Biri ilə düşmənçilik etmisən heç?
Necə düşmənçilik edirsən? Sənə olunan pisliyin qarşılığında o insanı Allaha həvalə edirsən? Yoxsa arxasınca qarğış edirsən, bu dünyada rahatlıq tapmamasını diləyirsən? Bəlkə də ən sərtini edirsən – cəzanı özün verirsən, onun nə yaşamağa layiq olduğunu özün müəyyənləşdirirsən.
Ya da ən çətinini, edərək onu bağışlayırsan?
Səni bilmirəm, amma memarlıq düşmənlərini özü cəzalandırır. Hər kəsin düşmənçilik anlayışı fərqlidir. Kimisi qisasda, kimisi səssizlikdə rahatlıq tapır. Memarlıq qisasda rahatlıq tapanlardandır. Özüdə düşmən deyə seçdikləri bilirsiniz kimlərdir? Evsiz insanlar və bu dünyanın bizdən əvvəlki sakinləri olan heyvanlar. Heyvanlar bu dünyada yaşayanda insanlar burada hələ yox idi. İndi biz gəldik və onları dünyamıza yaraşdırmırıq.
Memarlıqda düşmənçilik
“Düşmən memarlıq” insanın təbii davranışlarını məhdudlaşdırmaq və ictimai məkanlarda rahatlığı azaltmaq üçün tətbiq olunan dizayn strategiyasıdır.
Paytaxtımızdakı nümunələrlə başlayaq. Bulvarda hər birimizin gördüyü oturacaqlar dəmirdən hazırlanıb və dalğavari formada dizayn edilib. Həm dəmir olması səbəbindən uzun müddət oturmaq qeyri-mümkündür həmdə yayda isti qışda isə soyuq olur.

Daha maraqlısı isə belədir: bulvarda üç sıra skamiya yerləşdirilib. Arxadakı ikinci və üçüncü sıra normal taxta skamiyalardır, amma birinci sıra “düşmən memarlıq” kateqoriyasına aiddir. Niyə? Çünki insanlar birinci sırada mənzərəni, Xəzərin dalğalarını izləmək istəyir, lakin bu dalğavari dəmir skamiyalar onların uzun müddət rahat oturmasına imkan vermir. Qısa müddət sonra insanlar yorulur və məkanın tam funksiyasından istifadə edə bilmir.
Yarımdairə Skamiya
Bu yarımdairəvi skamiya ilk baxışda parkın təbiəti ilə harmoniyada görünür, sanki insanları bir araya gətirmək, söhbətə çağırmaq üçün dizayn edilib. Lakin oturacaq hissəsinin arxasız olması, taxta lövhələrin aralı düzülməsi, eyni zamanda skamiyaya verilən bucağın bədəni dəstəkləməməsi onu yalnız qısa müddətli istifadə üçün əlverişli edir.

Məhz bu səbəbdən bu skamiya düşmən memarlığı kateqoriyasına daxildir. O, uzun oturmanı və rahat dayanmağı məhdudlaşdırır, istifadəçiyə “burada çox qalma” mesajı verir. Estetik görünüş funksionallıqdan üstün tutulur və bulvarda birinci sırada yerləşən skamiyalardan biridir.
Dəmir Skamiyalar
Bulvardakı atraksionların yaxınlığında yerləşdirilmiş dəmir oturacaqlar rəngarəng boyanıb, sanki əyləncə mərkəzlərinin dinamizmi ilə ahəng daşıyır. Lakin əslində bu məkan dinamizmini itirmir, çünki uşaqlar gəlib gedir, valideynlər isə sadəcə gözləyir.

Dəmir skamiyaların sərtliyi və narahatlığı insanların burada uzun müddət toplaşmasının qarşısını alır. Məkanın dövriyyəsini qorumaq və insanların çox qalmasını məhdudlaşdırmaq isə düşmən memarlığının əsas məqsədlərindəndir.
Dəmirlə Kəsilmiş Skamiyalar
Bu növ skamiyalar həm ölkəmizdə, həm də dünyada çox yayılmışdır. Aşağıdakı fotoya baxdıqda sadə bir açıq hava oturacağı görürsünüz və bir çoxumuz düşünür ki, bu bizim rahatlığımız üçün dizayn edilib, oturarkən qolumuzu qoymağa da yer var. Halbuki əsl məqsəd evsizlərin bu skamiyalarda uzanıb yatmasının qarşısını almaqdır.

Həmçinin, bu dizayn oturma sahəsini azaldır və ictimai yerlərin inklüzivliyi prinsipinə ziddir. İnsanlar artıq bir araya gəlib rahat otura bilmirlər; məkanlar kəsildikcə sosial qarşılıqlı əlaqələr də məhdudlaşır. Belə addımlar ictimai yerlərin təbii funksionallığını məhdudlaşdırır və insanların məkandan birgə istifadə imkanlarını azaldır.
Xarici nümunələr
Xarici nümunələr arasında məni ən çox təəcübləndirən Çinin Şandunq şəhərində yerləşən oturacaq olmuşdur. Bu skamiya “pul ver, otur” prinsipi ilə işləyir və müasir kapitalizmin, ictimai məkanların kommersiyalaşdırılmasının açıq nümunəsidir.

Oturma vaxtı bitdikdə skamyanın iti ucları çıxır və insanlar daha otura bilmirlər. Bu, hər kəsi hərəkətə keçməyə məcbur edir və ictimai məkandan açıq, sərbəst və məhdudiyyətsiz istifadə imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Beləliklə, sadəcə oturma funksiyasını təmin etmək əvəzinə, məkanın sosial və estetik rolu da ciddi şəkildə dəyişdirilir.
Kiçik Dostlarımız da Hədəfdə
Düşmən memarlığı yalnız insanların hərəkətlərini məhdudlaşdırmaqla kifayətlənmir; hətta kiçik dostlarımız, quşlar da onun hədəfinə çevrilə bilər. Bristolda ağac budaqlarına quraşdırılmış metal sünbüllər quşların yaşayış yerlərini məhv edir və ictimai yerləri düşmən sərhədlərinə qədər genişləndirir. Bu cür nümunələrə ölkəmizdəki evlərin hasarlarında da rast gəlmək mümkündür.

Mavi İşıqlı Tualetlər
Kanadanın Victoria şəhərindəki ictimai tualetlərdə tətbiq edilən mavi işıqlandırma sistemi narkotik istifadəsinin qarşısını almaq məqsədi daşıyırdı. Lakin bu dizayn demək olar ki, hamı tərəfindən tənqid olunur. Mavi işıq damarların görünməsini çətinləşdirdiyi üçün inyeksiya etməyə çalışanlar ciddi infeksiya riski ilə üzləşir.

Digər istifadəçilər üçün isə bu tualetlər artıq sadəcə ictimai məkan deyil; qaranlıq və narahatedici bir təcrübəyə çevrilib. Belə nümunələr göstərir ki, dizayn vasitəsilə insanların davranışlarını məhdudlaşdırmaq həm funksionallığı, həm də sosial təcrübəni ciddi şəkildə dəyişdirə bilər.
Düşmən dizayn nümunələri sayıla biləcək bir çox təcrübə insanlar arasında qarşılıqlı əlaqəni məhdudlaşdırır və aralarında görünməz divarlar yaradır. Məsələn, araşdırmalar göstərir ki, ictimai yerlərdə skamiyalar insanları ünsiyyətə daha açıq edir. Lakin onların arasına qoyulan qoltuqaltılar, biri digərinin yanında otursa da, ünsiyyəti məhdudlaşdırır. Yəni, mənim sərhəddimi keçmə mesajı verir. İnsanlar bu işarəni alt şüurla qəbul edir, rahatlığı və ünsiyyəti məhdudlaşdıran “görünməz divarlar”la qarşılaşır. Psixologiya …
Memarlığın belə düşmənçilik etdiyi bu dünyada kimdən vəfa gözləyək?