Günəşin Memarlığa Təsiri. Təbii şərait, yəni iqlim, memarlığın formalaşmasında əsas rol oynayır. Səhranın isti nəfəsi, günəşin amansız zərbələri, küləyin sərt səsi, insanın daşla və torpaqla olan yaradıcılığını, yəni memarlığı formalaşdırıb. Əvvəlki yazılarımın birində küləyin Bakının memarlığında necə öz əksini tapdığını, tikililərin küləyə uyğun necə formalaşdığından bəhs etmişdim. Bu gün isə günəşin memarlıqdakı əksi haqqında danışmaq istəyirəm. Bəlkə də bir çoxları anlamır, lakin günəş sarı rəng, xoşbəxtlik mənbəyidir.
Skandinaviya ölkələrində günəşin memarlığa təsiri
Günəşin ən az düşdüyü ölkələr sırasında olan Norveç, İsveç, Danimarka kimi Skandinaviya ölkələrində depressiya, tənhalıq, yorğun ruh halları daha çox müşahidə olunub. Uzun və qaranlıq qış fəsilləri bu ölkələrdə yaşayan insanların psixologiyasına təsirsiz ötüşməyib.
Son dövrlərdə isə bu ölkələr fərqli həyat tərzləri və yanaşmalarla – lagom, hygge, friluftsliv kimi anlayışlarla – gündəmə gəlib. Özlərini yenidən kəşf ediblər və hazırda dünyanın ən xoşbəxt ölkələri siyahısında üst sıralardadırlar. Əlbəttə, real həyat o statistik göstəricilərdən çox fərqlidir.
Skandinaviya ölkələrinin interyerlərindən bəhs etdikdə isə, bu coğrafiyada günəş az olduğu üçün süni işıq əsas rol oynayır. Sadəcə işıqlandırma məqsədilə yox, əhval-ruhiyyəni yüksəltmək üçün. Məhz bu səbəbdən interyerdə sarı işığa üstünlük verilir. Təbii günəş işığının yoxluğunu bu şəkildə kompensasiya edirlər.

Ağ və açıq rənglər, təbii materiallar və yumşaq teksturalar da bu yanaşmanı tamamlayır. Hər şeyin məqsədi eynidir: insanın özünü daha rahat və sakit hiss etməsi. Skandinaviya üslubunda təbiiliyə xüsusi əhəmiyyət verilir və demək olar ki, hər məkanda ağac elementləri istifadə olunur. Döşəmələr, masa, stullar, hətta kiçik dekorativ detallar belə ya təbii ağacdan, ya da ona maksimal bənzədilən materiallardan hazırlanır. Ağac insanda qəribə bir rahatlıq oyadır və bu sadəcə gözəllik deyil, ruhumuzun ən dərin qatlarına toxunan psixoloji bir rezonansdır. Yandırılmış ağac külünün xam və təbii qoxusu, atalarımızın min illər əvvəl alovun ətrafında bir araya gəldiyi o qədim dövrlərin izidir. Genlərimizə nüfuz etmiş enerji, qoxu və istilik yaddaşımıza daşınmışdır.
Skandinaviya üslubunda divar rəngləri əsasən ağ və ya açıq boz tonlarında olur – bu həm məkanı vizual olaraq geniş göstərir, həm də işığı maksimum dərəcədə əks etdirir. Pərdələr nazik və şəffaf olur, çünki artıq az gələn günəşi pərdənin arxasında gizlətmək istəmirlər. İşıqlandırma isə xüsusi diqqət tələb edən məsələdir. Otağın tavanında bir lampa ilə məsələ bitmir. Əksinə, bir otaqda 3-4 fərqli işıq mənbəyi ola bilər – biri kitab oxumaq üçün, biri axşam rahat atmosfer üçün, biri gecələr yumşaq fon kimi… Hər biri müəyyən bir əhval yaratmaq üçündür. Günəş əskikdirsə, onu bu şəkildə kompensasiya edirlər. Maraqlıdır ki, günəşi bol olan ölkələrdə – məsələn, bizdə – belə bir ehtiyac hiss olunmur. Amma bəzən də elə günəşli evlərdə elə soyuq interyerlərlə qarşılaşırıq ki, günəş işığı belə içəri düşəndə sanki qapıdan geri qayıdır. Demək ki, məsələ təkcə günəşdə deyil, onu necə qəbul etdiyimizdədir.
Ərəb ölkələrinin memarlığı
Skandinaviya ölkələrində günəşin təsiri mənzillərin daxili interyerinə daha çox təsir etmişdir, lakin Ərəb ölkələrininmemarlığında qızmar günəş evlərin formasına birbaşa təsir etmişdir. Bu təsiri həyət evlərində aydın şəkildə müşahidə etmək mümkündür. Xüsusilə İslam mədəniyyətinin təsir göstərdiyi coğrafiyalarda tikilən bu evlərdə hava şəraiti ilə mədəni dəyərlər iç-içə keçərək, estetik və funksional bir sistem yaratmışdır.
Ərəb ölkələrininmemarlığında evin həyətə yönəlməsi təsadüfi deyil. Evin mərkəzində yerləşən daxili həyət, bir tərəfdən günəşin və havanın idarəli şəkildə evə daxil olmasını təmin edir, digər tərəfdən isə daxilə yönəlmiş – yəni daxili aləmlə təmasda olan – bir yaşam tərzinin simvoluna çevrilir. Bu evlərdə pəncərələr küçəyə deyil, həyətə açılır. Səs-küylü çöldən fərqli olaraq, həyət sakitliyin və ailə daxilində paylaşımın mərkəzidir.
Ənənəvi həyət evləri əsasən kvadrat və ya düzbucaqlı planlı olur. Bu, təkcə memarlıq baxımından deyil, həm də fəlsəfi bir yanaşmanın nəticəsidir. Kvadrat forma – sabitlik, tarazlıq və sadəlik rəmzidir. Bu planla tikilən evlərdə dörd tərəfdə otaqlar yerləşdirilir, həyət isə onların mərkəzində olur. Beləliklə, işıq və hava axını simmetrik şəkildə tənzimlənir, həm də ailənin bütün üzvləri ortaq bir mərkəz olan həyət ətrafında birləşir.
Ərəb ölkələrininmemarlığı günəşi maneə kimi deyil, təbiətin bir parçası kimi görür. Ona qarşı mübarizə aparmaq əvəzinə, onunla əməkdaşlıq edir. Günəşin istisini azaldan qalın divarlar, kölgə yaradan eyvanlar, sərinlik bəxş edən su hovuzları – bunlar günəşi idarə edən ağıllı həllərdir. Günəşdən tamamilə uzaqlaşmaq deyil, onu həyatın ritminə uyğunlaşdırmaq əsas məqsəddir. Bu memarlıq forması yalnız iqlimin deyil, İslam mədəniyyətinin də izlərini daşıyır. Məhrəmlik, ailə birliyi, mənəvi sakitlik – bütün bu anlayışlar memarlıqda öz fiziki qarşılığını tapır. Küçədən görünməyən, lakin içəridə işıqlı və geniş bir aləm yaradan həyət, insanın həm cəmiyyətlə olan münasibətini, həm də Tanrı ilə əlaqəsini simvolizə edir.

Skandinaviya interyerlərində günəşin yoxluğu süni işıqla kompensasiya olunur, Ərəb ölkərərinin memarlığında isə günəşlə ahəng içində yaşamaq üçün ağıllı həllər tapılır. Bu da göstərir ki, memarlıq sadəcə tikinti deyil, insanın təbiətə, mədəniyyətə və öz daxili dünyasına verdiyi cavabdır. Başda dediyimiz kimi, günəş xoşbəxtlik mənbəyidir, lakin xoşbəxtlik tək hava şəraiti ilə ölçülə bilməz.