Skip to content
Home » Antonio Qaudi və Corc Oruell

Antonio Qaudi və Corc Oruell

Mənim ən sevdiyim yazıçılardan biri Corc Oruelldir. Onun düşüncə gücü qarşısında heyran qalmamaq mümkün deyil. Təsəvvür edin bir insan roman yazır və o romanda yarım əsr sonranı təsvir edir. Biz hansımız beş il sonranı onun qədər dəqiq təsəvvür edə bilirik? Sərhədsiz təxəyyül gücünə malik insan.

Bəs yarım əsr sonranı təxmin edib detallı şəkildə roman yazmış, müxtəlif dövrlərdə bir çox ölkədə qadağan olunmuş, günümüzdə isə ən çox oxunan əsərlərdən biri olan 1984 romanının müəllifi, gələcəyin memarlığına niyə qarşı çıxır?” Söhbət Sagrada Familia bazilikasından gedir. Antonio Qaudinin möhtəşəm əsəri, mənə görə memarlığın şah əsəridir. Əsər o qədər möhtəşəm planlanmışdır ki, əsr yarımdır bitirə bilmirlər.

Corc Oruell, Sagrada Familia ilə bağlı belə deyib: “Barselonaya gələndən sonra ilk dəfə dünyanın ən çirkin tikililərindən biri sayıla biləcək müasir bazilika olan Sagrada Familia-nı görməyə getdim. Bazilikanın dörd dirəyi var, çoxsaylı boşluqlarla deşilmiş və silueti isti şərab butulkalarını xatırladır. Barselona kilsələrinin əksəriyyəti inqilab zamanı dağıdılmadı, onun “bədii dəyəri” üçün qorunduğu deyilirdi. Düşünürəm ki, anarxistlər fürsət tapdıqca onu partlatmamaqda zəif zövq göstərdilər...”

Sagrada Familia
Sagrada Familia

Ədəbiyyatda fantast yazıçılar olduğu kimi, memarlıqda da zəngin təxəyyülə malik ustalar var və bu ustaların ən parlaq nümayəndələrindən biri də Antonio Qaudidir. Məhz onun sayəsində Barselona dünya mədəniyyətinin dəyərinə çevrilmişdir. Maraqlıdır ki, iki fantastik düşüncəyə sahib insan, iki gələcək yönümlü şəxsiyyətdən biri digərinin düşüncələrini qəbul etmir.

Maraqlıdır Oruell günümüzdə yaşasaydı fikirləri fərqli olardı? Ətrafda bu qədər çirkin binalar varkən hələ də Sagrada Familianı çirkin hesab edib sökülməyini istəyərdi?

Və ya, mən o dövrdə yaşasaydım, sıradan bir insan olaraq, Corc Oruellin əsərlərini oxuyub onu sevənlərdən biri kimi qalsaydım, onun bu müsahibəsindən sonra Sagrada Familia haqqında nə düşünərdim? Hansına inanardım? Sevdiyim yazıçının fikrinəmi, yoxsa gözlərimin qarşısında dayanan möhtəşəmliyə?

Bəlkə də həyatda bir, yox bir neçə doğru vardır?

Qaudi kimdir?

Qaudi universitetə beşinci cəhdində ​​daxil olmuşdur. Belə ki, ilk imtahanda ondan qəbiristanlıq üçün dəmir bir hasar çəkməsi istəniləndə, o, yağış altında addımlayan dul bir qadını və tabutun arxasınca sürünən balaca bir iti təsvir edir. Təsvirin yalnız ən künc hissəsində çuqun hasar görünürdü. Təəccüblənmiş komissiyaya gənc bunu belə izah etdi: “Hadisənin bütün kədərini hiss etmədən, bu dəmir naxışların nə üçün və hansı anda lazım olacağını anlamadan mən onları necə çəkə bilərəm?”

İmtahan uğursuzluqla nəticələnir. Növbəti il qəbul zamanı riyaziyyatdan boşluqlar aşkarlanır, bir il sonra isə həndəsədən. Nəticədə, Qaudi yalnız beşinci il bütün imtahanlarını uğurla keçə bilir.

Sağlığında Qaudiyə qarşı münasibət birmənalı deyildi. Bəziləri onu dahi adlandırır, əsərlərini gözəlliyinə və icra mürəkkəbliyinə görə tərifləyirdi. Digərləri isə memarı qəribə, hətta dəli hesab edir, onun yaradıcılığını həddən artıq ekstravaqant və qeyri-praktik hesab edirdilər.

Qaudi, qapalı, həndəsi cəhətdən düzgün fəza formalarına nifrət edirdi. O, hesab edirdi ki, düz xətt insan məhsulu, çevrə isə Allahın yaratmasıdır. Onun üçün kamillik modeli toyuq yumurtası idi.

Qaudi Oruellin müsahibə verdiyi nəşri görəcək qədər yaşamadı. Onu 7 iyun 1926-cı ildə tramvay vurdu və bir müddət huşsuz qaldı. Taksiçilər səliqəsiz paltarına və şəxsiyyətini təsdiq edə bilmədiklərinə görə onu evsiz hesab etdikləri üçün Qaudini xəstəxanaya aparmaq istəmədilər (ömrünün sonuna yaxın Qaudi şəxsi gigiyenasından demək olar ki, tamamilə imtina etmişdi). Naməlum memarın sonda aparıldığı kasıblar üçün xəstəxanada ona ilkin tibbi yardım göstərildi. Yalnız ertəsi gün Sagrada Familia kilsəsinin keşişi memarı tapır, lakin artıq onun vəziyyəti kritik idi. Və 1926-cı il iyunun 10-da böyük memar vəfat edir.

Sagrada Familia

Qaudinin memarlıq fəaliyyətinin ən yüksək zirvəsi Müqəddəs Ailə Bazilikası, yəni Sagrada Familia hesab olunur. Bu bazilika 1882-ci ildən yalnız ianələr hesabına inşa olunur. Əvvəlcə layihələndirmə başqa bir memara həvalə edilmişdi, lakin bir il sonra Qaudi layihəni öz üzərinə götürür və həyatının 30 ildən çoxunu bu işə həsr edir.

O, öz layihəsini təqdim edir; məqsədi İsanın doğulmasından ölümünə və dirilməsinə qədər onun yer üzündəki həyatı haqqında məlumat əldə edilə biləcək bir “kitab” məbədi tikmək idi.

Sagrada Familia
Sagrada Familia

Qaudi bu layihəni qəbul edərkən, onun qısa zamanda bitəcək bir bina olmadığını anlayırdı. Məhz bu səbəbdən Qaudi layihəni klassik mənada “bitiriləcək” bir obyekt kimi deyil, nəsillər boyu davam edəcək bir proses kimi görürdü. Onun məşhur fikri də bunu ifadə edirdi “Müştərim tələsmir”. Burada “müştəri” Tanrı idi.

Tikintinin uzanmasının əsas səbəblərindən biri də maliyyə modelidir. Sagrada Família dövlət və ya kilsə büdcəsi ilə deyil, əsasən ziyarətçilərin ianələri hesabına inşa olunur. Bu isə tikinti tempini birbaşa təsir altına salır. Digər tərəfdən, Qaudinin ölümündən sonra layihənin davam etdirilməsi ciddi metodoloji problemlər yaratdı. O, ətraflı planlardan çox maketlər və eskizlərlə işləyirdi. 1936-cı ildə vətəndaş müharibəsi zamanı bu materialların bir hissəsinin məhv edilməsi prosesi daha da çətinləşdirdi.

Qaudinin son illərini layihəyə o qədər bağlı keçirdi ki, digər sifarişləri rədd edir və bütün şəxsi vəsaitini inşaat işlərinə yatırırdı. Bazilikanın tikintisi hələ də davam edir və planlaşdırılır ki, 2026-cı ildə tamamlanacaq. İnanclara görə Sagrada Familia-nın tikintisi bitdikdə dünyanın sonu olacaq 🙂

Orvell yazıları ilə danışırdı, Qaudi isə inşa etdikləri ilə. Biri gələcəyin təhlükələrini göstərirdi, digəri isə gələcəyin ruhunu qururdu. Bəs sizcə, Qaudi olmasaydı dünya daha maraqsız olardı, yoxsa Orvell?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir