Skip to content
Home » Keçmişin Kazinosu, İndinin Filarmoniyası

Keçmişin Kazinosu, İndinin Filarmoniyası

Bir memar olaraq mənim üçün hər bir məkanı görmək onun ruhunu duymaq, içindəki enerjini hiss etmək də vacibdir. Kilsələrə gedərək divarlardakı Məryəm Ana və İsa Məsihin təsvirlərinə baxmaq, şam yandıraraq məkanın mistik atmosferini dərk etmək mənə maraqlıdır.

Mən həmçinin kazinoların iç dünyasını araşdırmaqda maraqlıyam. Real kazino mühiti ilə tanış deyiləm, amma filmlər vasitəsilə təsəvvürümü formalaşdırmışam. Bununla belə, hər filarmoniyaya getdiyimdə gözlərimi yumur və məkanı bütün detalları ilə hiss etməyə çalışıram, çünki şəhərin mərkəzində yerləşən bu bina bir vaxtlar kazino kimi də fəaliyyət göstərib.

Ağ klub

Vaxtilə indiki “İçərişəhər” metrosunun yaxınlığında taxtadan bir pavilyon tikilibmiş. “Ağ klub” adı ilə tanınan bu məkan Bakının imkanlı təbəqəsinin əyləncə yeri kimi yadda qalıb. Lakin 1907-ci ilin yaz aylarında baş verən yanğın nəticəsində bina tamamilə məhv olub.

Yanğınla bağlı həmin dövrdə şəhərdə müxtəlif fikirlər yayılır. Bəzi mənbələr bunu Bakıda həmin gecə müşahidə olunan güclü küləklə əlaqələndirib və hadisəni təsadüfi yanğın kimi qiymətləndirib. Digər fikirlərə görə isə “Ağ klub” qəsdən yandırılıb. Yanğınla bağlı rəsmi istintaqın aparılıb-aparılmadığı dəqiq məlum deyil. Lakin Dövlət Tarix Arxivində saxlanılan sənədlər göstərir ki, binanın sahibi olan Bakı İctimai Məclisi yanğından dərhal sonra yeni bina tikilməsi üçün şəhər rəhbərliyinə müraciət edir.

Filarmoniya

Yanğından cəmi bir neçə gün sonra, 1907-ci il martın 6-da Bakı Şəhər Dumasının iclasında qərar verilir ki, Mixaylovski bağında – Sadovı və Nikolayevski küçələrinin tinində yerləşən təxminən 1700 kvadratmetrlik ərazi yay klubu tikilməsi üçün Bakı İctimai Məclisinə verilsin. Söhbət indiki Filarmoniyanın yerləşdiyi məkandan gedir. Tikintinin digər detalları isə sonradan müəyyənləşdirilməli idi.
Maraqlısı odur ki, Bakı İctimai Məclisinin o vaxt burada filarmoniya binası tikmək kimi bir fikri yox idi. Onlar sadəcə yanan klubun yerinə, üzvlərinin asudə vaxtını keçirməsi üçün yeni bir yay klubu yaratmaq istəyirdilər.

Əslində isə bu ərazi çoxdan müxtəlif insanların diqqətini çəkirmiş. Fərqli illərdə bir neçə nəfər buranı alıb tikinti aparmaq üçün şəhər rəhbərliyinə müraciət edib, burada teatr binası tikmək istədiklərini bildiriblər. Amma bütün bu müraciətlər rədd edilib. Səbəb isə eyni olub: bağdakı ağacların kəsilməsi təhlükəsi.

Çünki tikinti üçün 200-dən çox yetkin ağacın kəsilməsi lazım idi. Görünür, şəhərdə ağacların bina xatirinə qurban verilməsi ənənəsi elə o vaxtlardan başlayırmış. Təbii ki, Dumanın bir çox üzvü buna etiraz edir, amma sonda iqtisadi maraqlar üstün gəlir və 1908-ci ildə Qubernator bağında İctimai Məclisin yay binasının layihəsi təsdiqlənir.

Maraqlıdır, bəs niyə Bakı varlılarının hamısı yay teatrını məhz Mixaylovski bağında tikdirmək istəyib?

O dövrdə bu ərazi şəhərin ən sərin və havası nisbətən təmiz olan yerlərindən biri hesab olunurdu. Yay binası üçün Bakıda bundan daha uyğun məkan tapmaq çətin idi.    
Amma bu üstünlük də uzun sürmür. 1909-cu ildən etibarən mühəndis Məmmədhəsən Hacınskinin təşəbbüsü ilə Bakı bulvarı salınmağa başlayır və Mixaylovski bağı tədricən şəhərin yeganə istirahət məkanı statusunu itirir.

Binanın layihəsi mühəndis Qavriil Ter-Mikelova tapşırılır. O, layihəni hazırlamaq üçün Monte-Karloya yollanır və oradakı məşhur kazinodan ilham alır. Layihə üzərində işləyərkən bina gümbəzlərinin forması memarı qane etmir və nəticədə onları uzadaraq minarəyə bənzər bir forma verir.

Tikinti işləri 1912-ci ildə tamamlanır. Açılışdan sonra İctimai Məclisin yay binası Bakı elitasının əsas toplaşma yerlərinə çevrilir.  Bu bina ilkin baxışda İctimai Məclisin Nizamnaməsinin 2-ci bəndində göstərildiyi kimi yalnız rəqs, musiqi və maskaradlar üçün nəzərdə tutulmuş məkan olmayıb; əslində burada Bakı varlılarının qumar oynadığı da məlumdur. Bu faktın özü də Məclisin Nizamnaməsində yer alan “Oyunlar haqqında” bölmə ilə təsdiqlənir: sənəddə açıq şəkildə “İctimai Məclisin qərarı ilə qadağan olunan oyunlardan başqa bütün oyunlara icazə verilir” deyilir. Yay zalı açıldıqdan sonra bina qısa müddətdə Bakı elitasının sevimli istirahət məkanına, qapalı bir kluba çevrilir.

Keçmişin Kazinosu, İndinin Filarmoniyası

Beləliklə, yay zalı qısa müddətdə qapalı bir kluba çevrilir. Neft milyonçuları, varlı tacirlər və yüksək vəzifəli məmurlar gecə saatlarına qədər burada vaxt keçirir, bəziləri isə bütün sərvətini itirənədək qumar oynayırdı. Bu bina həm əyləncənin, həm də şəhərin sosial həyatının mərkəzinə çevrilir və mənə elə gəlir ki, buranın enerjisi indi də filarmoniyaya daxil olan hər kəsi bir qədər öz tarixi ilə bağlı düşünməyə vadar edir.

 Binanın tikintisindən  8 il sonra Azərbaycanda bolşevik hakimiyyəti qurulur və ölkədə həyat dəyişir.       

Dəyişən həyat memarlıqdan da yan keçmir. Sovet hakimiyyəti ilk illərdə bütün ictimai və şəxsi binaları olduğu kimi bu binanı da milliləşdirir, sahibinin razılığı və əvvəllər imzalanmış müqavilələr nəzərə alınmır. İlk illərdə bura müxtəlif musiqi kollektivlərinin fəaliyyət göstərdiyi yer olur və bir növ, ilkin təyinatına oxşar funksiyanı qoruyur. İlk illərində bura pərakəndə şəkildə fəaliyyət göstərən musiqi kollektivləri toplaşır.

Lakin bu uzun müddət davam etmir. 1930-cu illərin əvvəllərində bina “Müdafiəyə, Aviasiya və Kimya Tikintisinə Yardım Cəmiyyəti”nin istifadəsinə verilir və “Müdafiə evi” adlanır.

1936-cı ildə Azərbaycanda filarmoniya təsis edilir və yeni musiqi təşkilatına bina axtarmağa ehtiyac qalmır. Vaxtilə Bakı İctimai Məclisinin tikdirdiyi bu möhtəşəm bina filarmoniyaya verilir və artıq buranın taleyi musiqi ilə bağlı olur.

1937-ci ilin avqustunda Azərbaycan Xalq Komissarları Sovetinin qərarı ilə filarmoniyaya görkəmli bəstəkar Müslüm Maqomayevin adı verilir, yəni tanıdığımız müğənni Müslüm Maqomayevin babasının adı. Və o vaxtdan bu möhtəşəm bina musiqi mədəniyyətinin təbliğinə xidmət edir, ən böyük konsert təşkilatçısı kimi fəaliyyət göstərir.

Amma istisnalar da olur. Məsələn, 1941-ci ilin yayında faşist Almaniyası SSRİ-yə hücum edəndən bir neçə gün sonra burda – filarmoniyanın yay zalında izdihamlı antifaşist mitinqi təşkil edilir. Orda Səməd Vurğun, Məmməd Rahim və o dövrün digər tanınmış ziyalıları xalqı, Vətəni qorumağa çağırır.
Ötən əsrin 90-cı illərinin sonlarında təmirlə əlaqədar fəaliyyətini dayandıran Filarmoniya binasında 2002–2004-cü illərdə dövlət vəsaiti hesabına əsaslı bərpa və yenidənqurma işləri aparılmış, bina müasir üslubda təmir olunaraq 2004-cü ildə yenidən musiqisevərlərin istifadəsinə verilmişdir.

Memarlığı

Filarmoniyanın memarlığı mənim üçün həmişə maraqlı olub. Binanın Palladiya ruhunda, İtaliya intibahı təsirində olması tikilinin obrazlı həllinə uyğun gəlir. Memarın layihəsi sadəcə gözəl görünüşdən əlavə, həm də yerin relyefinə, torpaq sahəsinin ölçüsünə və iqlim xüsusiyyətlərinə uyğun hazırlanıb. İctimai Məclisin layihəsində rəngarəng və ifadəli kompozisiya yaradılıb; işıq və kölgə oyunları isə binanın böyük kütlələrini vurğulamaq üçün istifadə olunub. Terraslar və verandalarla zəngin bu bina İntibah dövrü İtaliya villalarını xatırladır.

Künc sahəsi və simmetriya binanın planlaşdırmasında əsas rol oynayır. Filarmoniyanın mərkəzi isə ellips formalı zaldır; bütün otaqlar bu mərkəz ətrafında birləşir və məkanın ruhunu yaradır.

Bina dənizə, Bakı buxtasının mənzərəli hissəsinə doğru yönəlib. Cənub fasadı klassik orderlərlə vurğulanır, çoxyaruslu və ritmik kompozisiya isə incə, zərif görünür. Əsas kütlə yan qanadlardan mərkəzə doğru irəliləyir, günbəz və minarə formasında qüllələr isə quruluşu tamamlayır.

İçəridə isə eyni məntiqlə, dekorativ eklektikaya yol verilməyib. Hər detal bir-biri ilə harmoniyadadır, proporsiyalar təmizdir, formalar gözəldir və bütövlük qorunur. Burada İtaliya intibahının stilizasiyası yalnız gözəl görünüş yaratmaqla kifayətlənmir; memarlıq düşüncəsinin məntiqi və harmoniyası interyer və eksteryeri bir-birinə bağlayır. Hər dəfə filarmoniyaya gedəndə, bu vəhdəti hiss edir və memarlığın ruhunu, planın incəliklərini dərk etməyə çalışıram.

Və hər dəfə filarmoniyaya gedəndə, keçmişin və indinin arasındakı o körpünü hiss edirəm. Filarmoniya şəhərin ruhunu, insanların enerjisini, tarixini hiss etdirən məkanlardan biridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir