir. Amma gəlin bir az fərqli baxış bucağından baxaq…
Fikrimcə, memar hərəkəti dizayn edən şəxsdir.
Memar sadəcə divarları, pəncərələri, damı yerləşdirmir, həyatın necə axacağına, insanın harada dayanıb haradan davam edəcəyinə qərar verir. Yollar çəkir, baxış bucaqları qurur, hisslərə istiqamət verir. Və bəlkə də bu səbəbdən memar bir növ filosofdur. Çünki yaxşı memar əvvəlcə düşünür; o, məkan yaratmazdan öncə məkanın insana necə təsir edəcəyini sorğulayır. Bu düşüncə prosesi isə yalnız texniki biliklərlə kifayətlənmir, burada daxili bir axtarış, özünü tanıma prosesi də vacib rol oynayır.
Memar ilk öncə özünün memarı olmalıdır. Öz daxili aləmini tanımadan, nələri dəyişdirməli olduğunu anlamadan, başqalarının həyatına necə bir yol çəkə bilər?
Çevrəni dəyişdirməyə çalışarkən özünü dəyişdirə bilməyən memarlar həyatı nə qədər gözəlləşdirə bilər ki?
Memarlıq yalnız daş və betonun sənəti deyil, həm də həyatın, insanın, hisslərin, düşüncələrin formalaşmasıdır. Memar həm texniki, həm də fəlsəfi yolçudur. O, öz daxilinə səyahət etmədən, ətrafını və dünyanı dəyişə bilməz.
Unutmamalıyıq ki, memarın verdiyi qərarlar sadəcə vizual gözəlliklərlə bitmir, onlar insanın gündəlik davranışlarını da formalaşdırır. Məsələn, yol elə yerdən keçməlidir ki, insanlar çəmənliyi tapdalamaq əvəzinə qoyulmuş yolla getmək istəsin. Pilləkən düzgün nöqtədə olmalıdır ki, insanlar onu rahatlıqla istifadə etsin, dolanmaq məcburiyyətində qalmasın. Piyada xətti elə yerdə çəkilməlidir ki, insan özünü maşının qarşısına atmaq məcburiyyətində qalmasın. Bu cür detallar memarlığın insan həyatına nə dərəcədə təsir etdiyini göstərir.
Son olaraq belə deyək: memarlıq, insan ruhuna və həyatına yönəlmiş bir sənət və düşüncə tərzidir. Yaxşı memar isə yalnız planlar çəkməklə deyil, həm də düşünməklə, hiss etməklə, dəyişməklə və dəyişdirməklə bu sənəti yaşadır.