Skip to content

Azlıq Azadlıqdırmı?

Azlıq azadlıqdırmı? Müasir insan yaşamaq üçün ev tikdi, amma zaman keçdikcə ev insandan daha çox şey tələb etməyə başladı. Əvvəl bu sadəcə bir sığınacaq idi yağışdan, soyuqdan, istidən qoruyan fiziki bir məkan. Lakin zamanla evin içi funksionallıqdan çox yükə çevrilməyə başladı. Mətbəx əşyaları, yataq otağı dəstləri, qonaq otağı dekorları, bunların hamısı rahatlıq və gözəllik üçün idi, amma nəticədə məsuliyyət və qayğıya çevrildi. Evin bizə xidmət etməli olduğu yerdə, biz evə və onun içindəkilərə qulluq edən varlıqlara çevrildik.

Əşyalara yer açdıq, onları qorumağa başladıq, daha sonra isə onlara bağlandıq. İndi isə onları nə ata bilirik, nə də rahatlıqla saxlaya bilirik. Fiziki əşyalar zamanla emosional yükə çevrilir – “bəlkə bir gün lazım olar” düşüncəsi ilə saxlanılan hər bir əşya həm keçmişin yüküdür həm də gələcəyin.

Nə edək minimalizm fəlsəfinə üz tutaq? Minimalizm sadəcə az əşya ilə yaşamaq demək deyil – bu, eyni zamanda daha az ilə daha çox hiss etmək fəlsəfəsidir. Çoxluq bəzən aidiyyət hissi yaradır. Hər yeni əşya bizə bir “varlıq” hissi verə bilər.

Əşyalar bizə xidmət etmədikdə, bizə tabe olmayan sistemlərə çevrilir. Onlara qulluq, yer, diqqət və enerji verməyə başlayırıq. Hara gediriksə, onlarla bağlı qərarlar, qayğılar da bizimlə gəlir. Beləcə azadlıq, təmir xərcləri və toz silmə planlarının içində itib gedir..

Aldous Huxley və Sistemləşdirilmiş Sadəlik – Azlıq Azadlıqdırmı?

Aldous Huxley-nin “Cəsur Yeni Dünya” romanında olduğu kimi, hər şeyin tənzimləndiyi, azadlığın sistemlə əvəz olunduğu bir dünyada yaşamaq… Bəlkə də əşyalardan azad olmaq bir növ azadlıqdır. Bəs bu bizi həqiqətən xoşbəxt edərmi?

Aid olmadığın bir divarın kölgəsi doğma ola bilərmi? “Mənim kitabım”, “mənim pəncərəm”, “mənim ağacım” kimi ifadələrdəki aidiyyət duyğusu, insanı torpağa, zamana və evə bağlayan görünməz bir ipdir. Aidiyyət, insanın ruhuna sığınacaq verən duyğudur və interyer bunu tamamlamalıdır. Çünki interyerdə və memarlıqda aidiyyət sadəcə sahiblənmək deyil – insanın məkanla ruhən əlaqə qurmasıdır. Hər künc, hər divar, hər pəncərə bir hissin daşıyıcısıdır. Bir evi ev edən onun interyeri yox, içində formalaşan xatirələrdir.

Boşluğun Arxasındakı Boşluq

Son onilliklərdə dünyada və xüsusilə urbanistik mühitdə minimalist memarlıq geniş yayılıb – düz xətlər, açıq rənglər, boş sahələr və funksionallığa əsaslanan həllər. Lakin bu yanaşma bəzən insanın təbiətinə zidd gedə bilir. Çünki insan yalnız nizam axtaran deyil, eyni zamanda xaosla yaşayan bir varlıqdır. Hər şeyin “mükəmməl” və “təmiz” olduğu bir interyer bəzən soyuqluq və yadlıq hissi yarada bilər. Bu cür minimalizm bəzən xəstəxana üslubunu xatırladır – steril, kənar təsirlərdən təmizlənmiş, amma eyni zamanda ruhsuz və soyuq. Hər şey yerində, amma heç nə özünəməxsus deyil. İnsan belə məkanlarda mövcud olsa da, tam mənada var ola bilmir. Çünki şəxsiyyət izləri, təsadüfi qarışıqlıqlar və həyatın özü həmin təmizlik estetikasına sığmır.

Azadlıq, Yoxsa Yeni Bir İdarəetmə Vasitəsi?

Müasir dövr təkidlə bizə təlqin edilən bir mesaj var “Daha az əşya, daha çox azadlıq.” Bu cümlə artıq reklam panolarından tutmuş, sosial media paylaşımlarına qədər hər yerdə təkrar olunur. Sanki xoşbəxtliyin, rahatlığın, hətta mənəvi saflaşmanın açarı bu sadə düsturda gizlidir. “Azla xoşbəxt ol” çağırışı, ilk baxışda həm məntiqli, həm də ekoloji baxımdan zəruri görünür. Amma bu çağırışın arxasında dayanan sükut dolu paradokslar haqqında nə qədər düşünürük?

Bu sadəlik təbliğatı bizə doğrudanmı yaxşılıq edir, yoxsa Aldous Huxley-nin “Cəsur Yeni Dünya”sındakı kimi sistem tərəfindən incəliklə qurulmuş nəzarət formasıdır? Minimalizm bizə azadlıq vəd edir, yoxsa seçimlərimizi sadələşdirərək bizi daha asan yönləndirilən varlıqlara çevirir?

Digər tərəfdən, əgər “daha az əşya” anlayışı doğrudan da həm psixoloji rifahımız, həm də dünyamızın qorunması üçün vacibdirsə, nəyə görə gündəlik həyatımızda bunun tam əksi ilə qarşılaşırıq? Ekoloji səbəblərlə bizi az əşya almağa təşviq edən sistem, eyni zamanda aldığımız məhsulları 2-3 qat plastik materiala bükür. Təkcə bir şokolad belə, iç-içə qablaşdırılmış plastik və kağız qatları ilə təqdim olunur. Lüks brendlər isə bir geyimi bir neçə fərqli paketə yerləşdirir – kağız, plastik, lent, karton qutular – sanki məhsuldan çox qablaşdırma satılır. Daha da ironik olanı odur ki, bu markalar satılmayan geyimlərini sadəcə imicləri zədələnməsin deyə yandıraraq atmosferə tonlarla karbon buraxırlar.

Bəs bu nə deməkdir? Bizə azlıq və sadəlik adı ilə təqdim olunan həyat tərzi, əslində sistemin ekoloji məsuliyyətini fərdi istehlakçıya yükləmək cəhdidirmi? Kapitalist istehsal modeli yerində qaldığı halda, minimalizm sadəcə bir kosmetik düzəlişdən ibarətdirmi?

Burada əsas məsələ sual formasında qarşıya çıxır: Doğru olan nədir?
Dünyanı qorumaq və ekoloji cəhətdən sağlam olmaq üçün daha az əşya ilə yaşamaq, yoxsa ruhumuzu qorumaq və aiddiyyət hissini itirməmək üçün müəyyən əşyalara sahib olmaq?

Memarlıq da bu paradoksun tam mərkəzində dayanır. Memarlıq bir aynadır. O yalnız cəmiyyətin sosial və siyasi kimliyini deyil, insanın daxili dünyasını da əks etdirir. Bəzən o binalarda öz kölgəmizi görürük, bəzən sahib olduqlarımızı, bəzən isə hələ tapmadığımız özümüzü.

Əgər evlər sadələşdikcə insan ruhu da boşalırsa, demək ki, bu sadəlik bəzən dərinlik deyil, səthin estetikasına aldanmaqdır. Minimalizm bizə azadlıq vəd edərkən, bəlkə də bizdən kimliyimizi oğurlayır, çünki insan kimliyi də adətən topladığı, saxladığı, qoruduğu əşyalardan formalaşır.

Bizi daha xoşbəxt edən azlıqdır, yoxsa məna yüklü çoxluq? Bəlkə də cavab hər birimizin üçün fərdidir. Xəyallarınızda canlandırdığınız o evə nəzər yetirin, orada nə qədər əşya var?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir