Skip to content

İllüziya Şəhəri (Inception)

İllüziya Şəhəri. Bir şəhər təsəvvür edinki orada fizikanın heç bir qanunu yoxdur. Ağırlıq yox, cazibə yox, materialın daşıma gücü yoxdur. Belə bir şəhər necə olardı? Binalar havada üzər, küçələr sərbəst hərəkət edər, məkan sərhəd tanımazdı.

Dünya bizi cazibə qüvvəsi ilə yerə bağlayır, sosial qaydalar və normalar da düşüncələrimizi çərçivəyə salır. Onda sual yaranır: sərhəd içində yaşayan insanın düşüncəsi necə azad ola bilər? Memarlıqda sərhədləri aşmaq üçün yeni formalar, qeyri-adi həllər, təcrübə və risk lazımdır. Fizikasız şəhər təsəvvürü reallıqda mümkün olmasa da, düşüncənin bu məşqi memarlığı daha sərbəst görməyə imkan yaradır. Yəni məqsəd uçan binalar tikmək deyil, sərhədin özünü sorğulamaqdır.

Bu yazıda bir filmi memar gözü ilə analiz etmək istəyirəm. Fantastik janrın memarlıqda əhəmiyyəti böyükdür: burada məkan yalnız fiziki formalarla məhdudlaşmır, ideyaların, duyğuların və düşüncələrin ifadəsinə çevrilir. Christopher Nolan-ın Inception filmi də məhz bu janra aiddir. Burada yuxular məkan kimi qurulur və bir anda reallıq illüziyaya çevrilir.

Inception filminin ilk səhnələrindən birində biz görürük ki, küçələr özünü qatlayır, binalar göylə yer arasında sərhədləri pozaraq bir-birinin üstünə əyilir. Yuxunun içində şəhər bir oyun meydançasına çevrilir, amma eyni zamanda, insan şüurunun nə qədər mürəkkəb və təhlükəli olduğunu da göstərir.

Şəhərlərin küçələri, meydanları, binaları da insan zehninin məhsuludur. Onlar yalnız funksional ehtiyaclar üçün tikilmir, həm də bir ideyanın təcəssümüdür. Necə ki, Inceptionda bir toxum kimi qoyulan fikir bütün yuxunu dəyişdirə bilir, eləcə də memarlıqda kiçik bir konsept şəhərin bütün simasını dəyişə bilir.

Lakin sual yaranır: yaşadığımız şəhərləri, məhəllələri həqiqətən bəyənirikmi, yoxsa başqalarının bizə qəbul etdirdiyi illüziyadır? Plansız tikililər, kütləvi yaşayış blokları, ruhsuz binalar sanki yad birinin yuxusundayıq. Öz reallığımızı yaşamaq əvəzinə, başqasının qurduğu labirintdə dolaşırıq.

Mənim xəyalını qurduğum şəhər bilirsiniz nədir? Avtomobillərin yox insanların rahatlığını düşünən, piyada gəzərkən yorulmayacağım, yorulduqda oturub dincələ biləcəyim küçə mebelərinin çox olduğu, havaya zəhər buraxmaq yerinə havanı təmizləyən yaşıllıqların çox olduğunu, pilləkənlərin az olduğu, normativ qaydalara uyğun salınmış pandusların olduğu bir şəhərdir.

Son illərdə diqqətimi çəkən başqa bir maraqlı məqam bilirsiniz nədir? Şəhərin müxtəlif yerlərində parklar salınır, yol kənarlarına yaşıllıq zolaqları çəkilir, müasir yaşayış komplekslərinin həyətlərində ağacların əkildiyi görüntüsü yaradılır. İlk baxışda hər şey çox gözəl görünür, sanki Bakımız getdikcə yaşıllaşır, nəfəs alan məkanlar çoxalır. Amma məsələni bir az dərindən araşdıranda vəziyyətin göründüyü kimi olmadığını anlayırıq.

Çox vaxt bu yaşıllıqlar salınmazdan əvvəl torpaq müəyyən qədər qazılır, sonra isə altı betonlanır. Yəni əslində təbiətin nəfəs almalı olduğu yer əvvəlcədən boğulur. Ardınca isə ora balaca, heç vaxt böyük ağaca çevrilməyəcək kollar əkilir. Onlar da yalnız dekorativ məqsəd daşıyır. Nəticədə həmin məkan “yaşıllıq zolağı” adı altında təqdim olunur.

Amma gəlin düşünək: 1 metr hündürlüyü belə olmayan bir kol necə böyük bir ərazinin oksigenini təmizləyə bilər? Onun verdiyi kölgə də, havaya qatdığı nəfəs də demək olar ki, yoxdur. Belə bir yaşıllıq nə şəhərin havasını saflaşdırır, nə də insanların rahatlığını artırır. Sadəcə görüntü yaradır, kağız üzərində rəqəmləri doldurur.

Necə ki, Inception filmində Cobb üçün ən böyük həqiqət illüziyalardan çıxıb ailəsinə qayıtmaq idi, bizim üçün də həqiqət normativlərə uyğun şəhər üzə çıxırmaq olmalıdır. Əsl memarlıq illüziya yaratmaq deyil, insanın həyatına dəyər qatmaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir