Heç düşündünüzmü, bir həbsxana necə olmalıdır? Mən bu sual üzərində ilk dəfə universitet illərində düşünməyə başladım. Çünki həmin illərdə yuxarı kurs tələbələrindən birinin diplom mövzusu digər tələbələr arasında maraq, heyrət və təəccüblə qarşılanmışdı. Çünki onun mövzusu həbsxana idi. İlk baxışda bir tələbə üçün bir qədər neqativ təsir bağışlasa da, əslində fərqliliyə açıq və diqqətçəkən mövzu idi. Həmin xanım tələbənin layihəsi isə müasir Avropa standartlarına tam uyğun hazırlanmışdı. Layihədə dustaqlar üçün hər cür şəraitin nəzərdə tutulduğu bir həbsxana modeli təqdim olunmuşdu.
Adətən, həbsxana deyəndə çoxlarının təsəvvüründə soyuq divarlar, dəmir barmaqlıqlar və məhkumların məhdud azadlığı canlanır. Amma bizim cəzaçəkmə müəssisələrindəki şəraiti düşündükdə, istər-istəməz belə bir sual yaranır: “Nə olsun ki, dustaqdır? Axı ömrünün müəyyən hissəsini orada keçirən insan üçün də normal yaşayış şəraiti yaradılmalı deyilmi?” Orada idman zalının, musiqi və yaradıcılıq dərnəklərinin, həmçinin təhsil və ailə ilə əlaqə məqsədilə kompüter və internet imkanlarının olması normal deyilmi?
İndi isə sizə XVIII əsrdə ingilis filosofu Ceremi Bentham tərəfindən təqdim olunan panoptikum modeli haqda danışmaq istəyirəm. Panoptikon dairəvi formada layihələndirilmiş xüsusi bir həbsxana tipidir. Burada mərkəzdə nəzarət qülləsi yerləşir, dustaqlar isə ətrafda düzülmüş kameralarda saxlanılır. Bu sadəcə həbsxana layihəsi deyil, eyni zamanda nəzarət fəlsəfəsinin simvolu idi.

Təsəvvür edin dairəvi formada inşa olunmuş böyük bir bina və onun mərkəzində ucalan hündür bir qüllə. Bu qüllədən bütün kameraları görmək mümkündür, amma məhkumlar qüllənin içində kimin olub-olmadığını görə bilmirlər. Yəni onlar hər an izlənildiklərini düşünürlər. Nəticədə, məhkum heç vaxt özünü tam sərbəst hiss etmir. Hətta real olaraq kimsə onu müşahidə etməsə belə, daim izlənildiyi təəssüratı onun davranışlarını dəyişdirir. Panoptikon yalnız həbsxana üçün deyil, bütövlükdə cəmiyyətin idarə olunması üçün də qorxunc dərəcədə güclü bir metafora hesab olunur.
Panoptikum sadəcə divarlar və qüllə deyildi — o, davranışı formalaşdıran bir sistem idi. Burada memarlıq insanın azadlığını, psixologiyasını və gündəlik həyatını tamamilə dəyişdirirdi. Bentham üçün bu, ən səmərəli idarəetmə üsulu idi: minimum resursla maksimum nəzarət. Çünki panoptikum yalnız fiziki nəzarət deyildi, həm də zehni nəzarət idi. Onun ən ağır zindanı dəmir barmaqlıqlar deyil, düşüncələrin görünməz qəfəsi idi. Daim izlənildiyini hiss edən dustaq yavaş-yavaş özlüyünü itirirdi: artıq hərəkətləri, baxışları, hətta xəyalları belə kənar bir gözün təsiri altında formalaşırdı.
Bir anlıq təsəvvür edin: beyninizdə yaranan hər fikir, dilinizdən çıxmamış hər kəlmə kənar şəxslər tərəfindən eşidilir. Siz heç nə demədən düşüncələriniz açıq bir kitab kimi oxunur. Belə bir vəziyyətdə insanın daxilində ikiqat qorxu yaranır: birincisi — gizlədə bilmədiyi sirrlərinin ifşa olunması, ikincisi və ən vacibi — daxili azadlığını tamamilə itirməsi.
Panoptikumun quruluşu məhz buna bənzər bir mexanizm idi. Məhkumlar heç vaxt kimin onlara baxdığını görə bilmirdilər, amma daim izlənildiklərini hiss edirdilər. Bu hiss o qədər güclü idi ki, onların davranışlarını dəyişir, özünüidarə instinktinə çevrilirdi. Əslində, nəzarətin ən təhlükəli tərəfi də məhz budur: insanı o qədər izlənildiyinə inandırmaq ki, artıq o, özü-özünü nəzarətdə saxlasın.
Panoptikonun əsas prinsipi kamerada məhkuma gizlənmək üçün heç bir yerin buraxılmaması idi. Bundan əlavə, xarici divardakı pəncərədən daxil olan işıq qüllədəki mühafizəçilərə məhbusun hərəkətlərini aydın şəkildə izləməyə imkan verirdi. Bir insan müəyyən müddət eyni şeyi təkrar etdikdə, bu, onda vərdişə çevrilir və həyatının bir parçası olur — hətta bunu məcburiyyətdən etsə belə. Məsələn, yadınızdadırsa, Covid-19 pandemiyasının yeni başladığı dövrdə evdə qalmaq istəmirdik, amma zamanla ev şəraitinə o qədər alışdıq ki, sonradan evdən çıxmaq belə çətinləşdi. Deməli, insan hər şeyə vərdiş edə bilir.
Maraqlıdır ki, Bentham panoptikon modelini yalnız həbsxanalar üçün nəzərdə tutmamışdı. O, eyni prinsiplərin xəstəxanalar, məktəblər, sanatoriyalar və sığınacaqlar kimi digər ictimai məkanlarda da tətbiq oluna biləcəyini düşünürdü. Məqsəd hər zaman eyni idi: minimum resursla maksimum nəzarət və təşkilatlanmış idarəetmə. Lakin bütün səylərini panoptikon həbsxanasının dizaynına həsr etdi.
Bu gün isə fiziki panoptikon həbsxanaları demək olar ki, mövcud deyil. Amma onların ideyası başqa formalarda yaşayır. CCTV kameraları, telefon izləmə sistemləri, sosial şəbəkələrin məlumat toplaması — bunların hamısı panoptikonun rəqəmsal kölgəsidir. Əslində, biz də bir növ görünməz qüllənin içindəyik və kimin bizi izlədiyini heç vaxt dəqiq bilmirik.

Bəs səncə bugünkü hansı memarlıq layihələrində panoptikonun izlərini görürsən?