Kafelərdə nə axtarırıq? -Bu günkü yazıma hər zamankı rəsmiyyətdən bir az uzaq şəkildə başlamaq istəyirəm. Sadəcə sizə məlumat ötürmək yox, bu dəfə sizinlə blog vasitəsilə söhbət etmək niyyətindəyəm. Düzdür, bu söhbət bir tərəfli başlayır, amma siz də şərhlər vasitəsilə bu söhbətə qoşula bilərsiniz.
İlk dəfə idi ki, Instagram izləyicilərimdən biri konkret olaraq məndən bir blog mövzusu barədə yazmağımı xahiş etdi. Mövzu isə kafelər haqqında idi. Maraqlıdır ki, bu mövzu mənə doğmadır. Çünki ilk ciddi tədqiqat işim olan magistr dissertasiyam məhz “book kafelər” mövzusuna həsr olunmuşdu. Bu sahədə interyer dizaynından tutmuş, məkan seçimi, funksional yanaşmalar və tarixi inkişaf yoluna qədər geniş araşdırma aparmışdım.
Bu gün isə sizə kafelərin yaranma tarixi haqqında danışmaq istəyirəm. Kafelər sosiallaşmanın yeni formasıdırsa, çayxanalar onun köhnə, amma möhkəm təməlidir. Əlbəttə, bugün ki çayxanalar nə bugünkü kafelərə, nə də bu günkü çayxanalara bənzəyirdi. Çay içib söhbət etmək o dövrdə sadəcə sosiallaşma vasitəsi deyildi — şəhər, qəsəbə, kənd camaatı bu məkanlarda toplaşır, dini və siyasi deyil, daha çox gündəlik problemlərin həlli istiqamətində müzakirələr aparırdı.
Bəs çayxanalardan əvvəl insanlar harada toplaşırdı?
Cavab düşündüyünüzdən daha qədim və maraqlıdır — dini abidələrdə. Tarix boyu məscidlər, kilsələr və digər ibadət məkanları yalnız ibadət üçün deyil, həm də təhsil ocağı, məhkəmə zalı, bank, sosial sığınacaq və ictimai müzakirə məkanı kimi funksiyalar daşıyıb. Bir sözlə, bu məkanlar həm ruhun, həm də cəmiyyətin mərkəzi olmuşdur.
Müasir kafelərin saysız-hesabsız növləri mövcuddur — kofeşoplar, book kafelər, co-working məkanlar, hətta “anti-kafelər” belə artıq şəhər mədəniyyətinin ayrılmaz hissəsinə çevrilib.
Amma sual budur: əslində kafe nədir? Və o, bizim sosial həyatımıza necə təsir göstərir?
Bir çox insan üçün kafelər sadəcə içki və şirniyyat satılan yerlərdir. Amma əslində kafelər şəhərin emosional xəritəsini çəkən, gündəlik həyatın səhnələşdiyi mikro məkandır.
Kafelər şəhər mədəniyyətinin güzgüsüdür. Onların sayı, tipi, dizaynı — hətta içəridəki səs-küy belə — şəhərin iqtisadi və sosial dinamikası haqqında çox şey danışır. Turistlərin ilk təəssüratları belə bəzən bir fincan qəhvə içdikləri məkana görə formalaşır.
Yuxarıda qeyd etdiyim kimi, kafelər yalnız funksiyasına görə yox, həm də ictimai təbəqələrə görə fərqlənir:
- Tələbə kafeləri,
- Orta sinifə xitab edən sadə və rahat kafelər,
- Premium səviyyəli,
- Və lüks tərzdə qurulmuş yüksək segment kafelər.
Bu məkanlarda sadəcə oturub müşahidə aparmaqla belə, şəhərin sosial strukturu, insanların gündəlik psixologiyası barədə nəticələr çıxarmaq mümkündür.
Tələbə kafelərində kitab oxuyan gənclərin sayı, onlarda intellektual oyunlara maraq daha çoxdur, yoxsa domino tipli sosial oyunlara? Bu sualların cavabı, əslində cəmiyyətin zehni xəritəsini oxumağa bərabərdir.
Düşünürəm ki, müşahidə aparmağın ən yaxşı yollarından biri tək gəzmək, tək kafeyə gedib, sakitcə bir çay içməkdir.
Memarlığın İnsan Ruhuna Təsiri
Memarlıq sadəcə divar və tavan qurmaq deyil — insan duyğusunu formalaşdıran görünməz bir dillə danışmaqdır.
Kafelərin interyeri, oturacaq məsafələri, işıqlandırma səviyyəsi, səsin yayılma forması — bütün bu detallar insanın emosional və sosial davranışına birbaşa təsir edir.
- Məsafələr nə qədər qısa olsa, ünsiyyət bir o qədər artır.
- Təbii işıq və yumşaq materiallar insanda rahatlıq və güvən hissi yaradır.
- Açıq planlı məkanlarda insanlar bir-birini daha çox müşahidə edir, daha çox hiss edir.
Beləliklə, kafelər ictimai, amma eyni zamanda şəxsi məkanlardır. Burada həm tək ola bilərsən, həm də kimsə səni görə bilər.
Bu ikili vəziyyət insana həm “görünmək”, həm də “görünməmək” imkanı verir — psixoloji olaraq həm müdafiədə, həm də ünsiyyətdə olmaq ehtiyacını eyni anda qarşılayır.
İnsan, əslində, həmişə “görülmək” və eyni zamanda “gizlənmək” arasında tarazlıq axtarır. Kafelər – xüsusən küçə kənarındakılar – bu iki hissi eyni anda yaşamağa imkan verir. Şüşə arxasında oturub şəhərə baxmaq: həm içəridəsən, həm kənarda. Həm müşahidə edirsən, həm müşahidə edilirsən. Bu, təhlükəsiz müşahidə məkanıdır. Şəhərin axınında özünü itirmədən, onun içində dayanmaq.
Psixologiyada “anchor point” anlayışı var — insan stress anında təhlükəsiz, tanış bir nöqtəyə yönəlmək istəyir. İzdihamlı yerlərdə yerləşən kafelər bu ehtiyacı qarşılayır. Bu, şüuraltı olaraq “burada dayanmaq olar” mesajı verir. Hətta heç nə içmədən belə, bu məkan sənə bir dayaq funksiyası verir. Bir fincan qəhvə bəzən sadəcə içki deyil, mövcudluqdur. Sosioloji olaraq bu cür yerlər “liminal space” – keçid məkanlar adlanır. Yəni getdiyin yerə çatmamış əvvəlki yeri tərk etdiyin məkan. Kafelər bu keçidin emosional tampon zonasıdır.
Müasir insan yalnız olmaq amma eyni anda başqalarının varlığını hiss etmək istəyir. Kafelər məhz bu paradoksal ehtiyacı tamamlayan nadir məkanlardandır. Burada tanımadığın insanlarla eyni məkanda olmaq, bəzən sadəcə bir baxışla, bir gülümsəmə ilə gözəgörünməz, lakin real sosial əlaqələr qurmaq mümkündür.
Sosioloji baxımdan kafelər:
- Sosial qarşılaşmaların ritmini müəyyənləşdirir;
- Fərqli sinif, təbəqə və düşüncələrin qarşılaşdığı demokratik platformadır;
- Və bəzən “tanımadığın insanlar arasında özünü tapmaq” fürsəti yaradır.
Bir kafedə saatlarla oturub heç kimlə danışmadan belə, sən artıq sosial bir aktyora çevrilirsən.
Səssiz varlığın, müşahidələrin, təkliyin belə o məkanın sosial dinamikasına təsir edir.
Səbəbsiz yerə sevdiyimiz kafeyə getmək bəzən sadəcə qəhvə içmək deyil, özümüzlə təmas qurmaq, daxili bir rituali yerinə yetirmək, bir növ psixoloji dayaq nöqtəsinə qayıtmaqdır.
Orada — sevdiyin stolda oturmaq, tanıdığın ofisiantla bir gülümsəməlik salamlaşmaq, hətta hər dəfə eyni içkini sifariş vermək… bunların hamısı sabitlik və tanışlıq hissi yaradır.
Belə məkanlar insana daxili təhlükəsizlik, yerləşmişlik duyğusu, bir sözlə, fırtınalı gündə liman olma hissi bəxş edir.
Xüsusilə sürətli və xaotik şəhər həyatında bu cür sabit məkanlar çox dəyərlidir.
Hər şəhərdə elə kafelər var ki, bir dövrün səssiz şahidinə çevrilir.
Orada yaşanan münasibətlər, ayrılıqlar, təsadüfi tanışlıqlar… bütün bu anlar o divarlarda yazılmamış bir tarix kimi yaşayır. Kafelər bəzən bir kitabxana qədər informasiya, bəzən isə bir dost qədər emosional dəstək daşıyıcısı ola bilir.