İnsani bir varlıq kimi ömrümüzün təxminən üçdə biri yuxuda keçir. Bəs, yuxu bizə niyə lazımdır? Elmi araşdırmalar göstərir ki, gün ərzində qəbul etdiyimiz informasiyanın emalı üçün yuxu vacibdir, çünki yalnız yatdığımız zaman məlumatlar müvəqqəti “keş” yaddaşdan daimi “SSD” yaddaşa köçürülə bilir.
Bəs əgər yuxu ancaq gündəlik hadisələrin işlənməsi prosesidirsə, niyə yuxularımızda baş verməyən hadisələri görürük? Uçuruq, yıxılırıq, getmək istədiyimiz yerlərə çata bilmirik, həyatda etməyəcəyimiz qəhrəmanlıqları yaşayırıq. Yuxular, həqiqətən, fantastikdir və məncə yuxu, ruhumuzun səyahət etdiyi məkanlardır.
Yatmağa ehtiyacımız var, çünki ruhumuz hər gün aid olduğu yerə bir neçə saatlıqda olsa qayıtmaq istəyir. Bədənimizin ehtiyacı olan su, qida, istilik və ya sərinlik ruhumuzu qidalandırmır. Bəs ruhu nə qidalandırır?
Bu gün ruhumuza xidmət edən möcüzəvi bir məkan haqda danışmaq istəyirəm, alov haqda, daimi yanan od haqda, Atəşgah haqda.
Atəşgah
XVII-XVIII əsrlərdə təbii qaz çıxışı olan yerlərdə daim yanmaqda olan sönməz alovların ətrafında inşa edilmiş məbədə “Alov evi” və ya “Alov yeri” deyilir. Atəşgah ibadət yeri olmaqla yanaşı, həm də memarlıq baxımından maraqlı bir kompleksdir.
Atəşgah kompleksi beşguşəli bir həyətə malikdir və müdafiə divarları ilə əhatə olunub. Həyətin mərkəzində dördguşəli altar, yəni alov məbədi yerləşir. Kompleksin girişində isə balaxana adlanan, Şirvan-Abşeron memarlıq məktəbinə xas olan qonaq otaqları var.
Ümumi memarlıq quruluşuna görə Atəşgah Azərbaycanın tarixi şəhər karvansaralarını xatırladır. Beşguşəli həyətin mərkəzində yerləşən rotonda-pavilyon kompleksin əsas alov məbədidir. Burada müqəddəs alov daim yanır və bütün qurbanlar həmin məbəddə yanan müqəddəs alov gətirilirdi. Alov məbədinin ətrafında dindarların yaşaması üçün kiçik hücrələr tikilmişdir. Giriş portalının üstündə isə Abşeronda ənənəvi olan qonaq otağı – balaxana yerləşir.
Atəşgahda yerləşən 20 qiymətli daş kitabə memarlıq baxımından da əhəmiyyətlidir. Hücrələrdə və otaqlarda yerləşdirilmiş bu kitabələr tikililərin ilini, inşa edən tacirlərin adlarını və hindu tanrılarının adlarını göstərərək kompleksin tarixini əks etdirir.
Kompleksin memarlıq qorunması və restavrasiyası mühüm əhəmiyyət kəsb edir. 1975-ci ildə aparılan ilk ətraflı restavrasiya işləri Atəşgahın orijinal planını, dördgüşəli altarını və pavilyonunu bərpa etməyə yönəlmişdi. Daha sonra 2007-ci ildə həyata keçirilən yenidən restavrasiya işləri kompleksin daş divarlarını, hücrələrini və qonaq otaqlarını təmir edərək memarlıq görünüşünü qoruyub saxladı. Bu işlərdən sonra hücrələr və otaqlar maraqlı sərgi məkanlarına çevrildi. Burada, Atəşgahı ziyarət edənlərin diqqətini çəkən eksponatlar yerləşdirilib; oda sitayiş edən adamları təsvir edən fiqurlar ziyarətçilərə təqdim olunur.

Giriş tərəfdə isə turistlər və ziyarətçilər üçün suvenir mağazaları fəaliyyət göstərir. Bu mağazalarda gil və digər əl işləri, mədəni motivlər əsasında hazırlanmış xatirə əşyaları satışa çıxarılıb. Beləcə, Atəşgah həm tarix, həm mədəniyyət, həm də memarlıq baxımından canlı bir təcrübə mərkəzinə çevrilib.

Atəşgahdan danışıb burada ibadət edilən Zərdüştlük haqda danışmasaq məlumatlar natamam olar. Çünki bu din olmasaydı Atəşgah məbədidə yaranmazdı.
Zərdüştlük
Zərdüştlük dünyada ən qədim dinlərdən biridir və bu din Azərbaycan ərazisində yaranmışdır. Zərdüşt dinində insanların hörmət və sitayiş göstərdiyi əsas dörd ünsür var: torpaq, su, hava və od. Bunlar təbiətin əsas elementləri sayılır və həyatın davamlılığı üçün əhəmiyyət daşıyır.
Bu dörd element arasında od xüsusi yer tutur. Zərdüşt inanclarına görə, od yalnız fiziki istilik və işıq mənbəyi deyil, həm də ən müqəddəs, ilahi və ülvi qüvvə sayılır. Odun nuruna sitayiş edilir, onun qarşısında səcdə olunur və dualar oxunur. Eyni zamanda odun şərəfinə qurbanlar verilir, insanlar ruhani təmizlik və ilahi qüvvə ilə əlaqə qurmaq məqsədilə onu müqəddəs sayırlar.
Zərdüştlükdə od, ilahi nurun, təmizliyin və həyat enerjisinin simvolu hesab olunur və bu səbəbdən od məbədləri dini və mədəni həyatın mərkəzi yerlərindən biri olub. Od ruhun təmizlənməsi və ilahi qüvvə ilə birləşməsinin simvoludur. İnsanlar odun qarşısında səcdə edərkən, ruhlarını saflaşdırır, daxili sükunət və mənəvi harmoniya tapır, ilahi nurla birbaşa əlaqəyə girirlər. “Ruh” adlandırılan ƏrAğ – Ağ işığa, Saf Ağ işığa doğru səyahət edirlər.
Aleksandr Düma
Atəşgahın memarlıq quruluşu və tarixi əhəmiyyəti təkcə yerli mənbələrdə deyil, Avropa səyyah və yazıçılarının qeydlərində də öz əksini tapıb. Bu müqəddəs məkan əsrlər boyu dünyanın müxtəlif bölgələrindən gələn tanınmış şəxslərin diqqətini cəlb edib. Onlardan biri də məşhur fransız yazıçısı Aleksandr Düma olub. O, Qafqaza səfəri zamanı Atəşgaha baş çəkmiş və gördüklərini “Qafqaz səfəri” adlı əsərində təsvir edib:
“Birdən gözlərimiz qarşısında qeyri-adi, olduqca gözəl bir mənzərə canlandı, ətraf çıraqban oldu. Dedilər ki, bu aralar yalnız bayram günlərində, bir də müqəddəs ayinlar vaxtı belə çıraqban olur. M. Piqulevski bizim xatirimizə əvvəldən kahinlərə xəbər göndərib mərasim hazırlatdırıb. Atəşpərəstlər iki min ildən çoxdur ki, təqib edilirlər. Onların bu axırıncı yazıq, müti nümayəndələri (mərasimi bizə göstərmək üçün) əllərindən gələni əsirgəməyib, indi də əmrə müntəzir durmuşdular. Bu mənzərəni görmək istəyən həmvətənlərim bir qədər tələsməlidirlər. Çünki atəşpərəstlərin ibadətgahında var-yox üç nəfər adam qalmışdır, onların da biri qoca, ikisi isə otuz-otuz beş yaşındadır. Biz yan-yörəsindən alov sovurulan qapıdan dördkünc həyətə girdik. Ortadakı günbəzli səcdəgah və onun hər dörd küncündən əbədi alov ucalırdı. Səcdəgah hündürdədir, beş-altı pillə qalxmaq lazım gəlir. Səcdəgahın dövrəsində, bayır divarlar boyu iyirmiyə qədər hücrə var, qapıları içəriyə tərəf açılır. Bu hücrələrdə vaxtilə Zərdüştməzhəb tələbələr yaşayırmış. hücrələrdən birində taxçada iki büt durur. Atəşpərəstin biri kahin paltarını geydi, digəri əyninə köynək sayağı bir şəlpə keçirtdi. Başladılar ibadət etməyə. İbadət dedikdə, bu səslərin qeyri-adi dəyişməsindən ibarət dörd-beş xromatik qamma notasından başqa bir şey deyildi. Sol və mi arasında təkrarlanır, tez-tez də Brahmanın adı çəkilən nəğmədir. Kahin arabir əyilib səcdəyə getdikdə o birisi əlindəki siniləri birbirinə vururdu. Yüksək cingiltili səs çıxırdı. Mərasim qurtaranda kahin hərəmizə bir parça nabat uzatdı, biz də ona bir manat pul verdik.”
Zaman dəyişsə də, texnologiya inkişaf etsə də, insanın mənəvi axtarışları dəyişməyib. Atəşgahın mahiyyəti də məhz bu dəyişməzliyin içində yaşayır. Buradakı alov insanın öz daxilinə, ruhuna baxdığı bir güzgüdür.
İnsan bədəni yuxuda dincələrkən, ruh səyahətə çıxırsa, Atəşgah da tarix boyunca ruhların dayanıb odla, işıqla təmizləndiyi bir dayanacaq olub. Əvvəl zərdüştilərin, sonra uzaq diyarlardan gələn səyyahların, bu gün isə bizi yəni sual verən, axtaran insanları qəbul edən məkandır.

