Skip to content

Bir Binanın Sükutu – Jan Letzel

Bəzən bir bina, təkcə daş və betondan ibarət olmur. O, bir xalqın acısını, tarixini və xatirələrini öz divarlarında daşıyır. Tarix boyu bir çox abidələr inşa edilib və məhv olub, lakin elələri var ki, dağıntı içində belə danışmağa davam edir. Bu yazıda sizi belə bir binanın “Genbaku Dome”un hekayəsinə aparacağam. Çünki bu bina sadəcə bir tikili deyil; o, müharibənin dəhşətini, insan iradəsinin gücünü və sülh arzusunu özündə birləşdirən susqun bir şahiddir.

1945-ci ilin avqust ayında Hiroşimaya atılan nüvə bombası, təkcə insan həyatı üçün deyil, şəhərin memarlıq yaddaşı üçün də dönüş nöqtəsi oldu. Partlayış mərkəzinə yaxın olan minlərlə bina anında yer üzündən silindi. Amma bir bina “Genbaku Dome” salamat qaldı. Bu gün o bina, sadəcə dağıntının içində qalan bir konstruksiya deyil, insan yaddaşının və sülh çağırışının memarlıq simvoluna çevrilmişdir.

Əvvəllər “Hiroşima Prefektura Sənaye Təşviqi Sarayı” adlanan bu bina, memar Jan Letzel tərəfindən 1915-ci ildə tikilmişdi. Göz oxşayan Avropa üslubunda tikilmişdi və bombanın partlayış mərkəzinə çox yaxın olsa da, strukturunun mərkəzi hissəsi çökmədi. Bu fakt təkcə texniki möcüzə deyil, həm də memarlığın yaddaş daşıya biləcəyinin sübutudur.

1945-dən sonra uzun illər bu bina ilə bağlı müzakirələr oldu: onu dağıtmaq, yoxsa qorumaq? Sonda qərar belə oldu – bu bina dağıntı formasında qalmalı və danışmalı. Çünki o danışmasa, insanlar unudacaq. Və beləliklə, 1996-cı ildə UNESCO tərəfindən Dünya İrsi Siyahısına daxil edildi.

Genbaku Domu bir çox memar üçün fiziki olaraq tamamlanmış, lakin mənəvi olaraq hələ də inşa olunan bir binadır. Onun dağılmış divarları, sanki zamanın içində donub qalmış bir anı göstərir – müharibə, insan qəddarlığı, və sonda… sülh üçün çağırış. Memarlıq burada funksiyadan çıxır və xatırlatma funksiyasına çevrilir. 

Bu hadisə göstərdi ki, memarlıq sadəcə yaşayış üçün strukturlar yaratmaq deyil; hiss, yaddaş və kollektiv şüur üçün də məkan yaratmaqdır. Bir bina dağılsa da, onun ideyası ayaqda qala bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir