Skip to content

Biofilik Dizayn Nədir?

İnsan təbiətlə bir bütün idi, torpağın qoxusu ilə nəfəs alır, küləyin səsinə yuxuya gedir, suyun axışıyla rahatlıq tapırdı. Lakin sənayeləşmə insan sanki öz təbiiliyindən qoparıldı, köklərindən uzaq saldı. Hər qalxan bina bir ağacın yerini aldı, hər tökülən beton parçası bir nəfəsi kəsdi. Məhz bu məqsədlə müasir memarlıqda biofilik dizayn ön plana çıxmağa  başladı, təbiəti yenidən həyatın mərkəzinə qaytarmaq üçün. Betonun içində yaşıllıq inşa etmək…

Biofilik dizayn – təbiəti həyatımıza yenidən daxil etməyi məqsəd qoyan memarlıq yanaşmasıdır. Sürətlə urbanlaşan dünyada, insanlar vaxtlarının böyük hissəsini beton və şüşədən ibarət tikililərin arasında keçirirlər. Halbuki insanın mayası torpaqdan yoğrulub.  Təbiətdən uzaq düşmək, insanı tədricən özündən də uzaqlaşdırır. İnsanların genetik olaraq təbiətlə dərin bir əlaqəsi var və bu əlaqənin itirilməsi onların fiziki və zehni sağlamlığına mənfi təsir göstərir. Məhz bu səbəbdən biofilik dizayn anlayışı getdikcə daha çox əhəmiyyət qazanır.

Elmi tədqiqatlar göstərir ki, biofilik dizayn elementləri ofis mühitində işçilərin məhsuldarlığını təxminən 8%, onların xoşbəxtlik və məmnunluq hissini isə 13% artırır. Məktəblərdə bu yanaşma şagirdlərin diqqətini yüksəldir, hiperaktivlik kimi problemləri azaldır və ümumi təhsil keyfiyyətini yaxşılaşdırır. Xəstəxanalarda isə təbiətdən ilhamlanan dizayn xəstələrin sağalma müddətini qısaldır.

Biofilik dizayn yalnız insan sağlamlığı üçün deyil, eyni zamanda ətraf mühitin qorunması üçün də böyük əhəmiyyət daşıyır. İnsanların təbiətlə əlaqəsinin güclənməsi onları təbiəti qorumağa və daha davamlı yaşayış mühitləri yaratmağa sövq edir. Fərqli bina tiplərində biofilik dizayn müxtəlif faydalar təmin edir. Ofislərdə işçi sağlamlığını və işə bağlılığı artırır, otellərdə qonaqların məmnuniyyətini yüksəldir, məktəblərdə təhsil səviyyəsini yaxşılaşdırır, yaşayış binalarında isə sakinlərin rifahını və təhlükəsizlik hissini artırır.

Biofilik dizayn memarlıq yanaşmasından daha çox, bir yaddaşdır – təbiətlə olan əlaqənin yaddaşı. Bu yaddaşı yaşatmaq, gələcək nəsillərə yalnız sağlam şəhərlər deyil, həm də mənəvi bütövlüyə aparan yollar buraxmaq deməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir