Skip to content
Home » Bozun əlli çaları

Bozun əlli çaları

Diqqət etmisiniz, əksər insanların ən sevdiyi rəng ya yaşıldır, ya da mavi. Çox az bir qisim digər rəngləri sevir. Bunun səbəbi isə insan nəyi çox görərsə onu sevər məntiqinə əsaslanır, fikrimcə. Başımızı qaldırıb mavini görürük, yerə baxıb yaşılı görürük, demək istərdim… Lakin, bu Bakı sakinlərinə xas deyil. Göyümüz də bozarıb, yerimiz də. Memarlığımızda bejin boz çalarlarındadır.

Ümumiyyətlə həyatımız hər gün daha çox bozarır. Rənglər sanki bir-bir yox olur. Bu gün uşaq əyləncə mərkəzləri xaric, demək olar ki, heç yerdə rəng qalmayıb. Halbuki mənim uşaqlığım rəngli idi. Şam ağacını rəng palitrasının bütün çalarları ilə bəzəyərdik. Müasirlik təkcə həyatımızdan deyil, şam ağacımızdan da rəngləri apardı.

Bizim ailədə bir ritual var: hər il mütləq şam ağacına yeni bir oyuncaq alınmalıdır. Biz bayramda yeni geyiniriksə, şam ağacının da yeni aksesuarı olmalıdır. Bu səbəbdən uşaqlığımdan bu günə qədər yığılmış rəngarəng şam ağacı bəzəklərim var.

Bu gün bir qutu oyuncağı kənara qoymuşam ki, şam ağacım çox rəngli olmasın. Tək rənglə bəzəmişəm. Qarşı çıxdığım trendə, özüm qoşulmuşam. Bilmirəm, o dövrün şam ağacları elə idi ki, rəngarəng bəzədikdə daha yaraşıqlı görünürdü, yoxsa sadəcə zövqlərimiz kəskin şəkildə dəyişib.

Şam ağacı

Bir fikir oxumuşdum, belə ki, həyatı çox hərəkətli olan, evdən kənarda daha çox vaxt keçirən insanlar evlərinin interyerini daha rəngsiz edirlər ki, evdə dincələ bilsinlər. Çox rəng onları yorur. Bu arqument mənə məntiqli gəlmişdi. Əvvəllər insanlar az işləyirdi, evdə daha çox vaxt keçirirdilər və əşyaların rəngləri ilə həyatlarına rəng, hərəkət qatmaq istəyirdilər düşüncəsi məntiqli səslənirdi.

Lakin indi belə düşünürəm ki, bizi rəngsizliyə aparan dinamik həyatlarımız yox, daima baxdığımız ekranlardır. Ekranlardakı canlı rənglər o qədər gözəldir ki, real həyatda heç bir rəng onlara çata bilmir. Bu səbəbdən də rəng haqqının ancaq ekranlarda olması daha doğrudur. Rəngsiz geyimlər, rəngsiz interyerlər, hətta rəngsiz şəhərlər.

Son zamanlarda Gəncə şəhərində sürətli təmir, bərpa və restavrasiya işləri gedir. Maraqlıdır Gəncənin siması olan qırmızı rəng qorunacaq? Yoxsa o da digər şəhərlər kimi bozun müxtəlif çalarlarına təslim olacaq?

Bir qutu oyuncağı kənara qoyan yalnız mən olmadım, biz hamımız həyatımızın bir hissəsində rəngləri kənara qoyduq. Amma hər dəfə şam ağacına baxanda anlayıram ki, rəngdən imtina etmək sakitlik gətirsə də, həyatımızın istiliyini apardı. Şəhərlər də elədir. Rəngsiz olanda səliqəli görünürlər, amma eyni zamanda da yad.

Yeni iliniz mübarək!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir