Skip to content

Caz kimi memarlıq

Caz elə bir musiqi janrıdır ki, onu dinləyərkən növbəti notun nə olacağını təxmin etmək mümkün deyil. Bu qeyri-müəyyənlik və sərbəstlik onu digər musiqi növlərindən fərqləndirir. Caz — anın içində yaranan, sərhədləri qəbul etməyən, öz yolunu özü seçən bir düşüncə tərzidir. O, azadlığın və spontanlığın musiqidəki ifadəsidir. Bu səbəblədə jaz hər kəs tərəfindən sevilmir. Ancaq yaradacı ruha sahib insanlar bu musiqi növündən zövq ala bilir.

Məhz bu səbəbdən caz hər kəsin zövqünə uyğun olmaya bilər. O, daha çox yaradıcı ruhlu insanların anlayıb dəyər verdiyi bir musiqidir. Əsrlər boyu formalaşmış musiqi normalarının əksinə getdiyi üçün, caz çox zaman anlaşılmazlıqla qarşılanır. Bunun bariz nümunələrindən biri də Azərbaycan cazının banisi Vaqif Mustafazadədir. O, öz dövründə caz-muğam sintezini yaradaraq musiqidə inqilabi bir addım atsa da, hər kəs tərəfindən dərhal qəbul edilməmişdi. Cəmiyyətin o dövrdə yaradıcılığa və sərbəstliyə hazır olmaması onun sənətini tam anlaması üçün maneə olmuşdu. Amma zaman keçdikcə dünya dəyişdi — və yaradıcılığın dəyəri daha çox insan tərəfindən başa düşülməyə başlandı.

Bəs bu sərbəstlik, improvizasiya və yaradıcılıq prinsipləri niyə yalnız musiqi ilə məhdudlaşmalıdır? Həyatın digər sahələrində, məsələn, memarlıqda da belə bir yanaşma tətbiq oluna bilərmi?

Ənənəvi memarlıq əksər hallarda sərt planlar, qaydalar və əvvəlcədən təyin olunmuş çərçivələr üzərində qurulur. Halbuki həyatın özü improvizasiyadır — dəyişir, təkamül edir, sürprizlərlə doludur. İnsan zamanla dəyişir, zövqlər dəyişir, ehtiyaclar dəyişir… Elə məkanlar da bu dəyişikliklərə cavab verə bilməlidir.

Memarlıq yalnız daş və beton deyil. O, yaşayan, nəfəs alan, insanla qarşılıqlı əlaqədə olan bir sistem olmalıdır. Bəzən məkan istifadəçiyə uyğunlaşmalı, onun ritmini tutmalı, onunla “improvizasiya” etməlidir. Sərt planlardan çox, hissiyyata əsaslanan, anın içində formalaşan həllər yaratmaq bəzən daha ilhamverici və funksional ola bilər.

Çünki memarlıq yalnız yaşamaq üçün deyil, həm də yaşatmaq üçündür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir