Skip to content
Home » Le Corbusier və görünməyən QADIN əməyi

Le Corbusier və görünməyən QADIN əməyi

Yaşım artdıqca kəskin fikirlər səsləndirməkdən uzaq durmağa çalışıram. Çünki anlayıram ki, 10 il sonra fikrim dəyişə bilər və o an 10 il əvvəlki “mən”dən utanacam. Amma hər nə qədər bundan qaçsam da, bu gün bir qədər kəskin fikir səsləndirəcəyəm. Daha doğrusu, yazacağam. Metaforik desək, insan dediklərindən qaça bilər, amma yazdıqlarından heç vaxt.

Bu gün yazacağım mövzu Le Corbusier haqqındadır. Onun haqqında yazmağımın səbəbi isə fikirlərini və ideyalarını sevməməyimdir.

Əslində isə bir çoxumuzun, yaşadığı evlərin təməli məhz onun ideyalarına dayanır. İronikdir, elə deyilmi? Onun fikirlərini bəyənməyə bilərəm, amma nəticələrindən qaçmaq mümkün deyil.

Le Corbusier

Le Corbusier, XX əsr modern memarlığının ən təsirli simalarından biridir. Amma mənim onu sevməməyimin iki səbəbi var. Birincisi: mən hesab edirəm ki, əgər Le Corbusier memar olmasaydı, dünya bu gün daha insan yönümlü və yaşanıla bilən bir yer ola bilərdi. İkincisi isə onun qadınlara qarşı yanaşmasıdır ki, bu da mənim ona qarşı olan mənfi fikirlərimi ikiqat artırır.

Le Corbusier bina layihələndirərkən məncə insanları yox, iqtisadiyyatı ön plana qoyub. Nəticədə o, bizi üst-üstə sıxışdırılmış evlərə yerləşdirmə planın təklif edib, məhz o bizi robotlaşdırmağa çalışıb və məhz o bizim ruhumuzun olduğunu unudaraq özünə dəniz sahilində ev tikib.

Hündür mərtəbəli binaların çoxalmasına vasitəçilik etməsi də onun memarlığının ən problemli tərəflərindən biridir deyə düşünürəm. Düzdür, o binaları layihələndirərkən yaşıllıq zonalarını nəzərə alır, böyük parkları binanın ətrafına səpələyirdi. Amma bu gün o ideya sayəsində yaşıllığa həsrət “türmələrdə” yaşayırıq.

Bəli, bəzən insan ideyalarının nəticələri gözlənilməz olur. Eynşteyn də atom bombasının nəticəsini əvvəlcədən bilmirdi, amma biz indi o nəticələrlə yaşamağa məcburuq.

Mətbəx

Amma Le Corbusier-in bilərəkdən etdiyi başqa bir “səhv” də var idi: mətbəxləri balaca layihələndirmək. Yəqin o dövrlərdə Covid-19 sayağı bir xəstəlik keçirmişdi və ağzının dadı bir az qaçmışdı. Çünki o düşünürdü ki, əsas olan dad yox, qarın toxluğudur. Ehhh… O dünyaya buğa bürcü olaraq gəlsəydi, bəlkə də hər şey fərqli olardı.

Ötən əsrdə SSRİ təsiri altında tikilən evlər də onun ideyalarından ilhamlanmışdı. 5 otaqlı, 100 kvadrat metrdən böyük evlərin mətbəxi cəmi 6-10 kvadrat idi. Mətbəxə ikinci bir şəxs daxil olduqda dərhal əsəblər çarxa çıxırdı. Çünki Le Corbusier və onu təkrarlayanlar düşünürdülər ki, evdə mətbəx yüngül atışdırmaq üçündür. O vaxtlar böyük və ucuz restoranlar tikilirdi ki, insanlar orada yemək yesinlər. Lakin bu restoranlarda yeməklər çox dadsız idi və dadlı yemək yeməyə öyrəşmiş insanları bu həzdən məhrum etmək mümkün olmadı və hər kəs evindəki o balaca mətbəxlərdə böyük qazanlar qaynatmağa davam etdi.

Lakin maraqlı olan budur ki, Le Corbusier düşünürdü ki, qadının yeri elə mətbəxdir. Və bu düşüncədə olan biri niyə qadının yerini bu qədər kiçildir? Yəqin mətbəxi belə qadınlara çox görürdü. 😏

Charlotte Perriand

1927-ci ildə Charlotte Perriand (bəli, xanımdır!) Le Corbusier stüdyosuna müraciət edir. Lakin Le Corbusier onun portfolyosuna belə baxmadan “Biz burada yastıq tikmələri ilə məşğul olmuruq” deyir və Perriand-ı işə götürmür. 😏

Perriand daha sonra Le Corbusieri dizaynlarını görmək üçün sərgisinə dəvət edir. O, Perriand-ın işləri ilə tanış olarkən fikrini dəyişir və onu işə götürür. Maraqlısı budur ki, “LC4 Chaise Longue” və “LC2 Grand Confort Chair” dizaynları əslində Perriand-a məxsus olsa da illərlə onun adı belə çəkilməmişdir.

Le Corbusier və görünməyən QADIN əməyi
LC4 Chaise Longue
Le Corbusier və görünməyən QADIN əməyi

Perriand dizaynlarının Le Corbusierin adının kölgəsində qaldığını görərək, 1937-ci ildə müstəqil dizayner kimi karyera qurmaq üçün Corbusierin studiyasından ayrılır. Daha sonra müxtəlif səbəblərdən dünyanın müxtəlif ölkələrində işləyir. Və Yaponiyada olduqda müharibə səbəbi ilə təkrar Fransaya qayıtmalı olur.

Geri qayıtdıqda Le Corbusierlə işləmək istəyir və Corbusier Marsilya layihəsinin mətbəxini onu dizayn etdirdi, axı qadının yeri mətbəxdir. Və əlbətdə ki, Perriandın adı bu layihədə də uzun müddət çəkilmir.

Qadınların əməyinin, təəssüf ki, əsrlər boyu qarşı cins tərəfindən istismar edildiyi bir dünyada biz hələ də bərabər hüquq uğrunda mübarizə aparırıq. Le Corbusier misalı kişilər isə düşünürlər ki, qadının yeri 6 kvadratlıq mətbəxdir və  böyük bir işin ərsəyə gəlməsinin sahibi və səbəbkarı qadın olsa belə, nəticə kişilərin adına çıxarılmalıdır. Çünki, “heç bir qadın bir kişidən yaxşı iş görə bilməz” görsələr də, bu işin qadın tərəfindən olduğunu gizlətmək lazımdır prinsipi hələ də mövcuddur.

Tarixdə bu cür faktlar çoxdur. Əlbəttə, bunu bilməyənlər hələ də deyə bilər ki, qadınlar zəifdir və böyük işlər görməyiblər. Yuxarıdakıları oxuduqdan sonra belə düşüncəniz dəyişmədisə Albert Einstein və Mileva Marićin həyatını araşdıra bilərsiz.

Bəli, bütün sahələrdə kişilərin adları öndə gedir. Amma biz hələ də hüququmuzu müdafiə etmək uğrunda mübarizə aparırıq. 8 Mart — Qadınlar Günümüz mübarək! 💪🌸

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir