Skip to content

Cinayət memarlığı və Raskolnikov

Hər kəs roman oxuyarkən orada öz maraq dairəsini və ya ixtisasını daha tez görür. Məsələn, bir psixoloq “Cinayət və cəza”nı oxuyarkən əsərdəki psixoloji hadisələri daha rahat dərk edir. Bir iqtisadçı qəhrəmanın nə dərəcədə kasıb və çıxılmaz vəziyyətdə olduğunu daha rahat qiymətləndirir. Bir memar isə müəllifin detallı şəkildə təsvir etdiyi otağı, binanı, küçəni və pilləkən səhnələrini zehnində bütün incəlikləri ilə canlandıra bilir.

Bəlkə də ixtisaslarımız ruhumuzun bir hissəsinə çevrilir. Ya da biz dünyanı öz peşəmizin gözü ilə görürük.

Bir çox insan darısqal bir mənzilin təsvirini oxuyarkən, memar həmin məkanda işığın hansı istiqamətdən düşdüyünü, otağın necə havalandığını, tavanın hündürlüyünü, qapıların yerləşməsini və hətta mebellərin insanın hərəkətinə necə mane olduğunu xəyalında qurur.

Amma bir memar kimi “Cinayət və cəza”nı oxuyarkən özümə ən çox bu sualı verdim: Raskolnikov həmin evdə, həmin məhəllədə yaşamasaydı, yenə də cinayət törədərdimi?

Cinayət memarlığı və Raskolnikov

Düzdür bu roman real hadisələrə əsaslanaraq yazılmayıb, amma Dostoyevski qəhrəmanı niyə məhz bu cür evdə canlandırıb?

Məkan insanı dəyişdirə bilərmi?

Mühitin insana təsiri haqqında əvvəlki yazılarımda da bəhs etmişəm. Yaşadığımız çevrə düşüncələrimizi formalaşdırır, bizi müəyyən istiqamətə yönəldir və hətta daxilimizdə olan hissləri daha da gücləndirir.

Bəlkə də bunu gündəlik həyatda hiss etmək, dərk etmək çətindir. Lakin uzun müddət bir mühitdə yaşadıqdan sonra oradan köçüb uzaqlaşmısınızsa, özünüzdəki fərqi dərk edə bilərsiniz.

Və ya hər birimizin yaşadığı COVID-19 pandemiyası dövrünü xatırlayaq. Uzun müddət evdə qaldıqda özünüzdə hansı dəyişiklikləri hiss etdiniz? Bəzilərimiz şəhərdən uzaqlaşıb başqa mühitdə yaşadı, bəzilərimiz isə dörd divar arasında tək qaldı. Hər bir halda məkanın əhvalımıza, zaman duyğumuza və insanlarla münasibətimizə təsir etdiyini gördük.

İndi isə Raskolnikovu düşünək.

O, dar, havasız və qaranlıq bir otaqda siçanlarla yaşamasaydı, yenədə cinayətkar olardı? Otaq qaranlıq olduqda düşüncələrimiz də qaralır? Qaranlıq otaq depressivlik, mənasızlıq, ölümə yaxınlıq və bu kimi düşüncələr yaradır. İşıqlı, hündür evlərdə isə bu düşüncələr beynimizdən silinir.

Və ya uçuq-sökük, rütubətli bir binanın blokuna daxil olmaqla, təmirli, geniş, işıqlı, təmiz bloka daxil olmaq eyni düşüncəni  yaradır? Şəxsi müşahidələrimə əsasən əminliklə deyə bilərəm ki bu iki mühit arasında xeyli fərq var.

Ancaq buradakı əsas məsələ qaranlıq otaqda yaşayan hər insan cinayətkar olmur. İşıqlı və geniş evdə yaşayan hər insan da yaxşı insana çevrilmir. Memarlıq insanın taleyini təkbaşına müəyyən edə bilmir. Lakin məkan insanın daxilində artıq mövcud olan hissləri gücləndirə bilir.

Raskolnikovun da cinayətə aparan yolu yalnız otağının qaranlığı ilə izah edilə bilməz. Onun yoxsulluğu, tənhalığı, özünü cəmiyyətdən üstün görməsi, “adi” və “qeyri-adi” insanlar haqqında nəzəriyyəsi, ailəsi qarşısında duyduğu məsuliyyət və mənəvi parçalanması da bu yolda mühüm rol oynayırdı.

Romanda yalnız Raskolnikovun otağı yox, bütövlükdə Peterburq şəhəri də qəhrəmanın gözü ilə sıxıcı və narahatedici şəkildə təsvir edilir. Dar küçələr, çirkli həyətlər, rütubətli binalar, qaranlıq pilləkənlər, boğucu hava və izdihamlı məkanlar əsərin psixoloji gərginliyini artırır.

İndi isə qayıdaq əsas məsələmizə, Cinayət memarlığı nədir və həyatımıza necə təsir edir?

Cinayət memarlığı nədir?

Cinayət memarlığı” ifadəsi memarlıqda rəsmi bir termin olmasa da, müasir şəhərsalma və sosial tənqid çərçivəsində metaforik şəkildə işlədilir. Cinayət memarlığı, memarlığın cinayətə necə şərait yaratdığını, cinayətin hansı məkanlarda daha rahat baş verdiyini və fiziki mühitin insan davranışına necə təsir etdiyini araşdıran yanaşma kimi başa düşülə bilər.

Bu anlayış bir neçə istiqaməti əhatə edir:

  • qaranlıq və nəzarətsiz məkanlar;
  • gizlənməyə imkan verən kor nöqtələr;
  • baxımsız və tərk edilmiş binalar;
  • insanların bir-birindən təcrid olunduğu yaşayış mühitləri;
  • həddindən artıq sıxlıq yaradan şəhər planlaması;
  • insanda qorxu və gərginlik hissi yaradan məkanlar;
  • cinayətə şahid olma və müdaxilə ehtimalını azaldan memarlıq həlləri.

Belə məkanlar insanı birbaşa cinayətkar etmir. Lakin cinayətin törədilməsini asanlaşdıra və insanların təhlükəsizlik hissini zəiflədə bilər.

Bir məkan baxımsız, qaranlıq və nəzarətsiz görünəndə insan orada ictimai qaydaların zəif olduğunu düşünür. İşıqlı, açıq və insanların bir-birini görə bildiyi məkan isə tam əks mesajı ötürür.

Deməli, məkan cinayətin birbaşa səbəbi olmasa da, insanın düşüncələrinə, davranışlarına və təhlükəsizlik hissinə ciddi təsir göstərə bilər.

Əgər yaşadığımız məkanlar davranışlarımıza bu qədər təsir edirsə, onda biz memarlar özümüzə başqa bir sual da verməliyik: biz bu gün insanları necə məkanlarda yaşamağa məcbur edirik?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir