Frank Gehry. Bəzən düşünürəm ki, yazı ilə insanın şəxsiyyəti arasındakı əlaqə, şəhərlərin binaları ilə insanların həyatları arasındakı əlaqəyə bənzəyir: görünən hissə sadədir, amma altında fikir, məna və tarix yatır. Elə memarlıq da eyni şəkildədir: ilk baxışda sadəcə daş və poladdan ibarət strukturlar kimi görünə bilər, amma hər bir detal, hər bir forma arxasında memarın duyğusu, düşüncəsi və hekayəsi yatır.
Bəzən memarlıq sənətinin mahiyyəti sadəcə nizamlı xətlərdə və simmetrik formaların ardıcıllığında axtarılır. Bu gün yadda qalan memarlar düz formlara qarşı çıxan memarlardır. Frank Gehrydə bunlardan biridir.
Frank Gehry üçün memarlıq heç vaxt düz xətlərin və soyuq şüşə fasadların təkrarı olmayıb. O, formaları təsadüflərdən, həyatın gündəlik anlarından, hətta bir kağızın buruşməsındən belə yarada bilən memardır.
Sidney Texnologiya Universitetinin binası buna ən yaxşı nümunədir. İlk baxışda buruşmuş kağız torbasını xatırladan tikili, əslində insan bədəninin formalarından və geyimlərin axıcılığından ilhamlanıb. Dalğalı divarları yaratmaq üçün 320 min kərpicin işlənməsi, sadə materialların qeyri-adi formaya çevirilə biləcəyini göstərir.

Bu bina Gehry-nin memarlıq fəlsəfəsini də üzə çıxarır: o, şüşədən ibarət soyuq və şəxsiyyətsiz konstruksiyalara qarşı 19-cu əsr memarlığının xarakterini üstün tutur. Onun əsəri isə sanki ironik bir cavabdır — “memarlıq yalnız mükəmməl düzlüklərdən ibarət deyil”.

Sözü gedən fəlsəfədə yanaşma belədir, binalar sənət üçün tikilməlidir, yoxsa iqtisadiyyat üçün? Bu sual sadə görünsə də, cavabı heç də sadə deyil. Mənim şəxsi fikrimi bir tərəfə qoyaq, amma görünür ki, əksəriyyətin yanaşması binaların əsas məqsədinin iqtisadiyyat olduğunu göstərir: yerin qiyməti, torpaqdan maksimum istifadə, mənzil və ofis satışları, gəlir hesablamaları… Bu yanaşma şəhərləri funksional, amma eyni zamanda ruhsuz edir.
Düşünün: şəhərin mərkəzində sıxılmış, bütün divarları və fasadları bərabər, eyni boyalı və standartlaşdırılmış binalarla doludur. Onlar şəhərə ruh vermir; onlar yalnız iqtisadi göstəricilərə xidmət edir.
Frank Gehry-nin fikrincə, “Sənət yaratmaq üçün yalnız 15% haqqın var”. Çünki memarlıqda qaydalar, qanunlar, texniki hesabatlar və bürokratiya hər şeyi sərhədləyir. Amma Gehry həmin kiçik payı elə böyüdür ki, sanki bütöv binanı o 15%-in içində yenidən qurur.
Əslində bu, yalnız memarlığa aid deyil. Həyatımızda da bəzən belədir: cəmiyyətin qaydaları, məişətin tələbləri, işin məsuliyyətləri bizi sıxır; azadlıq üçün çox az yer buraxır. Bəlkə də bir çoxumuzun həyatında “yaradıcılıq üçün 15% haqq” qalır. Amma sual budur: o 15%-i necə dəyərləndiririk? Gehry onu unikal binalara çevirdi, bəs biz öz gündəlik həyatımızda o azadlıq payını böyüdüb bir sənətə, bir hekayəyə çevirə bilirikmi?
Gehry-nin binaları buruşmuş kağız kimi görünür, amma o kağızın buruşu təsadüf deyil — azadlığın izidir. Hər kəsin həyatında da belə buruşmuş anlar olur. Gözəllik ondadır ki, məhdudiyyətlər içində tapdığımız kiçik boşluqlar bizi daha yaradıcı edir.
Əvvəlki bloglarımın birində şəhərdə gəzərkən binaların nə qədər ciddi görünməsi insanın ruh halına necə təsir edə biləcəyini müzakirə etmişdim. Amma gəlin bu fikri bir az yumşaldıb düşünək: bəzən sadəcə bir yuvarlaq pəncərə, əyri qapı, ya da fasadın canlı rəngi insanın gününə bir təbəssüm, pozitiv bir baxış gətirə bilər. Düz xətlər və sərt fasadlar arasında bu kiçik detalları görmək, bəlkə də şəhər gəzintisini daha yüngül və maraqlı edə bilər, insanın ruh halını dəyişdirə, yaradıcı düşüncəsini oyandıra bilər. Kim deyir ki, memarlıq həmişə ciddi olmalıdır?